Müdafiə Nazirliyində pul varsa, bəs niyə xəsislik edir?

“Azərbaycan Ordusunun heç nədən – nə maddi-texniki, nə də təminat baxımından problemi var” – Müdafiə Nazirliyinin sözçüsü belə deyib.

Bunu eşidər-eşitməz şanlı ordumuzun imkanlarına xeyli sevindim. Neçə illərdir bu günü gözləmirdimmi? Güclü və ehtiyacsız ordunun dövlətə verdiyi rahatlıqdan uzun-uzadı yazmağa dəyməz. Ancaq belə bir ordumuzun olması, etiraf edim, bu vaxta qədər gizlətdiyim bir sirrimlə də bağlıdır. Gün gəlib, onu açıqlayım.2003-də Silahlı Qüvvələrdən zabit kimi tərxis olundum. Cəbhə bölgəsində zabit kimi 2 ilə yaxın xidmət etmişdim. Hərbi hissə ilə hesablaşanda bütün zabitlər kimi, mənə də Müdafiə Nazirliyi o vaxt üçün babat miqdar saya biləcəyim qədər – 420 manat borclu qaldı. Bu borc bizə verilməli geyim üçün idi. Xidmət müddətində öz pulumuza aldığımız geyimlərin pulunu hesablaşmada hərbi hissə ödəməkdən imtina etdi. Sonra kasıbçılıq hər dəfə mənə güc gələndə general Əbiyevə məktub yazırdım ki, borcunuzu qaytarın da, öldük ki…

Nazir onlarla məktubumun birinə də cavab vermirdi. Axırda ondan Ombudsman Elmira Süleymanova vasitəsilə cavab aldım ki, “əlimiz aşağıdır, büdcəmiz tarazlaşan kimi üzülüşəcəyik”.

Indi mən tələb edirəm: ya Müdafiə Nazirliyi 8 ildir borclu olduğu pulu mənə qaytarsın, ya da hörmətli Eldar Sabiroğlu çıxıb dediklərini təkzib etsin. Yoxsa ən azı, mən Müdafiə Nazirliyimizin xəsis, kasıb malına göz dikən qurum olduğuna daha dərin və səmimi inam bəsləyəcəyəm.Bir halda ki, ordudan başladıq, elə ordu ilə də davam edək.

Ermənilərin snayperlə vurub öldürdüyü məktəbli Farizi çoxunuz tanıyırsınız. Bu balacanın həyatına qıyanlar ən şiddətli nifrətə layiqdir – məncə, bunu heç birimiz mübahisə mövzusuna çevirməməliyik. Ancaq düşmən dediyin birindən bundan daha artığını da gözləmək olar. O səbəbdən Farizin vəfatına ürəyim ağrısa da, hadisədən təəccüblənmədim.

Sizə, məni təəccübləndirən başqa bir Fariz haqda məlumat verəcəyəm. Bugünlərdə Topçubaşov adına xəstəxanadaydım.  Ürəyində 5 qüsur aşkarlanan 28 yaşlı bir gənclə  söhbətləşdim. Əməliyyata girəcəkdi. Ordan-burda danışdıq, Siyəzən rayonundan olan bu gənc evli və iki qızı olduğunu dedi. 4 il əvvəl qəfildən halı pisləşib və xəstəxanada ona ürəyində qüsur olduğunu bildiriblər. 4 il çəkən yazışmalardan sonra nəhayət, pulsuz əməliyyata düşə bilib. Bilmirəm, necə oldusa, ondan hərbi xidmət çəkib-çəkmədiyini soruşdum. Heyrət, sən demə, onunla bir vaxtda və eyni bölgədə xidmət keçmişik.Ürək qüsuru anadangəlmə bir bəladır. Bir insan əsgər kimi sırada durana qədər azı 4 tibbi komissiyadan keçir. 4 komissiyanın hamısı eyni vaxtda səhlənkar, diqqətsiz ola bilməz. Səhlənkarlıq olubsa belə, bu, cinayət sayılan səhlənkarlıqdır. Ürəyində 5 qüsuru olan insanı “hərbi xidmətə yararlıdır” deyib, orduya yola salan həkimlər ölməyib, onlar indi sağdılar.

Müdafiə Naziri bu işə öz şərəfi kimi baxmalı və dərhal fakt üzrə araşdırmaya başlamalıdır. O gəncə sitəm edən həkim komandasının cəzalandırılması vacibdir.Nəhayət bilin, o siyəzənli gəncin adı da Fariz idi. Barı özümüz farizlərimizi öldürməyək…