«Analoqsuz inkişaf» və Amerika yoxsulları

İnkişaf etmiş ölkələrdə yoxsul kimə deyilir?

Amerikada «yoxsul» Azərbaycanda orta səviyyəli vətəndaşdan yaxşı yaşayır

Yoxsulluq – dünyanın bütün ölkələrinə xas sosial problemdir. Məsələn, Fransa və Rusiyada yoxsulluq həddində yaşayanların sayı eynidir (13%-ə yaxın), ABŞ-da bu göstərici daha yüksəkdir – 14,3%, Avropa Birliyi ölkələrində isə 17%-dir. Təəccüb- lüdür. Ancaq statistika aldatmayıb. Sadəcə olaraq, hər ölkədə yoxsulluq deyəndə tamamilə fərqli şeylər nəzərə alınır. Bəs “avropasayağı” və “amerikasayağı” yoxsulluq nə deməkdir?
Yoxsulluq nədir və iqtisadçılar bunu müəyyənləşdirmək üçün hansı kriteriyalardan istifadə edirlər?
Yoxsulluq – yaşamaq üçün minimum ehtiyaclarını ödəyə bilməyən adamın iqtisadi durumudur.
Dünya Bankı bir günlük gəlirin 1,25 dollardan az olmasını ümumdünya yoxsulluq səviyyəsi kimi müəyyən edib.
Ancaq ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və dünyanın digər inkişaf etmiş ölkələrində yoxsulluğu müəyyən etmək üçün fərqli kriteriyalar müəyyənləşib.

ABŞ-da yoxsul 1000 dollardan artıq pul alır

Rəsmi statistikaya görə, ABŞ-da əhalinin 14,3%-i, (43,6 mln adam) yoxsulluq həddində yaşayır. Bu ölkədə aylıq gəliri 1000 dollar olanlar artıq yoxsul sayılır. Ildən-ilə yoxsulluq səviyyəsinə müəyyən korrektələr edilir. Müxtəlif tərkibli ailələr üçün fərqli yoxsulluq səviyyəsi müəyyən edilir:
Gəliri yoxsulluq səviyyəsindən aşağı olan ailələr dövlət və yaşadığı ştatdan müxtəlif yardımlar alır. Kasıblara, həmçinin müxtəlif sosial və xeyriyyə təşkilatları yardım edir. Özü də bu yardım yalnız bank hesabına oturmur. Kasıb amerikalılar ərzaq talonları, pulsuz yemək, əşıyalar, kafe, restoran, kinoteatrlar, çamaşırxanalardan pulsuz istifadə etmək hüququ əldə edir.
Əgər amerikalı ayda heç olmasa 700 dollar qazanmırsa, bunu yoxsulluğun ən aşağı səviyyəsinə aid edirlər.
Amma! Rəsmən yoxsul hesab edilən amerikalıların 90%-nin evi yaxud mənzili var. ABŞ-ın bütün yoxsullarının avtomobili var (bəzilərində iki, hətta bəzən daha çox).
Bütün yoxsullar mobil rabitədən istifadə edir və evində internetə qoşulu kompüteri var.
Yoxsulların yarısının tibbi sığortası var (Federal, yaxud yerli).
Yoxsul ailələrin 90%-nin övladı təhsil aldığı orta məktəbdə pulsuz qidalana, sinif yoldaşları ilə birlikdə (yenə də pulsuz) ekskursiyaya, muzeyə, sərgi və kitabxanalara gedə bilər.
Pensiyaçılar (yaşı 65-dən artıq olanlar) arasında yalnız 6% yoxsul sayılır. Bunlar da əsasən əmək stajı az olanlardır. Illik gəliri 20,9 min dollardan aşağı olan ABŞ pensiyaçıları gəlir vergisi ödəmir (ABŞ-da orta illik əmək haqqı 44 min dollardan artıqdır). ABŞ-da yemək xərcləri 12,3 faiz təşkil edir. Ona görə də ABŞ pensiyaçılarının istədiyi kimi yaşaması üçün (o cümlədən xarici ölkələrə turist səfərləri, kurortlarda istirahət üçün) kifayət qədər vəsaiti qalır. Baxmayaraq ki, öz ölkəsində onlar dövlətin qayğısına ehtiyacı olan yoxsul hesab edilir.
Gəliri yoxsulluq həddində olan təsərrüfatların 60%-i ən azı bir növ qeyri-maliyyə yardımı, 20%-i isə əlavə maddi yardım alır. Qeyri-maliyyə yardımı ərzaq müavinətləri (hər doqquzuncu amerikalı malları ərzaq kartları ilə alır), tibbi və s. xidmətlərdir.
Ancaq ən əsası – ABŞ dövləti kasıblara yoxsulluqdan qurtulmaq imkanı verir. Bunun üçün ABŞ-da sənət əldə etmək üçün pulsuz kurslar mövcuddur. Işləyən adam nəinki öz gəlirlərinin səviyyəsini artırır, o, eyni zamanda özünün problemsiz qocalığını da təmin edir. Özü də təhsil və işlə təmin olunmaq üçün hər kəsə, o cümlədən pensiyaçılar və əlillərə də yardım edilir. Işləyən amerikalıların yalnız 2,6%-i yoxsulluq həddində yaşayır. Ona görə də amerikalı kasıbın həyat səviyyəsi ilə digər ölkələrdə yoxsulluq həddində yaşayanları müqayisə etmək çətindir.

Avropasayağı yoxsulluq nə deməkdir?

27 ölkənin üzv olduğu Avropa Ittifaqında yoxsulların sayı ABŞ-da olduğundan bir qədər artıqdır: 17%, bu da 85 mln adam deməkdir (Avropanın böyük ölkəsi olan Almaniyanın əhalisindən çox). Analitiklərin hesablamalarına görə, ən çox yoxsul keçmiş sosialist düşərgəsi ölkələrinin payına düşüb – Latviya (26%), Rumıniya (23%), Bolqarıstan (21%), Litva (20%). Paradoksal olsa da, ən az yoxsul da elə keçmiş sosialist ölkəsi olan Çexiyadadır (9%). Almaniyada bu göstərici 15%, Isveç, Danimarka və Avstriyada 12%-dir.
Avropa Ittifaqı ölkələrində gəliri yaşadığı dövlətdəki orta əmək haqqının 60%-dən az olanlar yoxsul sayılır. AI ölkələrində əmək haqqı fərqlidir. Lüksemburqda yoxsul sayılmaq üçün illik əmək haqqın 18,5 min avrodan aşağı olmalıdır. Danimarkada yoxsulluq səviyyəsi 14,5 min, Irlandiyada 13,7 min, Böyük Britaniyada 13,1 min, Isveçdə 12,1 min, Finlandiyada 11,9 min, Almaniyada 10,9 min avrodur. Ən aşağı səviyyə Rumıniya (1,1 min) və Bolqarıstandadır (1,3 min).
Avropada yoxsulluq gəlirlərin səviyyəsi deyil, maddi nemətlərin mövcudluğu ilə müəyyən edilir. Avrostat (Avropa statistika agentliyi) 9 maddi nemət növü müəyyənləşdirib: heç olmasa bir gündən bir ətlə (balıq, quş) qidalanmaq, avtomobil, paltaryuyan maşın, evdən kənarda heç olmasa həftəlik məzuniyyət keçirmək imkanı, gözlənilməz xərcləri ödəmək imkanı (yəni yatırımların mövcudluğu), mənzildə lazımi temperaturu tənzimləmək imkanı və s. Bunlardan üçü olmadığı halda ailə yoxsul sayılır.
Yoxsul avropalılar dövlətdən yardım alır. Məsələn, Almaniyada yetkinlik yaşına çatmamış iki uşaqlı ailə nəinki müavinət (ayda 1,1 min avro), həmçinin 90 kv metrə qədər sahəsi olan mənzil, pulsuz kommunal xidmətlər və digər imtiyazlar əldə edir.
Amerikadan fərqli olaraq bəzi işləyən almanlar da dövlətdən imtiyaz alır. Ona görə də əlavə olaraq 1,3 mln alman yoxsulluğa görə sosial müavinət alır.
Skandinaviya ölkələrində (Finlandiya, Isveç, Norveç, Danimarka) cəmiyyət quruluşlarının belə bir sosial modeli var ki, yoxsul əsl marginallar olur (məsələn, narkomanlar). Bu ölkələrdə “sosial razılaşma” var – varlılar kasıbların yerinə ödəyir (Məsələn, Danimarkada ÜDM-in 2/3 hissəsi vergi sistemi vasitəsi ilə bölüşdürülür). Bu ölkələrdə hər beşinci adam sosial müavinətlər hesabına yaşayır (işsizlik, əmək qabiliyyətinin itirilməsi). “Uzunmüddətli yoxsulluq” ümumiyyətlə, skandinavlar üçün tipik deyil.
Avropalılar yeməyə amerikalılar qədər xərcləyir. Məsələn, Fransada bu, gəlirlərin 14%, Böyük Britaniyada 11%-ni təşkil edir. Avropalı yoxsulların nəinki uzunmüddətli istifadə mallarını (məişət texnikası, avtomobil) almağa, həmçinin yatırım qoymağa, sığorta almağa, təhsil və tibbi xidmətlərə imkanı çatır.

Azərbaycanda yoxsul kimə deyilir?

Hökumət ölkə əhalisinin yalnız 9%-nin yoxsulluq səviyyəsində yaşadığını desə də, əslində vəziyyət xeyli fərqlidir. Hətta rəsmi statistika gəlirləri 75 manatdan aşağı olan 500 min adamın yoxsulluğa görə müavinət aldığını deyir. Eyni zamanda ölkədə orta illik əmək haqqı 3339 manatdır.  Əmək pensiyaçılarının 70%-ə yaxını minimum, yəni orta hesabla 90 manat pensiya alır.
Iqtisadçı-ekspertlər Azərbaycanda Avropada olduğu kimi yoxsulluğun səviyyəsinin metodologiya əsasında ölçülmədiyini deyirlər. Bu metodologiyalar Azərbaycanda da tətbiq olunsa, ekspertlərin fikrincə, ölkəmizdə yoxsulların sayı hökumət rəsmilərinin açıqladığı rəqəmdən qat-qat artıq olar.  Üstəlik, Avropa və ABŞ-dan fərqli olaraq, Azərbaycanda yoxsullar üçün heç bir imtiyaz nəzərdə tutulmayıb.

Fizzə Heydərli