Steynar Gil: “Hətta Suriya və Liviya kimi ölkələrdə belə hakimiyyət xalq çıxışlarını yatıra bilmədi”
“İnsan hüquqları daxili problem deyil və beynəlxalq birlik onun pozulmasına göz yummayacaq”
“Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev bu günlərdə Osloda olarkən Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gillə görüşərək ondan müsahibə alıb. Müsahibəni cüzi ixtisarla təqdim edirik:
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil vaxtilə ölkədə fəalyyət göstərmiş ən tanınmış və hörmətli xarici diplomatlardan biridir. Eyni zamanda o, hakimiyyət tərəfindən sevilməyən səfirlərdən biri olub. Yalnız onu demək yetər ki, nə dövlət başçısı, nə də XİN rəhbəri onunla vidalaşmayıb ki, bu da hakimiyyətin onu sevməməsinin təzahürüdür.
Lakin Gil demokratik ictimaiyyət üçün demokratik cəmiyyətin nümayəndəsinin, qərb dəyərlərinin daşıyıcısının ən yaxşı cəhətlərini özündə birləşdirən şəxsdir. Bu gün Azərbaycan siyasətçiləri, jurnalistlər, hüquq müdafiəçiləri və sıravi vətəndaşlar Steynar Gili tez-tez yada salır, hər yeni gələn səfiri istər-istəməz onunla müqayisə edirlər. Bədbəxtlikdən, ya xoşbəxtlikdən bu cür adamları Azərbaycana çox az təyin edirlər.
Osloda olarkən mən skandinaviyalı dostumuza baş çəkmək fürsətini əldən verə bilməzdim. Norveç Helsinki Komitəsindən olan dostların köməyilə Steynar Gili tapa bildim və o, məmnuniyyətlə görüşə gəldi və Turan agentliyinə müsahibə verdi.
Bu illər ərzində cənab səfir heç dəyişməyib: yenə həmişəki şərt baxışlar, lakin gülümsəyən kimi həmin baxışlardan əsər-əlamət qalmır və onun açıq mavi gözləri parlayır. O, əvvəlki kimi az danışır və təmkinlidir, onun emosiyalarını tutmaq asan deyil.
“Fevralın 1-də istefaya çıxmışam, hazırda dərs deyirəm və kitab yazıram” deyən Gİl ötən həftə Azadlıq Forumunun keçirildiyi Norveç Milli Teatrında mənimlə söhbətinə bu sözlərlə başladı:
– 2006-cı ildə Azərbaycandan getdikdən sonra oradakı dostlarımla əlaqələrimi kəsməmişəm. Və Litvada səfir işlədiyim 4 il ərzində Azərbaycanın və onun adamlarının taleyinə etinasız deyildim, üstəlik mən daim vəziyyətin pisləşdiyini görürdüm.
– Azərbaycan hakimiyyəti sizi qeyri-obyektiv və Azərbaycanı sevməyən adam adlandırırdı, sizin diplomat etiketini pozduğunuzu bəyan edirdi. Necə oldu ki, hakimiyyətlə münasibətləri korladınız?
– Hər şey 2003-cü il seçkilərindən, hətta bundan əvvəl – 2002-ci ilin dekabrında başlamışdı. Xanımım mənə zəng vuraraq bildirdi ki, şəhərin mərkəzində polis adamları döyür. Mən dərhal ora getdim və öz gözlərimlə gördüm ki, yerdə huşunu itirərək uzanan adamları dəyənəklə başlarından vururlar. Bu, bizim üçün çox sarsıdıcı hal idi və mən bütün bunları pislədim. 2003-cü ilin oktyabrında prezident seçkiləri keçiriləndə polis yenidən meydanda adamları döyməyə və həbs etməyə başladı. Bir neçə adam mənə müraciət edərək sığınacaq istədi. Bunlar Rauf Arifoğlu, İlqar İbrahimoğlu və Elmar Hüseynov idi. Birinci iki nəfər 3-4 gün qaldı, Elmar isə getdi. Onların müraciətinə həbs və oğurlanma təhlükəsi səbəb idi. Mən kömək istəyən adamlara yardım etməyə bilməzdim, üstəlik ətrafda baş verənlər göstərirdi ki, onların narahatlığı əsaslıdır. Onu demək yetər ki, İlqar İbrahimoğlunu elə məsciddə həbs etmək istəyirdilər. Eyni zamanda mən özüm də çətin vəziyyətdə idim, çünki onları uzun müddət öz yanımda saxlaya bilməzdim. Ona görə də əvvəlcə öz rəhbərliyimə müraciət etdim və onların dəstəyini aldım, sonra isə Azərbaycan hakimiyyətilə əlaqə saxlayaraq tələb etdim ki, mənim iqamətgahımda sığınacaq tapanlara qarşı güc tətbiq olunmayacaq. Mən başa düşmüşdüm ki, hakimiyyət onları həbs edəcək, lakin heç olmasa yol verə bilməzdim ki, hakimiyyət başqalarına etdiyini onlara da etsin. Çox şad idim ki, bunu edə bildim və mən Xələf Xələfovu (xarici işlər nazirinin müavini) və DİN rəhbərliyini mənim tələblərimi qəbul etməyə razı sala bildim. Lakin sonra məni aldatmağa cəhd göstərdilər. Belə ki, ertəsi gün Rauf Arifoğlu mənə zəng edərək dedi ki, onun olduğu binanın qarşısına mülki geyimli şəxslər toplaşıblar. Onları Arifoğlu ilə haqq-hesab çəkməyə göndəriblər. Mən dərhal DİN-ə zəng etdim və açıqlama tələb etdim. Özüm isə hadisə yerinə getdim. 15 dəqiqədən sonra polislər gəldilər və mənim gözlərimin qabağında camaatı dağıtdılar. Bundan sonra mənə zəng edərək bildirdilər ki, orada heç kim olmayıb, bu, mənə belə görünüb (gülür).
– Bu cür hallar avropalılar tərəfindən necə qəbul olunur?
– Əlbəttə, fərq böyükdür. Məsələn, korrupsiya bizdə də var. Lakin sizin cəmiyyətdə bu, tamamilə başqa cürdür. Və ya seçkilər necə keçirilir. Sizin xadimlərdən biri deyib ki, seçkilər xalqın öz iradəsini ifadə etməsi deyil, hakimiyyətə “hörmətdir” (gülür). Elə təəssürat yaranır ki, “Əli və Nino” əsərinin yazıldığı dövrdən heç nə dəyişməyib. Zənnimcə, seçkilərin necə keçirilməsilə bağlı tənqidlərim hakimiyyəti daha çox qıcıqlandırdı. 2003 və 2005-ci illərdə belə idi.
– Razısınız ki, diplomat fəaliyyəti çərçivəsindən kənara cıxmışdınız?
– Yox, insan hüquqları, onun təhlükəsizliyindən, hətta onun həyatından söz gedəndə laqeyd qalmaq olmaz. Diplomatik etiket nədir? Bu, sizin ətrafa münasibətinizdir. Özünü elə göstərmək olar ki, guya görmürsən və eşitmirsən, bəs sonra necə yaşayacaqsan?
Mən tez-tez Azərbaycan mətbuatında çıxış edirdim və öz rəyimi bildirirdim. Bəzən sizin jurnalistlər mətbuat üçün demədiklərimi də dərc edirdilər və bu da hakimiyyəti daha çox qıcıqlandırırdı. Düşünürəm ki, bəlkə də bəzi şeyləri demək lazım deyildi, ancaq ümumilikdə heç nəyə təəssüflənmirəm.
– Hakimiyyət sizdən narazı olduğunu necə bildirirdi?
– Mənə heç kim birbaşa nəsə deməyib. Əvvəlcə nazir Vilayət Quliyev idi, sonra Elmar Məmmədyarov və onların hər ikisi mənimlə mehriban danışırdılar. Sizin hakimiyyət ən çox mənim rəhbərliyimə şikayət edirdi. Xoşbəxtlikdən mənim ölkəm üçün insan hüquqları böyük əhəmiyyət daşıyır və Norveç XİN məni dəstəkləyirdi, lakin etiraf edim ki, hamısı yox.
– Gəlin, siyasi mövzulardan bir qədər kənara çəkilək. Siz mərhum Elmar Hüseynovu yaxşı tanıyırdınız. Onu necə xatırlayırsınız?
– Bilirsiniz, “Monitor” jurnalının bütün sayı indiyədək məndə qalır və mən indiyədək onları vərəqləyirəm, təzədən oxuyuram. Elmar çox istedadlı, cəsarətli, bacarıqlı adam idi. Mən hər həftə özüm gedib jurnalı alırdım. Ölümündən bir qədər əvvəl o, mənim qonağım idi. Bilirdi ki, ciddi təhlükə var, lakin heç yerə getmək istəmirdi.
– Onu getməyə razı sala bilmədiyinizə təəssüf edirsiniz?
– Əlbəttə, heyfsilənirəm. Əgər onu razı sala bilsəydim, sağ qalardı və daha çox işlər görərdi. Ancaq bu, onun qərarı idi və hörmətə layiqdir. Ona buradan getməyi təkcə mən təklif eləməmişdim, başqa səfirliklər də bunu etmişdilər, çünki hamı vəziyyəti hiss edirdi, anlayırdı.
Lakin o, siyasi mühacir olub başqa ölkədə sosial yardım hesabına yaşamaq istəmədi. Onun qətlinin üstünün açılmaması da nələrdənsə xəbər verir…Martın 2-də mən Moskvada idim. Bakıdan Eynulla mənə zəng elədi və bu dəhşətli xəbəri verdi. Mən şokda idim. Təəssüf edirəm ki, onu son mənziıə yola sala bilmədim.
Yeri gəlmişlən, Eynulla Fətullayevin də işi səciyyəvidir və hakimiyyətin Avropa dəyərlərinə və öz öhdəliklərinə münasibətini göstərir. Təsəvvür eləmək çətindir ki, Avropa Şurasının hansısa bir üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına məhəl qoymasın.
– Bu cür siyasi rejimləri necə qiymətləndirirsiniz?
– Avtoritar və ya diktator rejimləri bir çox halda bir-birinə bənzəyir, hərçənd ki, zahirən fərqlidir. Həmin rejimlərin gücü xeyli dərəcədə xüsusi xidmətlərin rolunda, gücündə və ümumilikdə susdurma aparatındadır.
Azərbaycanda bu qüvvə böyükdür. Bu alət kifayət qədər uğurla işləyir, lakin hərdən o da “xarab olur”. Ərəb dünyasındakı vəziyyətə baxın. Hətta Suriya və Liviya kimi ölkələrdə belə hakimiyyət xalq çıxışlarını yatıra bilmədi və yüzlərlə qurbana baxmayaraq, onlar davam edir. Yarım il bundan əvvəl heç kim bunu təsəvvür edə bilməzdi. Bu, onu göstərir ki, cəmiyyətdə şüur inkişaf etdikcə, repressiv aparatın qarşısında qorxu əriyir, aparatın özü isə qüvvəsini itirməyə başlayır.
Yadda yaxşı saxlamaq lazımdır ki, insan hüquqları daxili problem deyil və beynəlxalq birlik onun pozulmasına göz yummayacaq, ancaq vətəndaş cəmiyyəti özü də fəal olmalıdır, siyasi mübarizə qurbansız ötüşməyəcək.