Əhmədinejaddan Xamneyiyə əzələ nümayişi

Dini liderlə «soyuq savaş» dönəmi yaşayan prezident özünü neft naziri elan etdi

Son günlər Iranın ali dini lideri Əli Xamneyi ilə münasibətlərinin gərginləşdiyi söylənilən prezident Mahmud Əhmədinejad özünü neft naziri elan edib. Bu barədə məlumatı “CNN Türk” yayıb.
Mahmud Əhmədinejad özünü müvəqqəti olaraq bu vəzifəyə təyin edib. Bununla da Iran prezidenti ölkədəki ən strateji sahədə məsuliyyəti öz üzərinə götürüb.
Bu arada Iranın keçmiş prezidenti Məhəmməd Hatəmi Əhmədinejadla Xamaneyi arasında son vaxtlar yaranmış ixtilafa toxunub. Eks-prezident ölkədə hər hansı qarşıdurma yaranmasından dövlətin zərər görəcəyindən narahat olduğunu vurğulayıb: “Mən həqiqətən ölkədə yaranmış bu qarşıdurmalardan narahatam. Bu gün ölkədə bir tərəfdə həddən artıq özündən məmnunluğun, digər tərəfdə isə nifrətin şahidi olursan. Bunların ikisinin üz-üzə gəlməsindən qorxmaq və Allaha pənah aparmaq lazımdır”.
Hatəminin fikrincə, ölkəni indikindən qat-qat yaxşı idarə etmək olar: “Ölkə iqtisadiyyatının irəlilədiyini iddia edən prezident Əhmədinejad çıxışlarının birində deyib ki, son vaxtlar Iranda 2 milyon yarım iş yeri açılıb. Lakin baxdıqda məsələnin tam tərsinə olduğu görünür. Iqtisadi dirçəliş və inkişaf tempi çox zəifləyib, aşağı düşüb. Iş yerləri və işlə təmin edilmə məsələsi bərbad vəziyyətdədir. Istehsal bütün sahələrdə dayanıb və ziyana uğrayıb. Iqtisadi inkişaf tempinin bu qədər aşağı olduğu bir vaxtda 2 milyon yarım iş yerinin açılmasından nə cür danışmaq olar? 2 milyon yarım iş yerinin açıldığını o vaxt iddia etmək mümkündür ki, ölkə iqtisadiyyatının inkişafında ən azı 20 faiz irəliləyiş olsun”.
Keçmiş prezident ölkədə neft gəlirlərinin artmasına baxmayaraq, ciddi sosial problemlərin olduğunu da söyləyib. Onun sözlərinə görə, son 100 ildə neftin satışından 1 trilyon dollar gəlir əldə edilib ki, bu rəqəmin 450 milyard dolları son 5-6 ilin neft gəlirləri ilə bağlıdır. Amma məmləkətin də vəziyyəti bu gəlirə uyğun yaxşılaşmayıb.

İnformasiya şöbəsi