guardian

“Guardian” da Əliyevi “Eurovision”la “vurdu”

Avropanın iki diktatorundan birini dəyişmək şansı yaranıb

 

İngiltərədə nəşr olunan, Avropanın, eləcə də dünyanın nüfuzlu nəşrlərindən biri “The Guardian” qəzetində Azərbaycanın “Eurovision 2011” musiqi yarışmasında birincilik qazanması ilə bağlı məqalə dərc edilib. Aslan Amani imzasıyla yayımlanan ““Eurovision” Azərbaycanı dəyişdirə bilər” başlıqlı yazıda qeyd olunur ki, yarışmaya ev sahibliyi edəcək Azərbaycandakı diktatura idarəçilik sistemində islahatlar məcburiyyəti yaranacaq.
Məqaləni qısa ixtisarla təqdim edirik:

 

***

“Eurovision”u izləyənlər festivalda siyasi çalarlar axtarır və Arvopa Parlamentindəki fraksiyaların yarışmanın nəticələrinə təsir göstərmək gücündə olduğunu düşünürlər. Yarışmanın qalibi olan ölkə növbəti il keçiriləcək “Eurovision”a ev sahibliyi edir…
Turnirin 2011-ci ildəki qalibi Eldar və Nigar cütlüyünün təmsil etdiyi ölkə Avropanın və beynəlxalq təşkilatların hesabatlarında insan haqlarının həddən artıq pis vəziyyətinə görə tənqid olunan Azərbaycandır. “Eurovision”dan 4 gün öncə Avropa Parlamenti Azərbaycanda insan haqları və demokratiyanın kəskin şəkildə məhdudlaşdırılmasına görə sərt qətnamə qəbul etdi. Bu kimi siyasi çalarlarla seçilən Azərbaycanın Avropanın ən nüfuzlu incəsənət turnirində qalib gəlməsi yarışmaya xüsusi rəng qatır.

Əliyev rejimi demokratik institutların tamamilə məhvinə çalışır

Azərbaycandakı enerji ehtiyatları Əliyevin hakimiyyətdə qalmaq şansını artırmış kimi görünə bilər. Əliyev rejimi artan təbii ehtiyatlardan gələn gəlirlərlə həm Azərbaycanda, həm də ölkənin xaricində özünə dəstəkçilər satın ala bildi. Bu yolla repressiv hakimiyyəti qoruyub saxlamağı bacardı. Neft gəlirləri hesabına satın alınmış dəstək qruplarına güvənən Əliyev rejimi ölkədə demokratik institutların tamamilə məhv olmasına çalışır. Ötən il keçirilən parlament seçkiləri zamanı 125 yerlik qanunverici orqanda müxalifətə 1 nəfər də olsun yer verilmədi.

İnqilab dalğası Xəzər sahillərində

Ancaq Ərəb dünyasını bürüyən inqilab dalğası Xəzərin qərb sahilinə də çatdı. Onlarla müxalifət tərəfdarı Bakının mərkəzi meydanlarında dinc aksiya keçirdiklərinə görə məhkəmə qarşısına çıxarıldılar. Ötən həftə gənc fəal narkotik maddələrin istifadəsi ittihamı ilə 2 il 6 ay azadlıqdan məhrum olundu. Onun “Facebook” sosial şəbəkəsində hakimiyyətə qarşı Misir inqilabına oxşar dinc etiraz aksiyalarına start verilməsi haqda dostlarıyla apardığı müzakirələrdən sonra həbs edilməsi fakt olaraq qalır. Başqa bir gənc fəal, Harvard Universitetinin məzunu, deputatlığa keçmiş namizəd də həbs olunub.

Neft pulları hesabına varlanan İlham Əliyev…

“Eurovision” yarışmasının Azərbaycanda keçirilməsi ölkəböyü aparılan repressiyaların azalmasına, siyasi şəffaflığın nisbətən artmasına və neft pulları hesabına varlanan İlham Əliyevin ərəb inqilablarından sonra artan narahatlığına son qoya bilər. Bunlar beş müxtəlif istiqamət üzrə baş verə bilər.

Viza sistemi dəyişdirilməlidir

Birincisi, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərin, hüquq müdafiəçilərinin və xarici jurnalistlərin ölkəyə daxil olmasından narahatlıq keçirdiyi üçün qadağa qoyduğu hava limanlarında viza verilməsi sistemini yenidən bərpa etməli olacaq. Hazırki qaydalar hakimiyyətə beynəlxalq təşkilat təmsilçilərinin və hüquq müdafiəçilərinin ölkəyə daxil olmasına maneələr yaradır. Onların ölkəyə daxil olmaq istəyi ilə bağlı müraciətlər ya rədd olunur ya da gec cavablandırılır. Bu  müddət ərzində əldə edilmiş zamandan istifadə olunmaqla siyasi məhbuslarla bağlı imitasiyalar etmək imkanı yaranır. Hazırki viza sistemi dəyişdirilməlidir. Çünki Azərbaycanın Avropanın bütün ölkələrində, iri şəhərlərdə səfirlik-konsulluq korpusu fəaliyyət göstərmir. Bu isə “Eurovision” iştirkaçılarına və yarışmanı canlı izləmək istəyənlərə, turistlərə Azərbaycana gəlmək üçün əlavə problemlər yaranması deməkdir.

Avtoritar rejimə əlavə problemləri kim və necə yarada bilər

İkincisi, hökumət administrativ fəaliyyətdən daha effektiv fəaliyyətə keçmək məcburiyyətində qalacaq. “Transparency International” təşkilatı Azərbaycanı dünyanın İran, Liviya və Pakistan kimi korrupsiyalaşmış ölkələrindən də çox korrupsiyalaşmış ölkə hesab edir. Azərbaycan hökuməti “Eurovision”u yarışmanın sonuncu təşkilatçısı Almaniya kimi keçirmək fikrinə düşsə, ölkədə geniş infrastruktur sahələrinin yaradılmasına çalışacaq. Bir il ərzində buna nail olmaq və “Eurovision”a layiqli ev sahibliyi etmək çətin olsa da, mümkündür. Bunun reallaşması üçün yerli və beynəlxalq fondların yardımına, işçi qüvvəsinə ehtiyac var. Yerli infrastrukturun inkişafı qaçılmazdır. Hökumət lazımi işləri görməsə 2012 –ci ilin yazında yerli və beynəlxalq ictimaiyyətin sərt etirazı ilə üzləşəcək. Bu da avrtoritar rejimə əlavə başağrısı deməkdir.

Azərbaycan hansı yolu seçəcək?

Üçüncüsü, “Eurovision” yarışmasının keçirildiyi 1 həftə ərzində Avropanın bütün diqqəti Azərbaycana yönələcək. Belə hal əvvəllər heç vaxt olmayıb. Bütün diqqətlərin Azərbaycanda olması ölkənin gələcəyi baxımından olduqca önəmlidir. Bu zaman 2008-ci il Pekində keçirilən Yay Olimpiya oyunlarını xatılramaq lazımdır. Həmin günlər bütün dünya Çinin avtoritar imicini dəyişdirmək şansı qazandığını düşünürdü və bunun da nəticəsi olacağına ümid edirdi. Lakin bütün ümidlər alt-üst oldu. Ancaq “Eurovison”un Azərbaycana müsbət dəyişikliklər gətirəcəyinə dair əsaslar mövcuddur. Azərbaycan hakimiyyəti 2008-ci ildə Çinin dəyərləndirə bilmədiyi avtoritar idarəçilik imicini düzəltmək imkanı qazanıb. Olimpiya oyunları ilə “Eurovision” yarışmasını hərtərəfli müqayisə etdikdə musiqi festivalının sırf Avropa layihəsi və Avropa cəmiyyətinin xüsusi diqqətində olduğunu görərik. Həm də Azərbaycan Çin kimi dünya gücü ilə müqayisə oluna bilməz. Azərbaycan kimi kiçik ölkə Çin qədər beynəlxalq ictimaiyyətin insan hüquqlarına dair tənqidlərinə uzunmüddət dirəniş göstərmək gücündə deyil.

Bakı kütləvi etirazların mərkəzinə çevriləcək

Dördüncüsü, yarışma ərəfəsi və gedişi zamanı Bakı küçələrində insanların kütləvi qatıldığı tədbirlər baş tutacaq. Bu da rejimin gənclərin keçirdiyi etiraz aksiyalarına polislərin sərt müdaxiləsi və ciddi narahatlıq adətini unutması deməkdir.

Avtoritar rejim nəyi bacarmayıb?

Və nəhayət, lakin sonuncu olmayan əsas amil – Azərbaycanın “Eurovision” yarışmasında qalib gəldiyinə sevinən sadə vətəndaşlar küçələrə və mərkəzi meydanlara axışaraq ölkənin zəfərini qeyd etdilər. Bu da göstərdi ki, uzun illər avtoritar rejim  dinc aksiyaların keçirilməsinə qadağalar qoysa da, repressiya həyata keçirsə də, ölkədə kütləvi aksiyalar ənənəsini tamamilə məhv etməyi bacarmayıb.

Avropanın iki diktatordan birini dəyişmək şansı

Bütün bunlar bir o qədər də mühüm amillər kimi görünməsə də, siyasi dəyişikliklərə və zəif avtoritar hakimiyyətlərin devrilməsinə stimulverici hadisələr ola bilər. “Eurovison” yarışması Avropanın iki diktatorluğundan birində müəyyən qədər şəffaflığın yaradılmasına yardım etmək üçün Avropa cəmiyyətinə şans verib.

Redaksiya qeydi: Müəllif ikinci diktatorluq kimi şübhəsiz, Belarusu nəzərdə tutur, çünki Belarus prezidenti Aleksandr Lukaşenko artıq çoxdan ən yüksək səviyyələrdə Avropanın diktatoru elan olunub. İndi belə görünür ki, İlham Əliyevin də bu ada layiq olduğu qərarına gəliblər.

Siyasət şöbəsi