Suriyanın keçmiş vitse-prezidenti: «Yaxın bir ay ərzində Əsəd diktaturası devriləcək»
Bəşər Əsəd rejiminə qarşı etirazların mərkəzinə çevrilən Suriyanın Dəraa şəhərində sakinlər kütləvi məzarlıq aşkarlayıblar. Məzarlıqda onlarla meyit, həmçinin qadın və uşaq cəsədinin olduğu bildirilir.
Kütləvi məzarlıq şəhərin qədim hissəsində, komendant saatından sonra aşkarlanıb və hakimiyyət nümayəndələri onu tez nəzarətə götürüb. Məzarlıqda təxminən 20 insan meyitinin olduğu deyilir. Bundan başqa, şəhərin kənarında 13 meyitin olduğu daha bir məzarlığın aşkarlandığı da xəbər verilir.
Bu arada Suriyanın keçmiş vitse-prezidenti, hazırda Fransada mühacir həyatı yaşayan Əbdul Xalim Həddam Bəşər Əsədin yaxın 1 ay və ya ayyarım ərzində hakimiyyətdən devriləcəyini bildirib. “La Vanguardia” qəzetinə müsahibə verən Həddamın sözlərinə görə, dünya ictimaiyyəti Bəşər Əsəd hakimiyyətinə qarşı iqtisadi və hərbi sanksiyaları daha da sərtləşdirməlidir.
“Dinc aksiya keçirərək azadlıqlar tələb edən xalqı tanklarla susdurmağa çalışan Bəşər Əsəd rejiminin tezliklə sona çatacağına və Suriyada diktaturaya son qoyulacağına əminəm. Suriyada başlanan etiraz dalğası bir partiyanın apardığı mübarizə deyil. Bu, ümumxalq üsyanıdır”,- deyə Suriyanın eks vitse-prezidenti bildirib.
Həddam Suriya təhlükəsizlik qüvvələrinin əməkdaşlarının Iranda təlimlər keçdiyini də söyləyib. Onun sözlərinə görə, Iran xüsusi xidmət orqanları Suriya hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bəşər Əsəd rejiminə qarşı etiraz dalğasının yatırılması üçün Irandan Suriyaya xüsusi məsləhətçilər göndərilib.
Eks vitse-prezident müsahibənin sonunda Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada tam demokratik bir hakimiyyətin qurulacağına əmin olduğunu da vurğulayıb.
İnformasiya şöbəsi