Azərbaycanın Avropa uğuru

Azərbaycan Avropada uğur qazandı. Indi bunu, demək olar, hamı belə başa düşür. Əliyevçi hakimiyyət də bunu xalqa bu cür çatdırmağa çalışır. Ancaq… Ilham Əliyevlə Mehriban Əliyevanı önə çəkməklə. Sonuncular Nigarla, Eldarla birgə şəkil çəkdiriblər. Bu şəkillə də onlar Avropada qazanılan uğura ortaq olduqlarını göstərmək istəyirlər. Olsun, qoy bizim dünyadakı uğurlarımız çox, çox, lap çox olsun! Ilham Əliyevlə Mehriban Əliyeva da bu uğurlara ortaq olsun. Ancaq ortada doğru-düzgünlük olsun.

Ortada doğru-düzgünlük olması üçün gərək 40 illik əliyevçi yönətim sistemi aradan qalxsın. Bu sistem yaranışından əyri olduğuna, yalan, yaltaqlıq, rüşvət, korrupsiya, klançılıq üzərində qurulduğuna görə! Əliyevçi rejim illərdir Avropa qarşısında bu əyrilik sistemindən Avropa dəyərlərinə uyğun doğruluq-demokratiya sisteminə keçmək öhdəliyi götürüb. Ata Əliyev bu yöndə 10 il Avropanı aldatdı: demokratiyaya yavaş-yavaş keçəcəyini bildirdi. Bəlli ata kursuna miras kimi yiyələnən oğul Əliyev də, az qala 10 ildir Avropanı özünün demokratiyaya keçid yalanları ilə aldadır. Bu yalanlara görə Əliyevlər hakimiyyətini Avropanın azacıq qınağı süngüylə qarşılanır: “ikili standartlar”, “qərəzli yanaşma” kimi standart reaksiyalar işə düşür.

Avropanın, doğru-düzgün, əliyevçi rejim gerçəkliyinə bağlı neqativ dəyərləndirmələrini illərlə düşmənçiliklə qarşılayanlar bilməlidirlər: Avropa onlara gözəl bir sürpriz elədi. Bunu əliyevçi despotik rejimə verilən özümlü bir kredit də saymaq olar, eləcə reverans da. Məncə, bu görsənişin siyasi kredit yükü daha artıqdır. Ilham Əliyev rejimi çox ustalıqla Avropa obyektivinə çəkildi. Özü də şəkilli olaraq!

Ən azı bu şəkildən sonra Ilham Əliyevlə Mehriban Əliyevanın bir yolu qalır: tutdurduqları Eynulla Fətullayevi, eləcə də Cabbar Savalanlı kimi bir sıra gəncləri türmədən buraxdırmaq, sonra da onlarla gülə-gülə şəkil çəkdirmək. Nərgizlə, Eldarla şəkil çəkdirən kimi. Necə olur, siz Avropada yaşayan Azərbaycan gənclərinin uğur sevincinə ortaq ola bilirsiz, Azərbaycanda yaşayan demokratiya istəkli gəncliyin acılarına ortaq ola bilmirsiz? Sizdə azacıq da olsa bu torpağa bağlılıq varsa, birinci Azərbaycanda yaşayan gəncliyin istəklərinə, acılarına ortaq olmalısız, sonra Azərbaycandan uzaqlarda yaşayan gəncliyin uğuruna, bu uğurdan doğan sevincinə ortaq olmağınızı anlaşıqla qarşılaya bilərik. Indilikdə ortada belə bir anlaşıq yoxdur. Bunun çox açıq niyəsini Ilya Zemtsovun “Oğurlanmış respublika” kitabından da oxuya bilərsiz.

I.Zemtsov yazır: “Gənclər Azərbaycanda ən çox aldadılmış adamlardır”. Gənclər Azərbaycanda hər gün aldadılır. Gəncliyi aldadılan, özü də hər gün aldadılan, illərlə aldadılan bir ölkənin başçıları suç yiyələri olduqlarını bilməlidirlər. Azərbaycanda uşaqlar rüşvətlə doğulur, rüşvətlə bağçaya gedir, rüşvətlə orta, ali məktəb bitirir, rüşvətlə işə girirlər. Uşaqlar gəncə çevrilərkən rüşvət-korrupsiya rejimində yaşamalı olduqlarını görürlər. Addımbaşı üzləşdikləri problemlər onları boğaza yığır, cana doyurur. Kimi baş götürüb ölkədən qaçır (Nərgizlə Eldar kimi), kimi özünü öldürür, kimi də müxalifətə qatılaraq özgürlük, demokratiya savaşına qalxır.

Özgürlük, demokratiya savaşı aparan gəncliyi, eləcə də bu yolda olan jurnalistləri tutdurub dustaq eləyən rejim başçısı Avropada yaşayan Azərbaycan gənclərinin uğuruna gerçəkdən sevinə bilməz. Gəncliyin uğuruna gerçəkdən sevinmək üçün ideya-prinsip baxımından bir ölkənin prezidenti olaraq özünü göstərməlisən, ideya-prinsip baxımından ölkəyə yad bir komandanın yox! Azərbaycan xalqının, ayrıca olaraq Azərbaycan gəncliyinin bugünkü başlıca problemi ölkəyə, xalqa bütünlüklə prezidentin olmamasındadır!

Azərbaycanın Avropa uğuru gözəldir, Avropanın Azərbaycan uğuru daha gözəl olardı. Olacaq…