“Eurovision-2011″ musiqi yarışmasında birincilik Azərbaycanın ilk birinciliyi deyil. Buna qədərki yarışmaların elə biri olmayıb ki, ölkəmiz barmaqla göstərilən yerlərdən birinin sahibi olmasın.
Korrupsiyanın miqyası üzrə, demokratiyanın pozulması, seçki saxtakarlığı, söz azadlığının qısılması – mətbuata basqılar, sərbəst toplaşma azadlığının kəskin şəkildə yasaq edilməsi, vicdan məhbuslarının, siyasi məhbusların sayının gündən-günə artması, fərqli düşüncəyə görə basqılar, əqidəsinə görə sıxışdırılma, şərlənmə, sındırılma, həbs, işgəncə, vətəndaşların ən adi hüquqlarından məhrum edilməsi, dövlət zorakılığı, Kütləvi Informasiya Vasitələrinin, xüsusilə də televiziyaların, hətta Ictimai Televiziyanın ya birbaşa hakimiyyətin əlavəsinə, ya da bağlanma təhlükəsi ilə üzbəüz qoyularaq YAP-ın psevdoruporuna çevrilməsi, polis zorakılığı, sosial ədalətsizliklər ucbatından baş verən özünəqəsdlər, intiharlar, inhisarlaşma, monopoliya, azad iqtisadiyyatın, sahibkarlığın boğulması, dövlət orqanlarında rüşvətin tüğyanı… sadalamaqla bitən deyil və bütün bu sahələr üzrə Azərbaycan həmişə beynəlxalq təşkilatların hesabatlarında ən önəmli yerlərdən birini tutub. Ölkəmiz daim bu siyahılardakı, hesabatlardakı yerinə görə rüsvay olub. Və hər dəfə hakimiyyətdən eyni təpki, eyni reaksiya – ikili standart ittihamı.
Nədənsə bu dəfə, “Eurovision-2011″ musiqi yarışmasında birincilikdən sonra ikili standart ittihamıyla xalqın baş-beynini aparmırlar. Nəyə görəsə bu dəfə Avropanı ifşa eləyən, bu siyasi və coğrafi məkanı əxlaqsızlıqda, eşcinsəllikdə qınayan yoxdu. ”Eurovision-2011″ musiqi yarışmasının təşkilatçılarının gizli videolarını da Lider-də göstərmirlər. Hətta onların bəzən çöllü-biyabanda sidik kisələri partlayanda peşov eləmələrini də çəkib xalqa nümayiş elətdirmirlər. Hətta “mavilərlə” bağlı suala cavab da beynəlxalq standartlara uyğundu – “Biz tolerantıq”.“Biz tolerantıq” – istər mavilər, istər çəhrayılar ölkəmizə buyursun. Heç bir problem yoxdu. Təki növbəti, miqyası görünməmiş qədərdə yeni korrupsiya əməliyyatları üçün şərait yaransın. Pul gələn yerdə mavi gəlmir, istəyir Şeytanın özü gəlsin. Təki demokratiya istəməsinlər, azadlıq, qardaşlıq, ədalət tələbi olmasın.
“Biz tolerantıq” – islamçıları türmələrə doldurarıq, cəbhəçi və ya tərəfsiz azad düşüncəli gəncləri ən idbar ittihamlarla damlayarıq, jurnalistləri yırtarıq. Azadlıq deyən körpə çocuğun belə, dilini kəsərik. Mavinin gəlməsində isə ziyan yoxdu, təki ardıyca göy gəlsin.Gənclərin qələbəsinə görə hər kəsdən onları yalnız təbrik eləmək qalırsa da, təəssüf ki, bu, mümkün deyil. Çünki bütün televiziyalar kimi, elə o gənclərin özü də qələbələrini “Şəxsən Ilham Əliyevin qələbəsi” hesab eləyir. Gerçəkdən bu qələbə dövlət başçısının olsaydı, hətta onu da təbrik eləmək olardı. Hərçənd ki, qaynaqların heç biri nə bəstənin, nə ifanın ona aid olduğunu təsdiqləmir. Hətta maliyyə dəstəyi də ona aid deyil. Pullar dövlət büdcəsindən ayrılır, büdcə isə xalqın, dövlətindi.
Mənim zənnimə görə, hakimiyyətin bu qədər öz bəy tərifi üçün yararlandığı, adına çıxdığı, uzaqgörən daxili və xarici siyasətin nəticəsi saydığı bu birincilik, əslində hakimiyyətin ağrımaz başına dəsmal bağlaması olacaq. Bu, bütün dünyanın, ən azı Avropanın diqqətini ən azı düz bir il Azərbaycana yönəldəcək. Səhnə dekorasiyalarının parlaq işıqları ölkəmizin bütün dəlmə-deşiklərini, qaranlıq künc-bucağını ovuc içi kimi işıqlandıracaq, Avropa ailəsinə qoşulmaq yolunda daha aydın və bəşəri addımlar tələb edəcək, hətta yarışın bu ölkədə keçirilməməsi kimi çağırışlarla da qarşılaşacağıq. Artıq Avropa mətbuatı bu yöndə start götürüb belə:
“Ölkə orta əsrlər Avropa feodalizmini xatırladır” (“Der Spiegel”).
Mən isə iddia eləyirəm – bu qələbə bizim azadlıq yolunda qələbələrimizin birincisidi. “Ürküb Qaçan” isə həmişəki və hər yerdə olduğu kimi, diktatura olacaq. Təbriklər, Azərbaycan!