kiv-df

Şamaxı yaxınlığındakı tənha Türk məzarı


Bu məzarı abidəyə çevirən şəxs dəhşətlər yaşadı

Xilaskar Qafqaz Islam Ordusu

1918-ci ilin mart ayından Azərbaycan türklərinə qarşı başlanan qanlı hadisələrdə Türkiyənin rolu barədə dönə-dönə yazılıb. O vaxt Azərbaycanın ağır vəziyyəti barədə Istanbula üzücü xəbərlər gəlirdi, Türkiyə həyəcan içində idi. Belə bir vaxtda Türk dövlətini köməyə çağıran şair Abdulla Şaiq Bakıdakı dəhşətli vəziyyət barədə Nuru Paşaya bu məzmunda məktub göndərir: “Ey türk əsgəri! Əgər sən Bakını ala bilməsən, Bakıda sənin üçün hazırlanmış süfrələr qonaqsız qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri ala bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən açacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək”.

***

Vəziyyətin ciddiliyi nəzərə alınaraq ünlü sərkərdə Nuru Paşa Qafqaz Islam Ordusu ilə Azərbaycanı xilas üçün göndərilir.

***

O zaman Nuru Paşa düşmənin Şamaxı yaxınlığında güclü mövqe tutması səbəbiylə cəbhə komandanlığına belə bir gizli əmr göndərdi: “Bugünkü hərəkətin nəticəsi məni razı salmadı. Çünki düşmənin əsir və məğlub olmasını, o cümlədən Bakıya çəkilməyə müvəffəq olmamasını istəmişdim. Daha əvvəl də sizə Göylər kəndi üzərindən Şamaxı-Bakı yolunu kəsmək üçün bir qolun hərəkətə gətirilməsinin münasib olacağını yazmışdım. Düşmənin qüvvəsi az və geri çəkilərkən, xırda-xuruş  hissələrlə iki alayın məşğul olması və bunlardan 13-cü alayın Mədrəsəyə dönməsi məqsədəuyğun bir hərəkət deyil. Bundan başqa, əlinizdəki süvari ordunun hamısıyla və təcili olaraq düşməni uzaqdan mühasirəyə alacaq surətdə hərəkətə keçin. Ya piyada qüvvələrini sövq edərək, ya da hər süvari heyvanına bir piyada mindirərək əsl süvari qüvvələri gücləndirə bilərsiniz. Sabahkı hərəkətin nəticəsi bundan asılıdır”.

***

Şamaxı və onun ətrafında törədilən qətllər barədə xəbərlər, tez bir zamanda Gəncədə Qafqaz Islam Ordusunun qərargahına çatdırıldı. Göyçay həndəvərində Qızıl Ordunun hərbi birləşmələrinin dağıdıldığını görən rus bolşevikləri və erməni daşnakları Şamaxıdan Bakıya doğru qaçırdılar. Nuru Paşa 19 iyul 1918-ci il tarixində 13-cü Qafqaz alayının Şamaxı istiqamətində hücuma keçməsi və şəhərin ələ keçirilməsi barədə əmr verdi. Şimal qrupunun sərəncamında olan 10-cu Qafqaz alayının vəzifəsi Qızıl Ordu birliklərini şərq və cənubdan mühasirə edərək, Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi. Şamaxıdan Bakıya doğru…

Hərəkətə gəlmək üçün əmr alan 13-cü Qafqaz alayı, Ağsudan Mədrəsə istiqamətində hücuma keçdi. Gecə boyunca leysan şəklində yağan şiddətli yağış və palçıq rabitəni pozmuşdu. Yağış altında və palçıq izində irəliləyişini davam etdirərək, Alpaut yüksəkliklərini aşdı və səhər saatlarında Şamaxının cənubunda yerləşən Mədrəsə qəsəbəsinin ətrafındakı aşırım və təpələri ələ keçirdi. Qızıl Ordu birləşmələri Şamaxının cənubundakı Mədrəsə qəsəbəsi ətrafında cəmləşməyə çalışırdılar. Malakan kəndi və ətrafındakı rusların da qoşulması ilə Qızıl Ordunun min nəfərdən ibarət əsgəri heyətinin sayı get-gedə artırdı. Mədrəsə qəsəbəsində olan 13-cü alay günorta saatlarında yeni bir hücuma başladı. Düşmən müqavimət göstərə bilməyib Şamaxı istiqamətində geri çəkilməyə başladı. Mədrəsə ətrafında gedən qanlı döyüşlərdə Türk Qafqaz Islam Ordusu bir yüzbaşı və dörd sıravi şəhid vermişdi.Qızıl Ordu birləşmələrinin Mədrəsədə məhv edilməməsi Nuru Paşa və qərargahdakıları məyus etmişdi. Verilən əmrə görə düşmənin mütləq darmadağın edilməsi lazım idi. Çünki Bakıya çatan düşmənin yenidən öz qüvvələrini möhkəmlətməsi, Qafqaz Islam Ordusu üçün yeni bir təhlükə ola bilərdi.

***

Şimal və Cənub birlikləri Şamaxı yaxınlığında düşməni sıxışdıraraq arasıkəsilməz atəşə tutmağa çalışırdı. Mehmetçik, Məlikçoban-Çuxalı xəttində, 20 iyul gecəsinə qədər davam edən şiddətli döyüşlər nəticəsində bolşevik birləşmələrini dağıtdı və Şamaxı üzərinə yürüş etdi. Bura qısa bir vaxt ərzində düşməndən azad edildi. Öndə piyada, ardınca isə süvari bölüklərinin təqibi düşmənə göz açmağa imkan vermirdi. Qızıl Ordu birliklərinin başçısı Kazarov ordunun geri çəkilməkdə olduğunu anlayaraq, geri dönmək əmri verdi. Mərəzə istiqamətinə doğru çəkilən düşmən, burada da müqavimət göstərə bilmədi. Get-gedə sıxışdırılan Hamazasp və Kazarov məğlub olacaqlarını başa düşərək, qəti bir hərəkətlə Bakı istiqamətində qaçmağa başladılar. Ətrafda yaşayan rus və erməni əsilli sakinlər də pərakəndə halda qaçan əsgərlərlə bərabər Bakıya doğru hərəkət etdilər…

Bu məzar bir millət sevgisi kimi qorunub

Azərbaycanı xilas üçün gələn Qafqaz Islam Ordusu sıralarında şəhid düşən Mehmetciklərə olan sevgi sadə insanların ürəyində hər zaman yaşayıb. Şamaxı yaxınlığındakı tənha əsgər məzarını da rus işğalı illərində kənd əhalisi qoruyaraq itməyə qoymayıb. Indi “Tənha məzar” abidəsi kimi tanınan bu ərazi axın-axın insanların ziyarət yerinə çevrilib. Həmin abidənin üzərinə Bəxtiyar Vahabzadənin “Tənha məzar” şeiri həkk edilib. Bu torpağı vətən bilən Mehmetcik …

“Bu məzar Qafqaz Islam Ordusu əsgərlərindən birinə aiddir. O, burda şəhid oldu və burda dəfn edilməsini istədi. Qafqaz Islam Ordusu əsgərləri və generalları bura torpaqları işğal edilən və qətlə yetirilən azərbaycanlı qardaşlarımıza kömək etmək üçün gəlmişdi. Zabitlərdən biri qətlə yetirildi. O, burda da dəfn edildi. Bu məzarın sovet dönəmində 70 il ərzində qorunaraq saxlanmasına çalışan bölgə xalqına təşəkkür edirəm. Bu, bizim qardaşlığımızın göstəricisidir. Bu torpaqları vətən bildik. Azərbaycan torpaqlarının hər yerində türk əsgərlərinin məzarı var. Şəhidlərin ruhu şad olsun”(Hulusi Kılıç, Türkiyənin Azrbaycandakı səfiri).

Bu məzarda uyuyan əsgərin adı nədir?

Şamaxı yaxınlığında döyüşlərdə şəhid olan bu türk zabitinin sorağı dillərdə dastan olmuşdu. Onun adı bəzi qaynaqlarda Izzət, bəzilərində isə Qadir kimi qeyd olunur. Əlfayim Əziz “Azadlıq naminə” adlı kitabında türk əsgərinin şəhid olmasını belə təsvir edir:“Izzət bəy Aşot adlı erməninin gülləsinə tuş gəlir. Ağır yara alan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər… Orada Gülsabah adlı bir qadın yaylığını çıxarıb əsgərin yarasını bağlamaq istəyir. Izzət bəy qadına: – Bacım, qolumdan möhkəm tut, mərmini ordan çıxardım.O, mərmini çıxarır, dəsmala bükür və deyir:

– Indi hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur, qoy qanım bu torpağa axsın.Izzəti yaralayan Aşot ordaca güllələnir. Ölümcül vəziyyətdə olan Izzət Nuru Paşanı qarşısında görəndə həyəcanlanır. Nuru Paşa əsgərin başını dizlərinin üstünə qoyur. Artıq Izzət bəy son anlarını yaşayır. O, üzünü Nuru Paşaya tutub deyir:
– Paşam, türk Paşasının dizləri üstündə can vermək mənim üçün böyük şərəfdir.
Beləcə, Izzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur”. 

Bu məzara abidə qoyan şəxsi bolşeviklər güllələdi

Yerli sakinlər Izzət bəyi Şamaxıya aparmaq istəyir. Ancaq əsgərin öz vəsiyyətinə görə şəhid olduğu yerdə – Şamaxının yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşmüşdür. 

Bu məzar dəfələrlə müxtəlif təqiblərə məruz qalsa da, xalq məzarı təmir edib qorumuşdur. Qəbir daşını ilk dəfə Şamaxı qəsəbə rəhbərliyi qoyub. Əfsus ki, bu işi görən xeyirxah insan 1928-ci ildə savab əməlinə görə öldürülüb. 

Sonralar Şamaxılı sürücü Məhəmməd və Babaxan Rzaxanov məzarın ətrafına dəmir çəpər çəkmiş, burada səliqə-sahman yaratmışlar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir