iabbasov

İsmət Abbasov təhlükəli virusu gizlədib

Kənd təsərrüfatı nazirinin fəaliyyətilə bağlı ilginc məlumatlar

Kənd təsərrüfatı naziri Ismət Abbasovun fəaliyyəti ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bu məlumatlardan bəlli olur ki, Ismət Abbasov  Azərbaycanda “quş qripi”nin olmasını gizlədib. Bununla da vətəndaşların sağlamlığını təhlükə qarşısında qoyub.
Məlumatlarda deyilir ki, Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsinin 2010-cu ildə görülmüş işlərin illik hesabatına əsasən, ötən ildə 10 min 143 baş ev quşunun qan nümunələri “quş qripi”nə görə müayinə edilib. Həmçinin bu quşlardan 1030 ədədi isə “Nyukasl” (Taun) xəstəliyinə görə yoxlanılıb. Nəticədə bəlli olub ki, 29 ədəd quşun qan nümunəsi “quş qripi”nə, 7 ədəd quşun qan nümunəsi isə “Nyukasl” xəstəliyinə müsbət reaksiya verib. Bundan başqa, 489 ədəd ev, 169 ədəd isə çöl quşunun patoloji materialı “quş qripi”nə görə müayinə edilib. Nəticələr yenə də ürəkaçan olmayıb: 51 ədəd ev quşunun, 16 ədəd isə çöl quşunun nümunəsinin patoloji materialı “quş qripi”nə müsbət reaksiya verib.
Lakin Kənd Təsərrüfatı Nazirliyi bu faktları ört-basdır edib. Halbuki hər iki təhlükəli xəstəlik aşkarlanan zaman 24 saat ərzində Beynəlxalq Epizootik Büroya verilməli idi. Bu faktların gizlədilməsi əslində Ismət Abbasovun beynəlxalq cinayətə yol verməsi anlamına gəlməlidir.
Məlumatlarda deyilir ki, əsl həqiqətin ört-basdır edilməsi  Azərbaycan əhalisinin “quş qripi” təhlükəsinə məruz qalması, həyətyanı sahələrdə saxlanılan ev quşlarının kütləvi tələfatı, zərərçəkən əhalinin kompensasiyadan məhrum edilməsi, yeni inkişaf etməkdə olan quşçuluq sənayesinin təhlükədə qalması, ev quşlarının tələfatı ilə bağlı yumurta qıtlığı yaranması və bu məhsulun qiymətinin bahalaşması, ölkə ərazisində “quş qripi”nin olması barədə Beynəlxalq Epizootik Büroya məlumat verilməməsilə Azərbaycanın imicinə ciddi zərbə dəyməsilə nəticələnib.
Oxucuların diqqətinə çatdıraq ki, hələ ötən ilin sonlarında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdi ki, Azərbaycanın Samux rayonunda ev quşları arasında tələfat olub və qan nümunələri nazirliyə göndərilib. Nazir müavini qeyd etmişdi ki, H5N1 virusu olan “quş qripi”nin H5-i artıq təsdiq olunub, N1-in aşkarlanması istiqamətində isə laboratoriyada tədqiqatlar aparılır.
Lakin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu iddiaları rədd etmişdi. O, iddia etmişdi ki, Azərbaycanda “quş qripi” nəzarət altındadır. Indi aydın olur ki, Ismət Abbasov təhlükəli virusu hansı şəkildə nəzarətdə saxlayırmış.

İnformasiya şöbəsi