Serj Sarkisyan yenə Azərbaycana meydan oxudu

«Qarabağ öz müstəqilliyini qanlı və sərt müharibədə qazanıb və bundan imtinanı düşünmək sadəlövhlükdür»

“Dağlıq Qarabağ problemi yalnız kompromis əsasında həll olunmalıdır. Lakin qırmızı xətt ondan ibarətdir ki, Dağlıq Qarabağ xalqı öz taleyini özü müəyyənləşdirməli, tarixi vətənində təhlükəsiz inkişaf üçün hər cür imkana sahib olmalıdır”. Bu sözləri Rusiya mətbuatına Ermənistan prezidenti Serj Sarkisyan deyib(APA).

S.Sarkisyan münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun şərti olaraq “Madrid prinsipləri” adlandırılan sənəd ortaya qoyduğunu və bu sənəddə problemin 3 prinsip əsasında həllinin təklif edildiyini xatırladıb: “Güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ. Bu sənəd danışıqları davam etdirmək və böyük sülh sazişinin hazırlanmasına başlamağa imkan verir. Biz bu 3 prinsipin nə demək olduğunu çox dəqiq anlayırıq. Azərbaycanlılar xeyli düşündükdən sonra hə dedilər, lakin nəyə görəsə bu prinsipləri öz istədikləri kimi başa düşürlər. Ərazi bütövlüyü prinsipi bizə də aydındır, lakin belə təsəvvür yaranır ki, Azərbaycan tərəfi bunu beynəlxalq hüququn kontekstindən kənar bir doqma səviyyəsinə qaldırıb. Öz müqəddəratını təyinetmə hüququnu da yalnız Azərbaycanın ərazi bütövlüyü tərkibində başa düşürlər. Belə öz müqəddəratını təyinetmə olmur. Bu, qısaldılmış, primitiv təyinetmədir. Ona görə də, nə qədər ki, Azərbaycan bu prinsipin mənasını anlamır, məsələnin həllini tapmaq çox çətin olacaq. Qarabağ öz müstəqilliyini qanlı və sərt müharibədə, ağır şərtlər altında qazanıb və qarabağlıların bundan imtina edəcəyini düşünmək sadəlövhlükdür. Ərazi bütövlüyü prinsipi sərhədlərin sarsılmazlığı demək deyil. Əks halda dünyada yeni dövlətlər yaranmazdı”.

Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağı nəzərdən keçirib-keçirmədiyi haqda sualı cavablandıran S.Sarkisyan deyib ki, Ermənistan bunu nəzərdən keçirməyə bilməz: “Məsələn, bu ehtimal hərbi əməliyyatların bərpası halında reallaşa bilər. Həmişə daha konkret soruşurlar ki, Ermənistan niyə Dağlıq Qarabağı tanımır? Ona görə ki, biz danışıqlar aparırıq, Dağlıq Qarabağın tanınması isə bu danışıqların kəsilməsi demək olar. Yaxşısı budur danışıqlar davam etsin”.

Sarkisyan bəyan edib ki, Türkiyə “erməni soyqırımı”nı tanımadan bu ölkə ilə barışıq mümkün deyil: “Tanınma olmadan barışıq ola bilməz. Türkiyə ilə münasibət qurulmasını barışıq cəhdi kimi təqdim edənlər səhvə yol verir. Əsl barışıq yalnız günahını boynuna almaq və peşmanlıqdan sonra mümkündür”.