Onlar indiki otellərin funksiyasını yerinə yetirib
Zaman keçdikcə nəsildən-nəslə yadigar qalan və tarixi əhəmiyyət daşıyan milli memarlıq nümunələrindən biri də karvansaralardır. Karvansaralar ticarət yolları üzərində tikilmiş qonaq evləri funksiyasını daşıyan tikili və saraylardır. Mənfəət əldə etmək istəyən imkanlıların tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Islamiyyətin daha geniş ərazilərə yayıldığı dövrlərdə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar karvansara adlandırılmışdır.
Orta əsrlərdə ticarət yollarının böyük bir hissəsi Azərbaycandan keçdiyindən, burada karvansaraların tikilməsi zəruri sayılırdı. Bakı şəhərindəkilər istisna olunmaqla (onlar bu gün də tarixi-memarlıq abidələri kimi Içərişəhərdə qorunub saxlanır), Qarabağın Füzuli rayonunda və digər ərazilərində karvansaraların izləri son illərə qədər, yəni Ermənistan bu torpaqları işğal edənədək qalmaqda idi.
Karvansaraların ən nadir və tarixi incilərindən hesab olunanları paytaxt Bakının ən qədim yaşayış məntəqəsi Içərişəhərdə qorunub saxlanmaqdadır.Içərişəhərdə yerləşən qədim tarixi abidələrdən biri də Buxara karvansarasıdır. Araşdırmalardan məlum olub ki, bu tarixi abidəni 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tikib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara birmərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. Belə ki, Şərq karvansaralarının özünəməxsus memarlıq quruluşu olub. Adətən, 2 mərtəbəli inşa olunan tikilinin alt mərtəbəsindən anbar kimi istifadə edilib. Yuxarı mərtəbədə isə qonaq otaqları və tacirlərin heyvanlarını saxladıqları yerlər inşa edilib. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır.
Karvansaranın həyətinin mərkəzində bütün Şərq karvansaralarında olduğu kimi hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanılan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Burda sistem elə quraşdırılıb ki, suyun hara və necə axıb tökülməsi hələ də müəyyən edilməyib. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burda əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Bölgələrdə də onlarla belə “qonaq evi” vardı…
Başqa bir qədim karvansara, Gülüstan karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Gülüstan karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Gülüstan karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m. olan Gülüstan karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü 13-cü əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Gülüstan karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır.
Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də, təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. Içərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm rabitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973-1974- cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır. Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdır.Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir.
Multani karvansarası 70-ci illərdən “Restoran-karvansara kompleksi” adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi onu ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qoruyur.
Qaraçı karvansarası Abşeron rayonunun Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qarabağın məşhur karvansarası
Füzuli rayonundakı abidələrdən biri də Qarğabazar karvansarasıdır. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün də geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardanbu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış olan XVII yüzilin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir.
Uğurlu bəy karvansarası 17-ci əsrin əvvəllərində memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Hazırda bina Gəncənin Əli bəy Hüseynzadə küçəsində yerləşir.Səlim karvansarası – Dərələyəz mahalının Keşişkənd rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd kəndinin yuxarısında tarixi karvansaradır.Karvansaranın giriş qapısının üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xanın tikdirdiyi aydınca yazılmışdır. Bu fakta onu da əlavə etsək ki, karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb məskunlaşmışlar, onda abidənin azərbaycanlılara məxsus olduğu həqiqətini inkar etmək mümkün deyildir. Lakin təəssüflər olsun ki, ermənilər bu tarixi həqiqəti də inkar edirlər. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Möhtəşəm Şəki karvansaraları
XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi – Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.
8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.
Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.
Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.Qədim və zəngin tariximizin yol bələdçiləri olan bu karvansaralar eyni zamnda əsrlərin sınağından çıxmış və zəmanəmizə gəlib çatmış memarlıq abidələridir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir