Milli Məclisin dünənki iclasında Avropa Parlamentini Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməyə görə topa tutublar. Deputatlar Avropa Parlamentinin ünvanına ənənəvi “ikili standart” ittihamını səsləndiriblər. Vitse-spiker Ziyafət Əsgərov isə təhqiramiz ifadələrdən də çəkinməyib.
Müzakirələrdən sonra Milli Məclis Avropa Parlamentinə müraciət də qəbul edib. Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin mayın 12-də qəbul etdiyi qətnamə Azərbaycanla bu qurum arasında yaranan əlaqələrə ciddi zərbə vura bilər. Milli Məclis qurumun bu qətnaməsini Avropa Parlamenti ilə münasibətlərə son qoya biləcək qərəzli və qeyri-obyektiv sənəd hesab edir: “Ərəb ölkələrində başlanan hadisələrdən sonra ölkəmizdə siyasi dayaqları olmayan bir sıra qüvvələrin qeyri-qanuni aksiyalarının qarşısı alınıb. Avropa ölkələrində də analoji addımlar atılır”. Səsvermə nəticəsində müraciət yekdilliklə qəbul edilib, 100 deputat müraciətin lehinə səs verib. Sənədin qəbulundan sonra spiker Oqtay Əsədov bildirib ki, mayın 20-də Avropa Parlamentinin sədri Azərbaycana səfərə gəlir. Ona qədər müraciət göndərilməlidir ki, qarşı tərəf sənəddən xəbərdar olsun.
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, parlamentin dünənki iclasında Avropa Parlamentinin qətnaməsi ilə bağlı səslənən fikirlər tamamilə əsassızdır: “Avropa Parlamentinin qətnaməsi Azərbaycanın siyasi vəziyyətini obyektiv əks etdirir. Azərbaycanda sərbəst toplaşmaq hüququnun təmin olunmaması, siyasi fəallara və jurnalistlərə qarşı repressiyaların çox sərt və kobud formada davam etməsi ölkəmizdə demokratik dəyərlərin bərqərar olunması üçün ciddi səylər göstərən Avropa Ittifaqının diqqətini cəlb etməyə bilməzdi. Avropa Ittifaqı ən müxtəlif sahələrdə sıx əməkdaşlıq yolu ilə Azərbaycanın Avropaya inteqrasiyası siyasətini aparır”.
“Hakimiyyəti narahat edən Avropanın demokratiya tələbidir”
R.Hacıyev deyir ki, hakimiyyət dairələrinin Avropa Parlamentinin qətnaməsinə isterik münasibəti hakimiyyət üçün vəziyyətin çox pis olmasından xəbər verir: “Artıq hakimiyyət dairələri başa düşür ki, Avropa Ittifaqı ABŞ-ın dəstəyi ilə Azərbaycanla bağlı çox ciddi addımlar atır. Qəbul olunmuş qətnamə, Avropa Parlamenti rəhbərinin və xarici siyasət idarəsi rəhbəri Ketrin Eştonun Bakıya gözlənilən səfərləri bu qurumun Azərbaycana xüsusi önəm verdiyini göstərir. Azərbaycan hakimiyyəti ənənəvi üsula əl atır. Müraciətdən də görünür ki, hakimiyyət, hətta Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməyə hazırdır. Hakimiyyətin bu addımı Azərbaycan rəhbərliyinin çox ciddi təlaş içində olmasının göstəricisidir. Hətta nisbi demokratik şəraitdə ölkəni idarə etməyə psixoloji cəhətdən hazır olmayan hakimiyyət bütün Qərb dünyası ilə açıq münaqişə vəziyyəti yaratmaq kimi avantürist variant seçməkdən başqa yol tapa bilmədi. Azərbaycan hakimiyyətini hədsiz narahat edən məsələ Avropanın demokratiya tələbidir”.
“Hakimiyyət daxilindəki rusiyayönlü qüvvələr hərəkətə keçib”
Siyasi ekspert Sülhəddin Əkbərin fikrincə, baş verənlərin əsas səbəbkarı ərəb ölkələrində cərəyan edən proseslərdir: “Bu təlaş xalq hərəkatlarının Azərbaycana yayılma təhlükəsi və ABŞ, eyni zamanda Qərbin də bu hərəkatları dəstəkləməsi ehtimalının yüksək olması ilə bağlıdır. Azərbaycan hakimiyyəti həmişə Qərblə münasibətdə belə şantaj siyasətinə üstünlük verib. Belə davam edəcəkləri təqdirdə Qərbi, ABŞ-ı Rusiya ilə yaxınlaşacağı ilə təhdid edib. Başqa bir səbəb isə hakimiyyət daxilindəki rusiyayönlü qüvvələrin hərəkətə keçməsidir. Onlar fürsətdən istifadə edib Azərbaycanın Brüssellə, Vaşinqtonla onsuz da gərgin olan münasibətlərini daha da kəskinləşdirmək və Bakını Rusiyadan tamamilə asılı vəziyyətə salmaq istəyirlər”.
S.Əkbərin sözlərinə görə, parlamentdə təhqiramiz fikirlərin səsləndirilməsi bir daha Azərbaycanın siyasi elitasının səviyyəsini göstərdi.