Hakimiyyət güzəşti xalqa «yedirtmək» istəyir
Nurəddin Məmmədli: «Bu fikrin səsləndirilməsi faktiki olaraq uzun illərdir Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir»
Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qarabağ danışıqlarının hazırkı mərhələsi ilə bağlı danışarkən diqqətçəkən fikir işlədib. O, Azərbaycanın 7 rayonunun işğal olunduğunu və orada bir azərbaycanlının belə, yaşamadığını deyib. Rəsmilərin öz çıxışlarında məhz 7 rayondan danışması ilk belə hal deyil. Bununla da işğal altında olan Yuxarı Qarabağ diqqətdən kənarda qalır. Bunu geri çəkilmə, yaxud əhalinin hər hansı bir plana hazırlığı kimi qiymətləndirilə bilərmi?
AXCP sədrinin müavini Nurəddin Məmmədli uzun müddətdir Azərbaycan hakimiyyətinin apardığı siyasətin Dağlıq Qarabağı azad etməkdən daha çox, öz hakimiyyətlərini uzatmağa yönəldiyini qeyd etdi. Bu istiqamətdə həm Heydər Əliyev, həm də Ilham Əliyevin dönəmində iş aparılıb.
N.Məmmədlinin sözlərinə görə, nəinki Dağlıq Qarabağ, hətta onun ətrafındakı bəzi rayonlar mübahisə predmetinə çevrilib. Buna bariz nümunə kimi Madrid sənədini misal çəkmək olar. Açıq şəkildə bu fikrin səsləndirilməsi faktiki olaraq uzun illərdir Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağla bağlı siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Fizzə