İTV də “Üç nöqtə”yə nöqtə qoydu

Tahir Məmmədov: «Xoşqədəm Hidayətqızının layihələri ITV-də alt siyirmələrə atılıb»

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının ITV-nin ünvanına səsləndirdiyi fikirləri cavabsız qoyulmadı. ITV-dən daxil olan reaksiyada Xoşqədəm Hidayətqızı televiziya işinə yad adam kimi xarakterizə edildi.
ITV-nin mətbuat katibi Tahir Məmmədov Xoşqədəm xanımı nəzərdə tutaraq, “O, bu məsələdə tək və kimsəsizdir” dedi. Tahir Məmmədov Xoşqədəm Hidayətqızının televiziyanı mənimsəmə problemi olduğunu bildirib: “Əgər o, ötən dörd il ərzində ”Eurovision”un Azərbaycandan EBU-nun yeganə üzvü Ictimai Teleradionun layihəsi olduğunu anlamayıbsa, daha nə deyim?”
Ictimai Televiziyanın auditoriya problemi ilə bağlı iddiaya gəlincə, mətbuat katibi bunu gülüşlə qarşılayıb: “Xoşqədəm Hidayətqızı bu kanalda layihə keçirməkdən ötrü dəfələrlə baş direktorun qəbulunda oturub və əməkdaşların gözləməsinə səbəb olurdu. Xoşqədəm Hidayətqızının reallaşmasını gözlədiyi layihələri hələ də müvafiq departament rəhbərinin alt siyirməsindədir”.

İnformasiya şöbəsi