Hakimiyyətin Avropa Parlamentini hədəfə alması nə vəd edir?

Rahim Hacıyev: «Demokratik dünyanın tələblərini qulaqardına vuranların, xalqlarının hüquqlarını tapdalayanların aqibəti çox pis olur»
Azərbaycana qarşı ciddi iradların göstərildiyi Avropa Parlamentinin qətnaməsinə iqtidar təmsilçilərinin kəskin reaksiyaları gəlməkdədir. YAP-ın sözügedən qətnamə ilə bağlı bəyanat verməsi ilə kifayətlənməyən Əli Həsənov, Novruz Məmmədov kimi hakimiyyət təmsilçiləri açıqlama ilə çıxış ediblər. Ə.Həsənov hesab edir ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycandakı mövcud reallığı əks etdirmir. N.Məmmədov isə vurğulayıb ki, bu qətnamə Azərbaycanla təşkilat arasında hazırkı münasibətlərə uyğun deyil:

“Azərbaycana münasibətdə atılmış bu addıma müəyyən məntiqi izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik”.

Bir sözlə, hakimiyyət yenə ənənəsinə sadiq qalaraq ona ünvanlanan beynəlxalq iradları süngü ilə qarşılayır. Halbuki qətnamədə əksini tapan iradlar ölkə reallığına uyğun olaraq Azərbaycanda siyasi azadlıqlara qoyulan qadağaların aradan qaldırılmasını, insan haqlarının pozulmasının yolverilməzliyini tələb edir. Belə olan halda, hakimiyyətin yenə taktikasına uyğun olaraq beynəlxalq aləmlə seçdiyi konfrantasiya yolu hazırda dünyada baş verənlərin fonunda iqtidara nə vəd edir?

Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Avropa Parlamentində qəbul olunan qətnamə Azərbaycandakı vəziyyəti kifayət qədər dəqiq əks etdirir və obyektiv bir sənəddir. Azərbaycan hakimiyyətinin, həmişə olduğu kimi, beynəlxalq birlik qarşısında götürülən öhdəlikləri pozmaqda davam etdiyini deyən R.Hacıyev vurğuladı ki, insan hüquq və azadlıqlarına açıq hörmətsizlik edilir: “Hökumət hələ də Azərbaycanda sərbəst toplaşmaq hüququnun reallaşmasına qoyulan qadağanı götürmək niyyətində deyil. Hökumət bu hüquqa şərait yaratmamaqda israrlıdır. Siyasi fəallara, jurnalistlərə təzyiqlər davam edir. Hətta mitinqdə iştirak etməyən, amma iştirakı gözlənilən şəxslərin həbsi göstərir ki, hökumət istər ölkə Konstitusiyasını, istərsə də beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirmək istəmir. Jurnalistlərin oğurlanması, döyülməsi prosesi davam edir və daha da şiddətlənir”.

Avropa Birliyinin Azərbaycan hökumətindən tələbinin iqtidarın Konstitusiyaya, qanunlara hörmət olduğunu deyən R.Hacıyev vurğuladı ki, bu təşkilat müxtəlif proqramlar  çərçivəsində Azərbaycanla əməkdaşlıq etməklə ölkəmizdə demokratiyanın inkişaf etməsində maraqlı olduğunu göstərir: “Demokratiyanın inkişafı Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən məsələdir. Çünki yalnız demokratik inkişaf şəraitində Azərbaycan inkişaf edə, qanunun aliliyi təmin edilə bilər. Azərbaycan hökuməti isə bu qaydalara uyğun hərəkət etmək istəmir. Bu siyasət isə yaxşı heç nə vəd etmir. Son günlər dünyada baş verən hadisələr göstərir ki, demokratik dünyanın tələblərini qulaqardına vuranların, öz xalqlarının hüquqlarını tapdalayanların, azadlıqlarını boğmağa cəhd göstərənlərin aqibəti çox pis olur”.

Xəyal