Arzuman Məcidli: «İkimizdən birini zərərsizləşdirməli idilər»
Rəhimə Məcidli: «Dedi, məni tutsalar, sən də Cabbarın anası kimi möhkəm ol, ağlama…»
Elnuru qapıdan həmişə özüm yola salırdım. Deyirdim, oğlum, bax, ehtiyatlı ol. Telefonunu da açıq saxla. Bilirsən axı, narahat oluram. Həmin gün ilk dəfəydi onu yola salmadım. Başım qarışmışdı, bir də baxdım ki, çıxıb… Bu, gənc fəal Elnur Məcidlinin ailəsi ilə söhbətimizin ən təsirli hissəsi idi. Söhbət boyu, özünü tox tutan, kədər və ümid qarışıq nəzərlərlə baxan Rəhimə xanım bu məqamda özünü saxlaya bilməmişdi… Həbs olunan gün oğlunu həmişəki qaydada yola salmadığı üçün özünü bağışlaya bilmirdi.
“Görən, buna kimsə inanırmı?”
Elnur Məcidli müxalifətin 2 aprel mitinqinə görə həbs olunan fəal gənclərdən biridir. Ailəsi əslən Lənkərandandır, özü isə 1989-cu ildə Bakıda anadan olub. Uşaq yaşlarından idmanla, musiqi ilə maraqlanan E.Məcidli yetkinlik yaşına çatan kimi aktiv siyasətə meyl etməyə başlayıb və AXCP Gənclər Komitəsinin sıralarına qoşulub. Elnurun atası da veteran cəbhəçilərdəndir. Arzuman bəy partiyanın Nəzarət-təftiş Komissiyasının üzvüdür.
Elnuru bir neçə gün əvvəl – mayın 11-də saxlayaraq barəsində iki aylıq həbs qərarı çıxarıblar. Ittiham isə belədir – gənc fəal 2 aprel aksiyasının keçirildiyi ərazidə obyektlərdən birinin şüşələrini sındırıb. Məcidli ailəsini ən çox incidən də elə ittihamın bu hissəsidir. “Görəsən, kimsə buna inanırmı?” deyən Rəhimə xanım belə davranışların Elnurun təbiətinə tamamən yad olduğunu deyir: “Elnuru tanıyanlar bilir ki, o, necə tərbiyəlidir. Hələ bugünə qədər bir adam bizim qapımızı döyməyib ki, sənin oğlun nəsə eləyib, ya kimisə incidib, ya kiminləsə mübahisəsi düşüb. Uşaqlıqdan belə olub. Indi deyirlər ki, guya, şüşə sındırıb. Mən heç vaxt inana bilmərəm ki, Elnur gedib kiminsə şüşəsini sındırsın. Elnuru tanıyanlar da inanmaz buna. O adicə evdən çıxanda qapını elə bağlayırdı ki, səs çıxmasın, kimsə narahat olmasın”.
“Elnur mitinqlərdə böyüyüb”
Arzuman bəy deyir ki, görünür, oğlunu həbs etməklə onlardan birini zərərsizləşdirmək istəyiblər: “Bilirdilər ki, mən də partiyanın fəallarındanam. Bütün aksiyalara gedirəm. Ona görə ikimizdən birini zərərsizləşdirməli idilər. Hələ təəccüb edirdim ki, görəsən, niyə buvaxta qədər bizə toxunmayıblar. Sən demə, hazırlaşırmışlar. Ot kökü üstə bitər. Elnur gözünü açandan məni mübarizədə görüb. 89-cu ildən meydanlardayam. Atam da həmişə sözün düzünü deyən adam olub, kimliyindən asılı olmayaraq haqsızlığa etiraz edib. Ana tərəfi də belədir. Mübarizlik, öz sözünü demək də bir növ qanla keçir. Elnur mitinqlərdə böyüyüb. Hələ balaca uşaq idi, məni məcbur edirdi ki, onu da mitinqlərə aparım. Xarakteri belə idi, haqsızlıqla barışmırdı. 2005-ci ilin parlament seçkilərindən sonra – noyabrın 26-da müxalifətin geniş aksiyası keçirilmişdi. Yoldaşım da, oğlum da mənimlə getmişdi. Həmin mitinqdə Elnur ayaq altında qalaraq başı, ayağı əzilmişdi, travma almışdı. Gedib gördüm ayaqqabısı da çıxıb, qalıb bir küncdə. Bu son olaydan əvvəl Elnuru ayrı-ayrı vaxtlarda iki dəfə həbs ediblər. Amma o həbslər qısamüddətli olub. Indi də onu şüşə sındırmaqda ittiham edirlər. Elnur elə tərbiyə almayıb ki, kiminsə obyektinə zərər vursun. Hamı öz övladını tərifləyə bilər. Amma başımızın üstündə Allah var. Elnur büllur xasiyyətli uşaqdır. Tərbiyəli, mədəni. Dünən yanına yemək aparanda bir anlıq hamımız kövrəldik. Dedik, kiminsə övladı cinayət törədib həbsə düşüb, biz də şərlənmiş uşağın yanına gəlmişik…”.
“Şüşəni kimin sındırdığını gözləri ilə görüb”
A.Məcidlinin sözlərinə görə, oğlu əslində şüşəni kimin sındırdığını gözləri ilə görüb: “2 aprel mitinqindən sonra axşam evdə danışırdı ki, bizdən qabaqda hündür bir adam gedirdi, vurub şüşəni sındırdı, dərhal da qaçdı. Dedi, adamlar onu tuta bilmədilər, polislər də əhəmiyyət vermədi. Obyektin sahibi də qırılan şüşələri üst-üstə yığıb, bunlar keçən ərəfədə üstlərinə tullayıb. Elnur danışırdı ki, əyilməsəydim, şüşə boynumu kəsəcəkdi. Hələ biz də dedik, Allah saxlayıb, nə yaxşı ki, əyilmisən. Dedi, kim idisə öz adamları idi, şüşəni qırdı, qaçdı. Bu hadisə ortaya çıxandan sonra məəttəl qaldıq. Iki polis bunun üzünə durub ki, guya, şüşəni qıran Elnurdur. Bilirik ki, bu, düşünülmüş ssenaridir. Birinci dəfə deyil ki? Fəal gənclərin hamısını bir bəhanə ilə tutub həbsə atırlar”.
A.Məcidlinin sözlərinə görə, oğlunun həbsindən əvvəl yaşadıqları binanın ətrafında naməlum şəxslər gəzib-dolaşırmış: “Elnur özü də başa düşürdü ki, bu adamlar onu izləyir. 17 aprel mitinqinə də elə buna görə gedə bilməmişdi. Həmin adamlar binanı az qala, mühasirəyə alıb onun çıxmağını gözləyirdilər. Mənə zəng elədi ki, ata, bəs, niyə məni gözləməmiş getmisən. Hələ məndən küsdü də. Dedim, mən elə bildim özün gedəcəksən. Tutulmağı da belə olub ki, mayın 5-də evə zəng edib dost adıyla Elnurun nömrəsini istəyiblər. Yoldaşım deyib ki, mən Elnurun dostlarını tanıyıram, hansıdır? O da cavab verib ki, adımı desəm, tanımazsınız. Yenə israr edəndə yoldaşım deyib nömrəni verə bilmərəm. Həmin adam da öz nömrəsini verib ki, Elnur gələndə ona zəng eləsin. Elnur zəng eləyəndə məlum olub ki, Nəsimi polisindəndir. ATƏT-in tədbirində olduğu üçün mayın 11-nə qədər gedə bilmədi. Amma dedi ki, gələn kimi gedəcəm. Dedi, istəmirəm ki, polis qapımızı döysün. 11-də getdi, elə həmin gün də həbs etdilər. Göz gördüyündən qorxar. Elnuru tuturlar ki, o biri gənclərin gözünü qorxutsunlar. O birilər aksiyalara çıxmasın. Amma bu, yanlış siyasətdir. Gənclər görəndə ki, yoldaşları haqsız yerə tutulub, bir az da aqressiv olurlar. Tutulanlara fikir verin, heç birindən əlavə söz, kiminsə əleyhinə ifadə ala bilmirlər. Çünki bu adamlar bilirlər ki, haqq yolundadırlar. Haqdan necə dönmək olar?”.
“Cabbarın həbsindən çox təsirlənmişdi”
Elnurun dünyaya gəlişi də çox qəribə tarixə – Milli Azadlıq Hərəkatının qızğın vaxtlarına təsadüf edib. Rəhimə xanım deyir ki, oğlu anadan olanda həyat yoldaşı mitinqdə olub: “Ona görə də Elnuru heç vaxt yolundan döndərmək mümkün deyil. Gözünü açandan atasını meydanlarda görüb. Özünün də canında var. Əvvəl çəkindirirdim. Deyirdim ki, ay bala, atana görə bu çətinlikləri, bu ağrıları çox çəkmişəm, mənə də yazığınız gəlsin, hansınızın narahatçılığını çəkim? Gördüm, faydası yoxdu, daha heç nə demədim, barışdım. Tanış-biliş deyirdi ki, uşağı bu yoldan çəkindirin. Dedim, atası çəkilməyibsə, oğlu da çəkilməyəcək.
Elnur bu mübarizənin sonunu görürdü. Deyirdi ki, bu yol düz yoldur. Gec-tez haqq yerini tapacaq. Cabbarın həbsindən çox təsirlənmişdi. Məhkəmədən gələndə dedi ki, ana, Cabbarın anası ağlamadı, özünü tox tutdu. Işdir məni tutsalar, sən də onun kimi ağlama, möhkəm ol…”.
Gültəkin