20 min abunəçinin nömrəsi işlək vəziyyətə gətirilib
Hazırda Azərbaycanın Rabitə Və Informasiya Texnologiyaları Nazirliyi (RITN) həm özünün, həm də digər operatorların qüvvələrindən istifadə etməklə “Catel” şəbəkəsini bərpa etməyə çalışır. Bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Iltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, indiyədək 20 minə yaxın abunəçinin nömrəsi işlək vəziyyətə gətirilib: “Bu işdə ”Bakı Telefon Rabitəsi” Istehsalat Birliyinin xidmətlərindən istifadə olunub. Digər “Catel” abunəçiləri üçün də mobil rabitə xidməti bərpa etmək üçün “Catel” rəhbərliyi ilə müzakirələr aparılır. Konkret hansı qərarın verilməsi yaxın günlərdə dəqiqləşəcək”. Abunəçilərə kompensasiya ödənilməsinə gəldikdə isə, nazir müavini belə bir məsələnin ölkə qanunvericiliyində nəzərdə tutulduğunu və bu cür məsələlərə başqa hallarda baxılacağını bildirib: “Bizim vəzifəmiz mövcud lisenziyalar çərçivəsində xidmətin təşkilinə şərait yaratmaqdır. Məlum texniki problemlər var ki, hazırda onun həlli o qədər də asan deyil. Nazirlik tərəfindən ”Catel”in məhkəməyə verilməsi səlahiyyəti yoxdur”.