“Azadlıq” nədən oxunur və kimlər onu həzm etmir?

Görəv sahibi olan YAP-çı tanışım söhbət əsnasında açıqca dedi ki, “Azadlıq” qəzetini hər gün oxuyur.Və əlavə etdi ki, yuxarıdakılar da bu qəzetin hər nömrəsini oxuyurlar.

“Sədərək” ticarət mərkəzində axtardığımı tapa bilmədiyim üçün bir xeyli dükana baş çəkdim.Az qala hər iki dükanın birində “Azadlıq” qəzeti ilə rastlaşdım.
Gedin, parkları dolaşın, “Azadlıq” oxuyurlar.

Qəzet oxuyanlar “Azadlıq” oxuyur və oxuduqlarını oxumayanlara danışırlar. “Azadlıq” qəzetini cümlə Azərbaycan oxuyur.

Təbii ki, oxuyub yuxusu ərşə çəkilənlər, yazılanları həzm etməyənlər də olur. Və olacaq da.Bir oxucu israr etdi, “Nərimanov” metrosunun yanındakı parkda görüşdük. Zat eynən qardaş Türkiyə telekanallarının birindən yayımlanan “Möhtəşəm yüz il” serialındakı Sünbül ağanı xatırlatdı mənə.Həkim arkadaşımın şahidliyi ilə söhbətimiz gerçəkləşdi.

Söhbət deyəndə ki, Sünbül ağanın bənzəri – arvadı bağça müdiri işləyən bir YAP-çı “Azadlıq” qəzetində dərc olunan yazılarıma münasibət bildirmək fikrindəydi.Və düzünü deyim ki, psixiatr həmkarım saqqal tutmasaydı, bu adama yox, adamcığa sadəcə, salam-sağ ol deyəcəkdim.Üz-üzdən utanır, həmkarımı qırmadım və “Istanbul” çayxanasında iki həkim yarım saatdan bir az artıq “Azadlıq”dan yanıqlı bir YAP-çını dinlədik.Başınız ağrımasın deyə onun söylədiklərini sətirbəsətir yazmıram.

Kəsəsi, müəllim “Azadlıq” qəzetində gedən tənqidi yazıları həzm edə bilmədiyini dönə-dönə təkrar edirdi və belə yazıların mentalitetə zidd olduğunu vurğulayırdı.
Şəxsən mən qəzet yazarlarına protesto edən müəllimə bir söz demədim, ancaq həmkarım o binəvaya bir-iki sual ünvanladı.Və aldığı cavabdan sonra telefon nömrəsini müəllimə verib dedi ki, macalı olsa dispanserə gəlsin ki, söhbətin davamını orada etsinlər.Arvadı bağça müdiri olan YAP-çı müəllimin müxalif fikir sahibləri barədə dedikləri məni əsla təəccübləndirmədi. Nədən ki, kölə AZADLIQ barədə yaxşı bir şey danışmaq iqtidarında ola bilməz. 

Odur ki, nə əhvalımı pozdum, nə də YAP-çı müəllimə haqsız olduğunu anlatmağa cəhd etdim.Fəqət bir həftə əvvəl, sülaləsi haqqında sonradan müfəssəl məlumat aldığım, həmrayonlumun “Azadlıq” qəzetinə yazdığım üçün üzümə tuşlanmış nifrət dolu baxışları məndə təəssüf hissi yaratmışdı.

Adam ən azı ayıbına lal olmaq yerinə coşğu ilə “Azadlıq” qəzetində Şahvələd Çobanoğlunun hakimiyyət əleyhinə yazdıqlarına münasibət bildirirdi.“Azadlıq”ı bu məmləkətdə hamı oxuyur.

Min basqı olsa belə, satışına əngəllər törədilsə də, internet səhifəsi həftədə bir ləyaqətsiz şəxslərin hücumuna məruz qalsa da “Azadlıq” oxunur.Nədən ki, “Azadlıq” şərəfli bir missiyanı – millətin AZAD olma missiyasını gerçəkləşdirir.Nədən ki, bu millətin içində bir AZADLIQ yanğısı mövcuddur.
Nədən ki, bu millətin 1918 və 1992-ci ildə daddığı AZADLIQ hələ də damağında qalıb.Və AZAD olmağa haqq edir bu millət.
Vəzifədən səkkizəlli yapışanlar, milyonçu kölələr, özünün, arvadının vəzifədən çıxarılacağından diksinən zavallılar, AZADLIQ adı gələndə ürəyini tutanlar, dubinkanı işə salanlar, istəsələr də, istəməsələr də AZADLIQ Azərbaycana təşrif buyuracaq.Azadlığın qorxunu yenməsi bu məmləkətdə də gerçəkləşəcək.

Çünki Azərbaycan AZADLIĞA hamilədir.
Yarımçıq, qismən azadlığa yox, tam, mükəmməl bir azadlığa.