Avroviziyanın keçici qırmızı bayrağı Azərbaycanda

Televiziyalarda Prezident Administrasiyasından gələn tapşırığa uyğun hay-küyə, çığır-bağıra açıq-aydın qondarma qələbə sevincinə baxın! Bir-birindən yaltaq, düşük, tanınmış, ünlü çıxışlarına baxın! Yadınıza ötən yüzilin yetmişinci illərinin keçici qırmızı bayraqlı “qələbələrini” salın. O çağlar da Azərbaycanın, Azərbaycan xalqının qələbəsindən danışılırdı, indi də Azərbaycanın, Azərbaycan xalqının qələbəsindən danışılır. Ancaq o çağlar olduğu kimi, indi də ortada Azərbaycanın, Azərbaycan xalqının qələbəsi adına nəsə yoxdur. O çağlar olduğu kimi, indi də qələbə çalan Əliyevlərdir. Bu, Azərbaycan üzərində, Azərbaycan xalqı üzərində Əliyevlərin yeni qələbəsidir. Ötən yüzilin yetmişinci illərində olduğu kimi, bu da şou-qələbədir!

Bunun başqa bir adı da var: pripiska-qələbə. Azərbaycan hər il dövlət planlarının 150 faiz doldurulması ilə bağlı Moskvadan keçici qırmızı bayraqlar alırdı. Bütün planları 150 faiz yeribə yetirən ölkə yoxsulluğa bürünmüşdü. Dövlət planlarını 150 faiz yerinə yetirən respublikanın mağazaları bomboş idi. Total yoxluq-yoxsulluq ucbatından adamların üzündən zəhrimar yağırdı. Ancaq televiziyalarda çal-çağır, tanınmış, ünlü kimsələrin yaltaq-yalaq çıxışları dünyanı başına götürürdü. Bu yaltaqlıq xorunda solo oxuyan “xalq şairi” bütün dünyaya çağırışda bulunurdu: “Cənnət görmək istəyən Azərbaycana gəlsin!”. Xruşşov yumşalmalarından yenicə dirçəlməyə başlayan Azərbaycanda 1969-cu ildən KQB hakimiyyəti qurulmuş, bu hakimiyyətin basqıları altında ölkə getdikcə cəhənnəmə çevrilmişdi.

M.S.Qorbaçovun baş katib postuna gəlişindən sonra, yenidənqurma prosesləri ilə bağlı Azərbaycanda məhkəmələrdən türmələrə geniş qapılar açıldı. Adamlar yığın-yığın istintaqa çəkildi, istintaqdan məhkəmələrə, məhkəmələrdən türmələrə yollar açıldı. Bunların hamısı 70-ci illərin, 80-ci illərin başlanğıcının plan pripiskalarına, qələbə şou-yalanlarına görə idi. Bunlar Heydər Əliyevin Azərbaycan xalqının başına açdığı oyunların acı sonucları idi. Türmələr pripiska fiqurantları ilə dolur, ailələr başsız qalır, Azərbaycan göz yaşına bürünürdü… Bunlar hamısı bəlli bir tayfanın, bəlli bir ailənin Azərbaycan xalqının başına açdığı “qələbə” oyunlarının acı sonucları idi. Rüşvətxorluq, korrupsiya, qohumbazlıq, yerlibazlıq kimi neqativ görsənişlərlə haylı-küylü “mübarizə” kampaniyası aparılırdı. Di gəl, səsi dünyanı başına götürmüş regionçuluq, klançılıqla birgə bunlar Heydər Əliyev yönətiminin özül prinsipləri olaraq ortaya çıxırdı. Heydər Əliyev yönətimində gerçək hüquq-qanunçuluq anlayışına yer olmadığı kimi, milli oyanış, milli dirçəliş anlayışlarına da yer yox idi. Buna görə Heydər Əliyevin 70-80-ci illərdəki hakimiyyəti dönəmində Azərbaycan xalqı amansızcasına tapdanıb əzildi.

Sovet dövlətinin dağılması ilə Azərbaycanda yenidən milli oyanış, milli dirçəliş dönəmi başladı. Bu dönəm neftimiz başda olmaqla doğal resursların gücünə Azərbaycana çox böyük uğurlar qazandıracaq, Azərbaycan yalnız Qafqazın deyil, bütün regionun üstün dövlətlərindən birinə çevriləcəkdi, sözsüz, dönməz demokratiya yolu ilə. Ancaq… içimizdəki satqınların, dönüklərin, troya atlarının, hansısa “mamedovların” Heydər Əliyevi yenidən hakimiyyətə gətirməsi Azərbaycanda bir daha əliyevçi KQB hakimiyyəti qurulmasına, ölkəmizin bir daha rüşvət, korrupsiya, klançılıq bataqlığına batmağına gətirib çıxardı.
Qarabağı verib hakimiyyətə gələnlərin xalqa Avroviziya qələbə-bayramı düzəltmələri xalqı əskiltməkdir. Demokratiya istəyən Azərbaycan gəncliyini əzən, türmələrə dolduran bir rejimin yalançı Avroviziya birinciliyini “Azərbaycan gəncliyinin qürur, şərəf işi” adlandırması da Azərbaycan gəncliyini əskiltməkdir. Korrupsiya rejimində, korrupsiya içində qazanılan bütün “qələbələr” yalançı qələbədir.