2aprel-3

2 aprel mitinqi ilə bağlı istintaq yekunlaşır

Fazil Həsənəliyev: «Özümüz maraqlıyıq ki, vaxtında yekunlaşdıraq»

Tural Abbaslının şikayəti təmin olunmadı, Elnur Məcidlinin həbsindən şikayət verildi

Ictimai Palatanın 2 aprel mitinqində tutularaq barəsində iki aylıq həbs qərarı çıxarılan dustaqlarla bağlı yeni xəbərlər var. Dünən Səbayel Rayon Məhkəməsi Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində çıxarılmış həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi müraciətini təmin etməyib.
Bu barədə qəzetimizə vəkil Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, prosesdə T.Abbaslı özü də iştirak edib: “Tural dedi ki, bu dövlətin yolunda babalarımız o vaxt Sibirdə yatıblar, biz də Kürdəxanıda yatırıq. Dedi, ya mənə hüquqi cəhətdən əsaslandırılmış dəlillərlə cinayət işi açın, ya da üzr istəyib azadlığa buraxın”.
Qərardan apelyasiya şikayəti verəcəklərini deyən vəkilin sözlərinə görə, T.Abbaslının işi üzrə aparılan istintaq yekunlaşmaq üzrədir. A.Qasımov müdafiə etdiyi şəxsin istintaqa ifadə verməkdən imtina etdiyini də bildirib: “Istintaqa heç bir ifadə vermir. Polislərlə üzləşdirmədən də imtina etdi. Dedi ki, bu adamlar mitinqdə onu döyüblər, onlarla nə danışacaq”.
AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli bir neçə gün əvvəl ailəsi ilə görüşüb. Bu barədə vəkil Azər Nağıyev məlumat verib. Onun sözlərinə görə, M.Məcidlinin saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti yoxdur: “Istintaqa bir sıra vəsatətlər təqdim etmişik. Hələ ki cavab verməyiblər”.
Mayın 11-də həbs edilən AXCP fəalı Elnur Məcidlinin həbs qərarından apelyasiya şikayəti verilib. Vəkil Əkbər Bağırovun sözlərinə görə, şikayətə nə vaxt baxılacağı hələ məlum deyil: “Ötən həftənin şənbə günü onu Kürdəxanıya köçürüblər. Saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Bugünlərdə istintaq təcridxanasına gedib onunla görüşəcəm”.
Vəkil Yalçın Imanov  müdafiə etdiyi gənclərin – müsavatçı Əhəd Məmmədli və bitərəf Elnur Israfilovun cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı bugünlərdə Səbail Rayon Məhkəməsinə müraciət edəcək: “Saxlanma şəraitlərindən şikayətləri yoxdur. Sadəcə Elnur Israfilovun səhhətində çox ciddi problemlər var. Cəzalarının ev dustaqlığı ilə əvəzlənməsinə çalışacağıq.  Səbail Rayon Məhkəməsinin müraciətimizə müsbət cavab verəcəyinə o qədər də inanmırıq, amma yenə də cəhd edəcəyik”.
Bakı Şəhər Prokurorluğu 2 aprel aksiyası ilə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. Istintaqı prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu aparır. Istintaq qrupunun rəhbəri, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev dünən APA-ya açıqlamasında bildirib ki, başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. O, qeyd edib ki, mətbuatda istintaqın qəsdən uzadılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur: “Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Artıq istintaq tamamlanmaq üzrədir”.
2 aprel mitinqi ilə bağlı barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilənlər AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli, partiyanın Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli, partiya fəalları Arif Alışlı, Babək Həsənov, Elnur Məcidli, Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli,  müsavatçı fəal Elşən Həsənov, həmçinin bitərəflər Elnur Israfilov və Ülvi Quliyevdir.

Gültəkin