Din və Demokratiya Mərkəzi “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib
Din və Demokratiya Mərkəzi 2011-ci il mayın 14-də 190 saylı orta ümumtəhsil məktəbində “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib. Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə edib. Məruzəçi təbiətə sevgi ilə yanaşmağın teoloji aspektlərindən söz açaraq bildirib ki, bütün maddi və ruhani varlıqların qlobal mənada tabe olduqları sistemin yaradıcısı Ali Şüur, Ali Güc, Ali Qüdrət, yəni Tanrıdır. Mikrodan makroya bütün varlıqlar, insanların isə müəyyən qismi Ona səcdə etməkdədir. “Təbiət öz sərvətləri ilə bizi bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, eyni zamanda Tanrının dərki yollarında insana bələdçilik edir. Mükəlləf bir varlıq olan insanın dini vəzifələrindən biri də təbiətə, dünyadakı gözəllikləriə biganə qalmamaq, onları qorumaqdır”, deyə ilahiyyatçı vurğulayıb.
DDM sədrinin müavini Vasif Sadıqlı öz çıxışında bildirib ki, Azərbaycan incəsənətində insanları istər cansız təbiətə, istərsə də bitkilər və heyvanlar aləminə qayğı ilə yanaşmağa çağıran çoxlu örnəklər var. “Azərbaycan xalqı təbiətə təkcə qida mənbəyi kimi baxmayıb. O daha çox estetik həzz mənbəyi kimi götürülür. Hesab edilir ki, canlı və cansız aləmdəki bir sıra gözəlliklər insanın fiziki gözəlliyindən daha üstündür. Məruzəçi iştirakçıların diqqətini belə örnəklərə cəlb edərək ekologiyaya münasibətin bir mənəviyyat məsələsi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova “Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb edib: “Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialnın 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidədir. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi 10 min ha təşkil edir”. Məruzəçi ekologiya sahəsində gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi
dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində Xəzər Universitetinin “Dünya” məktəbində, akademik Zərifə Əliyeva adına məktəbdə və 189 saylı məktəbdə keçirilən görüşlərin davamı olaraq gerçəkləşdirilib.