Mütəxəssislər nə yediyimizə diqqət yetirməyi tövsiyə edirlər
Genetik modifikasiyalı məhsulların zərəri tezliklə bilinəcək
Ölkə bazarında yetərincə saxta məhsullar var. Lakin bu dəfə xarici zərərli təsirləri bədənimizə daşıyan geyim və onun atributlarından bəhs etməyəcəyik. Söhbət birbaşa orqanizmin sağlamlığına ciddi təhlükə yaradan, qəbul etdiyimiz qida məhsulları barədədir.
Hamıya bəllidir ki, hələ ölkə daxilində əksər meyvə-tərəvəz məhsulları yetişməyib. Yəni hələ alça ağacları gülünü tökməyib, çiyələk isə ətirli qırmızı yanağını torpaqdan qaldırmayıb. Eləcə də qarpız-yemiş tağı, lobya-badımcan ləkləri, həmçinin mövsümü yetişməyən meyvələr yol gözləyir. Amma satışda quş südündən tutmuş, can dərmanına qədər hər məhsulun olduğu şəraitdə, onların insana nə dərəcədə gərəkli və zərərli cəhətinə diqqət yetirən yoxdur. Qısası, hələ mövsümü başlamayan alça və çiyələyin vaxtsız-vədəsiz, həmçinin budağından dərildiyi formada da bazara çıxarılması çox anormal haldır. Ən azı çiyələyin dərilmə və istifadə müddəti çox azdır. Artıq çoxdan satışda olan bu meyvə hansı ölkədən gətirilməkdən əlavə, günlərlə satışda qalsa da süni bəzək atributu kimi öz formasını saxlamaqda davam edir.
“Meyvəli” MMC insanlara nə satır?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, xaricdən gətirilən meyvələr müvafiq meyvə-tərəvəz bazasında saxlanılır. Həmçinin yerli meyvə-tərəvəz məhsulları da çox böyük qiymətə tikilmiş soyuducu anbarlara yığılır: “Onlardan biri Xırdalanda yerləşən ”Meyvəli” MMC-dir. Məhsulların üzərində ekspertiza aparılması, onların nitrit və digərləri ilə nə dərəcədə zəhərlənməsi, qaz kameralarında saxlanılan zaman vəziyyətinin necə olması barədə dövlət orqanlarına rəsmi müraciətlər göndəririk. Kənd Təsərrüfatı Nazirliyindən rəsmi cavab aldıq ki, “Meyvəli” MMC meyvə-tərəvəz bazasında heç bir ekspertiza və yoxlama aparılmır. Hətta dövlət orqanlarını da ora buraxmırlar. Baxmayaraq ki, bazara çıxarılan bütün məhsullar müəyyən kirlənmə prosesindən keçir, yəni tarladan istehlakçının süfrəsinə gələnə qədər risqli anları olur. Həmin anlarda da onlar baza soyuducularında saxlanmalıdır. Biz “Meyvəli” MMC-yə laboratoriya qurulması barədə təmənnasız kömək təklifiylə müraciət etdik. Lakin bu günə qədər onlardan cavab almamışıq”.
E.Hüseynov sözügedən bazaya xaricdən daxil olan meyvə-tərəvəzin heç bir ekspertizadan keçirilmədiyini və nəticədə istehlakçıların həyatının böyük risq altında olduğunu söylədi. Həmsöhbətimizə görə, Avropa qonşuluq siyasətində Azərbaycan qarşısında qoyulan əsas məsələ məhsulların keyfiyyətlə təqdim edilməsi və istehlakçı hüquqlarının qorunmasıdır ki, bu sahədə çox pis vəziyyət yaşanır: “Mövsümdən öncə çıxarılan və naməlum ölkədən gətirilən meyvə-tərəvəz çox təhlükəli sayılır və alıcılar onu almamalıdır”.
Geni dəyişdirilmiş tərəvəz 10-15 il qala bilir, temperatur dəyişəndə isə sürətlə xarab olur
Professor, tibb elmləri doktoru Adil Qeybulla qəzetimizə açıqlamasında genetik modifikasiya olunmuş maddələr vurulan məhsullardan danışdı. Professor bu yolla geni dəyişdirilmiş meyvə-tərəvəzin əslində, yeni bir məhsul sayıldığını bildirdi: “Yeni məhsulun da insana zərərli təsiri birdən-birə aşkar olunmayacaq. Ona görə də dünya genetik modifikasiya olunmuş məhsullarla bağlı baş sındırır. Təsəvvür edin, pomidorun bir genini dəyişdirərək onu losos balığın geniylə əvəz edirlər. Nəticədə pomidor yeni bir xassə alır, deyək ki, 12 dərəcə temperaturda 10-15 il qalmaq imkanı qazanır. Onun temperaturu dəyişən kimi də meyvə xarab olur. Çiyələk və digər satışda olan mövsümü gəlməmiş meyvələr də yeni xassə alır və onlar müəyyən temperaturda uzun müddət qalırlar. Həmin meyvə-tərəvəzi xüsusi refrejatorlarda ölkələrə daşıyanda xarab olmur, formalarını dəyişmir, elə bil süni surətdə, əllə hazırlanıb. Müəyyən temperaturda isə xarab olmağa başlayır”. Həmsöhbətimiz söylədi ki, Azərbaycanın ərzaq təhlükəsizliyi proqramı olmalıdır, ölkəyə gətirilən ərzaqların keyfiyyət parametri mütləq ictimailəşməlidir. Tərəvəz və meyvələrin imkan daxilində yerli resurslardan istifadə olunmasını vacib sayan A.Qeybulla, ölkə əhalisini bu məhsullarla təminatına kifayət qədər imkan olduğunu bildirdi. Bu məsələnin ciddiliyinə diqqəti çəkən professor, vaxtilə kənd təsərrüfatı məhsullarımızla lider ölkə olduğumuzu da xatırlatdı. Amma nə fayda? Zərərli və vaxtsız-vədəsiz yetişdirilən məhsullarla səhhətimizi öz əlimizlə korlayırıq.
Nigar