Rusiyadan Azərbaycana “Eurovision” şoku

Rusiyanın ORT telekanalında yayımlanan “Pust qovaryat” verilişinin “Eurovision-2011”a həsr olunan sonuncu nömrəsində Azərbaycanla bağlı xoşagəlməz olay yaşanıb. Belə ki, proqramda “Eurovision-2011” müsabiqəsinin finalında çıxış edəcək ölkələrdən bəhs edilib və hər ölkə təmsilçisinin ifasından fraqmentlər nümayiş etdirilib. Azərbaycan təmsilçiləri Eldar və Nigarın ifasından fraqment nümayiş olunduqdan sonra Azərbaycan adı Ermənistan bayrağı altında göstərilib.

Azərbaycan media mənsubları Rusiya nümayəndə heyətini xəbərdar etdikdən sonra, hazırda Düsseldorfda olan ORT-nin aparıcısı və Rusiyanın “Eurovision” üzrə şərhçisi Yana Çurikova bu məsələdən dolayı Azərbaycan xalqından üzr istəyib: “Bu məsələdən biz xəbərsizik və hər birinizdən üzr istəyirik. Bu hansısa bir montajçının diqqətsizliyidir və bundan Andrey Malaxov da xəbərsiz olub. Biz bu vəziyyəti düzəltmək üçün ORT-nin rəsmi saytında dəyişikliklər edəcəyik. Eyni zamanda bu yanlışlığa görə bu gün axşam canlı yayımda şərh zamanı Azərbaycan xalqından üzr istəyəcəyəm”.