«Putin korrupsiya simvolu sayılır, Medvedev barəsində isə islahatçı fikri formalaşıb»
Ceyran Bayramova: «Medvedevin prezident olması həm Qərb, həm də Rusiyanın özü üçün daha əlverişlidir»
Rusiyada parlament və prezident seçkiləri yaxınlaşdıqca ölkə başçısı Medvedevlə baş nazir Putin arasında gərginlik artır. Növbəti aylarda münasibətlərin daha da kəskinləşəcəyini gözləmək olarmı və hazırkı durum Rusiyaya nə vəd edir? Məsələ ilə bağlı siyasi ekspert Ceyran Bayramovanın fikirləri ilə tanış olduq.
– Rusiyada parlament və prezident seçkiləri yaxınlaşır. Ilk qarşıdurma artıq görünməkdədir. Medvedevlə Putinin bəyanatları onların eyni mövqedə olmadığını göstərir. Bu, ölkədə inzibati parçalanma sayıla bilərmi?
– Mən belə düşünmürəm. Bu, daha çox seçkiqabağı intriqaya bənzəyir. Ajiotaj yaradacaq addımlar atırlar ki, görsünlər siyasi elita kimi daha çox dəstəkləyəcək. Çünki indi siyasi elitanın özündə ziddiyyət var. Burada daha çox varlı təbəqə cəmləşib. Onlar üçün Putinin dövründə əldə etdikləri var-dövləti qoruyub saxlamaq vacibdir. Indi də baxırlar ki, onlara kim daha sərfəlidir, Medvedev, yoxsa Putin. Putinin iki müddətə seçilməsi də təsadüfi deyildi. Çünki o daha çox təhlükəsizliklə bağlı problemləri ortaya çıxarmışdı. O dövrdə insanlar qorxu altında yaşayırdılar. Onlar güclü, siyasi ambisiyalı liderlərə üstünlük verirdi. Bu baxımdan Putin daha görkəmli lider idi. Indi zaman bir qədər dəyişib. Düzdür, terror hadisələri baş verir. Ancaq bu cür addımların yenə də təkrarlanacağına inanmıram. Çünki təkrarlansa, onda Putinin reytinqi bir qədər də artacaq. Amma ziddiyyətli bəyanatların səslənməsi bir mesajdır. Medvedev özünü Putinə bənzər lider kimi təqdim etmək istəyir. Rusiya cəmiyyətində demokratiya, söz azadlığı, insan hüquqlarından daha çox məhz güclü, xarizmatik liderlərə üstünlük verirlər. Medvedev də özünü Putin kimi, öz sözünə sahib olan lider kimi aparmaq istəyir ki, daha çox səs toplaya bilsin. Ancaq onlar ikilikdə tandem olaraq qalır. Çünki bir-birindən asılıdırlar. Hansının prezident olması vacib deyil. Əsas odur ki, bu tandem saxlanılsın. Cəmiyyət də onların ayrı olmasına hazır deyil. Putinin zamanında müxalifət parçalandı. Medvedev Putini sıradan çıxarmaq istəsə, siyasi elita da parçalanmaya doğru gedə bilər. Amma bu çox təhlükəlidir. Çünki Medvedev Putindən, Putin də Medvedevdən asılıdır. Putin daha çox daxili siyasi məsələlərə baxır. Bunun üçün o, Medvedevə lazımdır. Rusiya Putinin qurduğu sistem əsasında addımlayır. Medvedev isə özünü islahatçı lider kimi təqdim etmişdi. Onun yürütdüyü siyasi kurs daha çox Qərblə, Avropa ölkələri ilə münasibətlər qurmağa yönəlib. Xarici məsələlərdə Medvedev, daxili məsələlərdə isə Putin üstündür. Ona görə bu tandem hələ davam edəcək.
– Hava limanında baş verən partlayışlar, Şimali Qafqazda baş verənlər həm də Putini terror qarşısında aciz göstərmək cəhdi deyildimi?
– Bunu biz belə düşünürük. Ancaq Rusiya cəmiyyəti, şovinist düşüncəli insanlar üçün hər bir terror hadisəsindən sonra Putinin reytinqi artır. Bu da ona cəmiyyətdə etimad qazandırır. Onun daha da sərt addımlar atmasını istəyirlər. Yəni “KQB”nin əsasında qurulan bu sistem özünü gələcəkdə də doğrultsun.
– Sergey Mironovla Putin arasında problem yaranıb. Eyni zamanda Qərblə müxalifət sanki Medvedevin ətrafında müsbət bir rəy yaratmaq üçün iş aparır. Mironov da daha çox Medvedevin mövqeyinə yaxın mövqe sərgiləyir. Bu, parlament seçkilərinə necə nəticə göstərəcək?
– Intriqa görüntüsü yaradırlar. Məncə, indiki zamanda hələ ki, Medvedev daha şanslı namizəd kimi görünür. Çünki o, birmənalı şəkildə prezidentliyə namizədliyini irəli sürəcəyini deməyib. O, sadəcə bunu istisna etməyib. Bütün bu addımlar qorunmaq üçündür. Medvedevin mövqelərini daha da möhkəmləndirmək istəyirlər.
– Medvedev və Putinlə bağlı WikiLeaks sənədlərinə baxanda orda daha çox Putin ifşa olunur. Buna əsasən Qərbin Rusiyada öz seçimini etdiyini demək olar?
– Indiki məqamda dəstək məsələsi barədə söz demək çətindir. Ancaq Qərbin simpatiyası daha çox Medvedevin üzərindədir. Çünki o, danışıqlara daha rahat gedən siyasətçidir. Əgər Putin korrupsiya simvolu sayılırsa, Medvedev barəsində əksinə, islahatçı fikri formalaşıb. Rusiya iqtisadi böhrandan sonra ölkəyə xarici sərmayələrin gəlməsində maraqlıdır. Xarici sərmayələr siyasi stabillik və prezidentə etimad olan yerdə gəlir. Bunun üçün islahatlar gerçəkləşdirilməlidir. Bunların hamısının arxasında Putindən daha çox Medvedevin fiquru nəzərə çarpır. Aydındır ki, Qərb Putinin yenidən prezident postuna qayıtmasına razı olmaz. Çünki o prezident olsa, radikallaşmaya gedəcək. Daxili siyasi vəziyyətin hara gedib çıxacağını bilmək olmaz. Ona görə Medvedevin prezident olması həm Qərb üçün, həm də Rusiyanın özü üçün daha əlverişlidir.
– Rusiyada baş verənlər onun təsir dairəsində olan ölkələrə də təsirsiz ötüşmür. Indiki halda bu iki şəxsdən birinin tam qələbəsi konkret Azərbaycan və Ermənistana necə təsir edə bilər?
– Heç bir təsiri olmayacaq. Medvedev prezident idi, onun nə təsiri oldu? Qısa perspektivdə heç nə olmayacaq. Rusiya liberallaşmaya doğru getsə, onda əlbəttə ki, bizdə də dəyişikliklər olacaq. Amma Rusiyadakı siyasi rejim dəyişməyincə, fərqli heç nə olmayacaq. Yəqin bu siyasi rejim yaxın on ildə dəyişməz qalacaq. Dəyişiklik yalnız Rusiya dağılanda ola bilər. Bu da qeyri-real görünür.
– Sözünüzdən belə çıxır ki, Medvedev yenə prezident olsa, onda baş nazir yenə də Putin olacaq və bu iki şəxs sona qədər birlikdə işləyəcək?
– Əlbəttə. Heç olmasa müəyyən müddət belə olacaq. Amma Medvedev vəziyyəti liberallaşmaya doğru dəyişə bilər. Hansısa uğurlar əldə etsə, bu, artıq vəziyyətin dəyişməsinə gətirib çıxara bilər.
Fizzə Heydərli,
Seymur Həziyev