Xuraman Alışlı: «Adam öldürən, rüşvət alan azadlıqda gəzir, mitinqə çıxıb sözünü deyəni həbsə atırlar»
«Arif əqidəsinə o qədər sadiqdir ki, istəsək də, onu yolundan döndərə bilmərik»
Arif Alışlı 2 aprel mitinqində həbs olunan müxalifətçilərdən biridir. AXCP Səbayel şöbəsinin fəallarından olan A.Alışlını aksiya zamanı avtobusa təpik vurmaq adıyla saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə ittiham irəli sürülüb, barəsində də iki aylıq həbs qərarı çıxarılıb.
Vəkili deyir ki, əslində, hadisə zamanı Arif bəy avtobusun içində olub. Polis onu zorla içəri salandan sonra, gözyaşardıcı qazdan istifadə edib. A.Alışlı da qazdan xilas olmaq üçün təbii olaraq avtobusu döyəcləyib. Dünən Arif bəyin evinə yollanıb həyat yoldaşı Xuraman xanımın qonağı olduq. Həbsdə olan fəlların cinayət əməli törətmədiyini, məhz mitinqlərdə iştiraka görə cəzalandırıldıqlarını hər kəs bilir. Görək, bu mübariz insanların ailələri bütün bunlar barədə nə düşünürlər?
“Cəbhənin yaranmağını Sabirabada ilk xəbər verənlərdən biri Arif olmuşdu”
– Xuraman xanım, əvvəlcə gəlin, Arif bəyi bir az yaxından tanıyaq…
– Arif 1962-ci ildə Sabirabadın Ulacalı kəndində anadan olub. Orta məktəbi elə Sabirabadda oxuyub, sonra da Iqtisad Universtetinə daxil olub. Universiteti bitirəndən sonra işləmək üçün təyinatla Kəlbəcərə gedib. Sonra Sabirabada qayıdıb bir neçə il müfəttiş kimi işləyib. Mən Arifi tanıyandan o, mübarizənin önündədir. Biz hələ ailə həyatı qurmamışdıq, Arif cəbhənin üzvü idi. Partiya yarananda Sabirabada ilk xəbər aparanlardan biri Arif olmuşdu. Kənd camaatına hay salmışdı ki, bəs, belə bir təşkilat yaranıb, xəbəriniz olsun.
– Arif bəy həbs olunacağını gözləyirdimi, yoxsa, bu, onun üçün də, ailəsi üçün də gözlənilməz oldu?
– Qətiyyən gözlənilməz olmadı. Arif özü həmişə deyirdi ki, məni də həbs edəcəklər. Elə bil, bizi həbsinə hazırlayırdı. Deyirdi, ola bilsin məni də tutdular. Çünki onu hələ həbsindən əvvəl izləyirdilər. Bir yerə gedəndə binaların arası ilə gedirdi ki, heç kim görməsin. Aprelin 2-də mitinqə gedəndə axırıncı sözü bu oldu ki, hər şeyə hazır olun. Həmin gün iki “Azadlıq” qəzeti almışdı. Dedi, biri sizdə qalsın, birini də yolda oxuyacam.
“Bu hökuməti xalqın taleyi maraqlandırmır”
– Xuraman xanım, bu çətin yolda ilk gündən Arif bəyin yanında olmusunuz. Müxalifətçiyə yoldaşlıq etmək çətin deyil ki?
– Arifin hansı yolda olduğunu ilk gündən bilirdim. Heç vaxt bu məsələdə ona qarşı çıxmamışam. Düzü, qarşı çıxsaydım da, xeyri olmazdı. Arif bir şeyi dedisə, qurtardı. Düzgünlüyü sevən adamdır. Yalanla, fırıldaqla, ikiüzlülüklə işi yoxdur. Nə olursa-olsun sözün düzünü deyər, özü də heç nədən çəkinmədən. Sözündən, əqidəsindən də heç vaxt dönməz. Evdə də belədir. Ona görə onu fikrindən daşındırmağa heç çalışmamışam da. Bilmişəm ki, əqidəsindən döndərə bilmərəm. Niyə də döndərməliyəm? Arif neyləyir ki? Hansı cinayəti törədib? Adam öldürüb, terror eləyib, yoxsa rüşvət alıb? Böyük cinayətlər törədən adamlar azadlıqda gəzir, küçəyə çıxıb sözünü deyəni həbsə atırlar. Mitinqə də elə ona görə çıxırdı ki, Azərbaycan vətəndaşı kimi öz haqlarını tələb etsin. Ona da imkan vermədilər, tutub saldılar içəri. Kimsə sözün düzünü deyirsə, onu hər şeydən təcrid etmək, başına bu cür müsibətlər gətirmək lazımdır? Bu adam nə istəyir? Istəyir ki, hökumət bu camaatı da nəzərə alsın, insanların yaşaması, normal işlə təmin olunması üçün şərait yaradılsın, heç kimin haqqı tapdanmasın.
Arif bu həyatda çox əziyyətlər çəkib. Ali məktəbə öz biliyi ilə girmişdi. Nə tapşıranı vardı, nə pul verəni, nə arxasınca gələni. Ata-anası ona ancaq xərclik göndərirdi. Bu cür çətinliklə oxuyub. Bu qədər əziyyəti çəkməmişdi ki, bu gün işsiz-gücsüz qalsın. Onun kimi savadlı adam çox azdır. Amma hara gedir, bir bəhanə ilə geri qaytarırlar. Bu ölkədə insanın nə təhsilinə qiymət verən var, nə bacarığına. Insanların taleyi bu hökuməti qətiyyən maraqlandırmır. Üç övladımız var. Görəsən, hökumət düşünmür ki, bu uşaqlar necə dolanmalıdır, nə yeməlidir? Bəyəm, müxalifətçi bu ölkənin vətəndaşı deyil?
“Camaatın çoxu narazıdır, amma qorxurlar”
– Xuraman xanım, bu ölkədə müxalifətçi olmağın nələrə başa gəldiyini bilirsiniz. Siyasi əqidəsinə görə Arif bəydən yan gəzənlər, sizi ittiham edənlər olurmu?
– Bilirsiz, əslində camaatın 90 faizinin vəziyyəti pisdir. Ürəyində də, dilində də hamı bizim dediyimizi deyir. Hamı narazıdır. Amma çoxu cəsarət edib irəli çıxa, sözünü deyə bilmir. Camaat qorxur. Fikirləşirlər ki, filankəs dedi, nə oldu? Arif kimi birini tutanda, gözləri bir az da qorxur ki, gedərik, bizi də tutarlar. Arifə qohum-əqrəbada, qonşular arasında hamının hörməti var. Amma dediyim kimi, çoxu çıxıb etiraz etməkdən çəkinir.
– Həbs olunandan sonra Arif bəylə heç görüşə bilmisinizmi?
– Elə dünən getmişdik, imkan vermədilər. Iki yaşlı oğlumu da aparmışdım ki, heç olmasa, uşağın üzünü görsün. Uşaq ağladı, özünü öldürdü, uzaqdan-uzağa – 30 metr məsafədən güclə görə bildik. Elə davranırdılar ki, guya, bu adam qatı cinayətkardır. Adam öldürəni heç o cür müşayiət eləmirlər. Ev dustaqlığı ilə əvəz oluna bilərdi, onu da eləmədilər. Fikirləşmirlər ki, bu adamın üç uşağı başsız qalıb. Mənə maraqlıdır ki, Arifə hansı adla cəza verəcəklər? Bu adamın hansı cinayətkar əməli var axı?
Gültəkin