Haaqa tribunalında Liviya diktatorunun həbsinə hazırlıq gedir
NATO Liviyada Qəzzafi rejiminə qarşı hava əməliyyatlarıyla yanaşı, diktatorun hədəflərini dənizdən də vurmağa başlayıb. Liviya sahillərinə yaxın sularda lövbər salmış Ingiltərə, Kanada və Fransanın hərbi gəmiləri üsyançıların Misrata aeroportunu ələ keçirməsindən bir neçə saat sonra diktatorun əsgərlərini top hücumuna məruz qoyublar.
Avroatlantik alyansdan yayılan açıqlamaya görə, Qəzzafiyə sadiq əsgərlər NATO-nun Liviya sularındakı hərbi donanmasına məxsus gəmiləri atəşə tutublar. Müttəfiq ölkələrin hərbi donanması da buna cavab olaraq Qəzzafi qüvvələrinin hədəflərini dənizdən vurub.
Bundan başqa, ABŞ-da səfərdə olan Liviya müxalifətinin Benqazidə qurduğu Müvəqqəti Keçid Şurasının diplomatik missiyasının başçısı Mahmud Cəbrayıl prezident Barak Obama ilə görüşdən əvvəl Vaşinqtonun üsyançıları legitim hakimiyyət kimi tanımasını arzuladığını dilə gətirib.
Haaqa məhkəməsinin prokuroru Luis Moreno Okampo Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxsin həbsini tələb edəcəyini bildirib. Prokuror onların adlarını açıqlamasa da, siyahıda Liviya diktatoru Müəmmər Qəzzafinin ön sırada yer alacağı təxmin edilir.
Ittihamçının sözlərinə görə, 11 ölkədə 30 missiyanın əldə etdiyi 50 müsahibə, video və fotoşəkillər Liviyada mülki əhalinin təhlükəsizlik qüvvələrinin sistematik hücumuna məruz qaldığını göstərir. Prokuror fevraldan bəri Qəzzafi qüvvələrinin hökumət əleyhinə nümayişçilərə qəddarcasına divan tutduğunu deyib.
İnformasiya şöbəsi