Ədalət Yusibov: «Mitinqlərə ara verilməsi heç də o cür yozula bilməz ki, Ictimai Palata fürsəti əldən verib»
KXCP sədri Mirmahmud Mirəlioğlu mətbuata açıqlamasında Ictimai Palatanın ünvanına sərt ittihamlar səsləndirib. M.Mirəlioğlu hesab edir ki, Ictimai Palata arzuların gerçəkləşdirilməsi imkanını əldən vermiş bir qurumdur. Bundan başqa, son günlər mətbuatda KXCP-nin ADP, ALP və VIP-lə birliyə girərək IP-ya alternativ yaratmağa cəhd edəcəyi barədə informasiyalar yayılmaqdadır.
Məsələ ilə bağlı KXCP funksioneri, IP Koordinasiya Şurasının üzvü Ədalət Yusibovun mövqeyini öyrəndik. IP-nın məqsədlərinin nədən ibarət olduğunu ictimaiyyətə açıqladığını deyən Ə.Yusibov vurğuladı ki, bu məqsədlər insan hüquqlarının təmin olunması, normal cəmiyyətin yaradılması, sosial, siyasi və iqtisadi sahədə köklü islahatların aparılmasından ibarətdir: “Hazırda Ictimai Palata özünün təşkilatlanma dövrünü yaşayır və bu proses çox sürətlə davam edir. KXCP də bu prosesdə bir tərəfdir. Çox təəssüflər olsun bəzən Azərbaycan ictimaiyyətində fəaliyyətin yalnız bir formasını dəyərləndirirlər. Bu da mitinq və kütləvi tədbirlər formasıdır. Mitinqlərə son iyirmi beş gündə ara verilməsi belə fikir formalaşdıra bilər. Amma bu heç də o cür yozula bilməz ki, Ictimai Palata fürsəti əldən verib”.
KXCP-nin bir sıra partiyalarla yeni bloka daxil olmaq niyyətinə gəlincə, Ə.Yusibov vurğuladı ki, mətbuatda belə informasiyaların yayılması hələ bunun reallıq olduğu demək deyil: “Bütün nəticələr verilmiş qərarlara uyğun yozulmalıdır. KXCP Ictimai Palatada iştirak edir. Partiyanın verdiyi qərarla rəsmən mən KXCP-nin Ictimai Palatada təmsilçisiyəm. Digər tərəfdən, Ictimai Palatada fəaliyyətin dərinləşdirilməsi ilə bağlı ortaq qərarımız var. Bu baxımdan sədrimizin verilmiş qərara uyğun hərəkətlərini yüksək qiymətləndirirəm. Bu heç də elə qiymətləndirilməməlidir ki, Ictimai Palatadan kənarda hər hansı başqa qurum yaradıla bilər. Hər halda gələcək hər şeyi aydın şəkildə yoluna qoyacaq. Bu gün KXCP-dən olan namizədlərin bir çoxu Ictimai Palatada təmsil olunublar. Ümidvaram ki, onların bütün diqqət və meyilləri də məhz bu istiqamətdə olacaq”.
Xəyal