Hakimiyyət bütün cəbhələr boyu hücuma keçib. Repressiyaya restart verilib.
Imkanları çatan qədər həbs eləyirlər, birini döyürlər, birini qaçırırlar, birinin yaxınlarına təzyiqlər edilir, birini işindən çıxarırlar, birilərini işdən, birilərini oxuduğu institutdan, hətta valideynləri aktiv olan uşaqları orta məktəbdən qovurlar, ya qovmaqla hədələyirlər.
Şərləyirlər, gizli kameralara çəkib sındırmağa çalışırlar, üstünə narkotik ittihamı yükləyirlər, küçədə ucadan danışdığına görə… məsuliyyətə cəlb eləyirlər, sutka verirlər, sonra sutkanı aya çevirirlər, ayları ilə döndərirlər…
Ən dəhşətlisi – çoxluğu daim xofda, gözləmədə saxlamaqla amansız mənəvi işgəncə verirlər. Bu, işgəncənin, repressiyanın ən dözülməzi, ən dəhşəti, ən vəhşisidi. Qalan bütün cəza növləri bunun yanında toya getməlidi. Bu işgəncə həm də ona görə dəhşətlidi ki, insan-fərd bunu içində çəkməli olur. Bu növ işgəncəni hətta istəsə belə Elçin Behbudov kimi nəhəng qeydə ala bilməz – gözlə görünmür, şəkli çəkilmir, yaralar, çapıqlar, şişmələr, deşiklər, göyərtilər, zolaqlar nəzərə çarpmır. Dünyanın ən humanitar təşkilatları belə bu işgəncə növünə reaksiya verə, səsini ucalda, adamı vicdan məhbusu elan eləyə bilmir. Işgəncəyə məruz qalanın özü belə, nə dərdini kimsəyə aça, nə hansısa dövlətdən sığınacaq istəyə, nə də çəkdiklərinin necə dəhşət olmasını kimsəyə isbat eləyə bilir.
Məsələ ondadı ki, yerdə qalan bütün repressiya hərəkətləri də əslində elə buna xidmət eləyir – adamları öz içində həbs eləmək, boğmaq, qanını axıtmaq və heç bir iz buraxmamaq. Işgəncənin bu növünü isə yalnız ədəbiyyat qeydə ala, dünyaya göstərə bilər. Ədəbiyyat isə təxminən bu havadadı: “Olmuşam məsti xumar, Yenə gözləri axır…”.
Bu, irticanın hələlik son hücumudu. Bütün cəbhələr boyu. Görünən və görünməyən. Atəş səsləri eşidilən və eşidilməyən.
O biri yandan da irticanın geri çəkilməsi müşahidə edilir. Cüzi də olsa pensiyalar, maaşlar artırılır, kanalizasiya xətləri bərpa edilir, dövlət başçısı bölgələrə, adamların ayağına gedir, məhəbbət umduğunu gizlətmir, barı onun ayağı palçığa batmasın deyə bəzi həyətlərə asfalt cığırlar çəkilir, əlil və müharibə veteranlarına rüşvətlə olsa da, evlər bağışlanır, bəzi dövlət borcları silinir, toyuq yeminin qiyməti qaldırılsa da, yumurtanın qiyməti endirilir (yeri gəlmişkən, yumurta islahatından sonra bizim 22 ədəd yumurtlar toyuğumuz nə üçünsə ömrünü hökumətimizə bağışlayıb bir gecədə yat oldu, yəni canını tapşırdı). Belə xırda-para sosial jestlərlə hakimiyyət geri çəkilir, açığı kimsə bunu dana bilməz, maaşların, təqaüdlərin üstünə əlavə olunan hər 70-80 qəpiyin özü də sevindiricidi. Çünki dolanışıq sarıdan vəziyyət o qədər acınacaqlıdı ki, bu 70-80 qəpik də adamın gözünə işıq gətirir – alimin, müəllimin, həkimin, qocanın, əlilin. Vətəndaş bu dəqiqə hətta bu qəpik-quruşdan belə xoşbəxt olmağı bacarır. Bunu xoşbəxt ola bilmənin analoqu olmayan, fenomen Azərbaycan yolu da adlandıra bilərik.
Bəs hakimiyyəti 70 qəpik ziyana getməyə, addımını bir balaca geri qoymağa məcbur eləyən nədi??? Möhtərəm xalqımız bu haqda düşündümü? Bu, inqilab qorxusudu, hakimiyyəti əldən vermək, milyardlardan məhrum olmaq qorxusu. Bu qorxunu onlarda yaradan bəyənmədiyiniz müxalifətdi, özlərini, ailə-uşağını xalqının yolunda təhlükəyə atanlardı. Səsini çıxarmağa tələsməyən toplum sanki fəndgirlik eləyir və asta-asta Ilham əmidən qəpik-quruş qopara-qopara vəziyyətini düzəltmək istəyir.
Səd heyf. Bu, elə də uğurlu yol deyil. Arxasında durulmayan məhdud saylı fədakarlar tutulub tükənəndən sonra artıq hakimiyyət bir millimetr də geri addım atmayacaq, o qəpik-quruşu da cəmiyyətin burnunun deşiyindən piltə-piltə gətirəcək. O zaman deyəcəklər: “Bizə biclik gəlirdiz, eləmi?.. Al, gəldi!”.