Xamneyi ilə münasibətləri gərginləşən Iran prezidentinə qarşı hücumlar intensivləşib
Iranda prezident Mahmud Əhmədinejad çətin günlərini yaşayır. Ölkənin ali dini lideri ilə münasibətlərinin gərgin olduğu bir vaxtda prezidentə qarşı hücumlar mütəmadi hal alıb. Bu dəfə Iran parlamentinin deputatı, mühafizəkarlar fraksiyasının lideri Məhəmməd Tağı Rəhbər jurnalistlərlə görüşündə Əhmədinejadı “yolunu azmış cərəyan” və şəxslərdən uzaqlaşmağa çağırıb.
Mahmud Əhmədinejad komandasını kəskin tənqid edən deputatın sözlərinə görə, son vaxtlar ölkədə yeni bir fitnə baş qaldırıb: “Bu gün ölkənin ən ucqar yerinə də getsəniz, hamı soruşur ki, ölkədə bu nə hərəkətdir baş alıb gedir və bu necə rəftardır? Hamı prezidentdən tələb edir ki, özünü bu cərəyandan ayırsın, onları ətrafından uzaqlaşdırsın. Çünki bu elə bir cərəyandır ki, prezidenti yerə vura bilər”.
Tağı Rəhbər bildirib ki, ölkədə baş qaldıran fitnə xalq, rəhbər və parlamentdəki millət vəkillərinin ayıqlığı sayəsində heç bir nəticə əldə edə bilməyəcək. Ölkəni qarışdırmaq istəyənlər nə qarşıdakı parlamentdə, nə də gələcək hökumətdə yer alacaqlar: “Biz istəməzdik ki, hökumət zəifləsin. Lakin bu cərəyan hökumət və inqilaba xələl gətirir. Yaxşısı budur ki, prezident öz yolunu bunlardan ayırsın. Ümid edirik ki, o bunu edəcək.
Yolunu azmış cərəyan təhlükəli bir cərəyan olsa da, xoşbəxtliklə artıq ifşa edilib. Bunlar kimlərdir ki, prezident öz ətrafına toplayıb? O, öz işlərinə yenidən baxmalıdır”.
Bundan başqa, Iran Inqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, Tehranın “Məhəmməd Rəsulullah” ordusunun komandanı Hüseyn Həmədani də Əhmədinejad hakimiyyətini sərt tənqid edib. “SEPAH” üzvünün sözlərinə görə, hazırda Iran üçün əsas təhlükə ölkə daxilindəki düşmənlərdir: “Bu gün əsas təhlükə daxili düşməndir”. Düşmənlər bilməlidirlər ki, Iran xalqı çoxlu sınaqlardan keçərək onları geridə buraxıb. Yolunu azmış həmin son cərəyan Iran inqilabının ilk illərində də var idi. Lakin Imam Xomeyni bəsicləri küçələrə çıxardaraq onların qarşısını aldı”.
İnformasiya şöbəsi