Heydər Əliyevlə Brejnevin məxfi söhbəti

Baş nazir ev alverinə görə işdən qovuldu

Cinayət aləmi və Azərbaycanın hüquq mühafizə orqanları

Nazirlərin erməni kababxanasında nə ölümü vardı?..

Bu faktı Bakıda çoxları bilirdi. Bir nömrəli taksi parkında maşınların yuyulması üçün sürücülər rüşvət verirdilər. Elə də böyük deyildi, hər maşın üçün bir rubl. Lakin parkda 2000 maşın vardı?! Bəs bu pullar kimə gedir? Direktor Bəylərbəyova? Sonra kimə?..

başlanğıcı ötən saylarımızda

Kirov qəsəbəsində, yol kənarında bir kababxana vardı. Çox pis işıqlandırılırdı, zalı çirkliydi. Bakı soveti onun bağlanması haqqında sərəncam vermişdi, yenə işləyir. Şəhərdə ərzaq çatışmırdı, burada həmişə təzə qoyun əti vardı. Bura nazirlər, birinci katiblər, zavod direktorları gəlirdilər. Milis işçilərinin də yolu tez-tez bu kababxanaya düşürdü. Soruşurlardı, niyə yarım litr araq beş rubldur, yeməksə 40 rubl? Ağzında protez dişi olan erməni çox əliaçıqdı, gələni yola salırdı. Hər ay rayon partiya komitəsinin birinci katibinə böyük məbləğdə rüşvət verirdi. Hətta iş dalınca gələn KQB əməkdaşlarına bir yeşik çex pivəsi təklif edirdi! Bu pullar haradandı?
Məlum oldu ki, bura əxlaqsızlıq yuvasıdır. Bəs yerli orqanlar hara baxırdılar? Son uc MK-ya, katiblərə gedib çıxdı.

Baş nazirin və sədrlərinin mənzil fırıldağı…

Bakıda mənzil fırıldaqçıları üzə çıxdı. Oktyabr və 26 Bakı komissarları rayonlarının Icraiyyə komitələrinin bütün işçiləri məsuliyyətə cəlb olundu. Bütün Bakı bir-birinə qarışmışdı. 78 nəfər həbs edilmişdi. Özü də kimlər: baş nazir Ibrahimov, icraiyyə komitəsinin sədri Qarayev, müavini Lunayeva, bir neçə rayonun partiya komitələrinin katibləri… Istintaqı SSRI prokurorluğunun mühüm işlər müstəntiqləri və respublika KQB-si aparırdı. Beş qrupda məhkəmə quruldu: mühakimə olunanların çoxu bəraət aldı. Yalnız üç nəfər həbs edildi: Rabinoviç, Lunayeva və Vayxanski. Yeri gəlmişkən, bir neçə ildən sonra Rabinoviç və Linayeva əfv edildi. Yalnız Vayxanski uzun müddət həbsdə yatdı, çünki o, dözməyib istintaqa kömək etmişdi, hər şeyi boynuna almışdı, böyük adamların şirin yuxusuna haram qatmışdı.

987283 rubl rüşvət və açılmayan cinayət işi…

Bəs fırıldaqların arxasında kim dayanmışdı? Vəkil Rabinoviç? O, məşhur general Qolikovun yeznəsi idi. Yoxsa, Bakı şəhər Icraiyyə komitəsinin sədri Əliş Ləmbəranski? Cinayət işi respublika Ali Məhkəməsinin sədri Məmmədbəyovdan da yan keçmədi. O, bu iş üçün 987ÿ273 rubl rüşvət almışdı. Lakin  KQB müstəntiqlərinin həbs qərarı ilə bağlı arzusu gözündə qaldı. Prokurorluq “həbs-qətimkan tədbiri” seçilməsi haqqında qərar vermədi. Bu prosesdə baş prokuror Rudenko da kənarda durmamışdı. Niyə? Bu sualın cavabı maraqlıdır.
Rayon hakimlərini birinci katiblər təyin edirdi. Seçki sadəlövhlər üçün bir oyundu. Hakimlərin çoxunun keçmişi çox qaranlıqdı… Ümumilikdə, respublikada vicdanlı vəzifə adamı qalıbmı?
Milis idarə rəisinin dəstəsi…
Kirovabadda milis idarəsinin rəisi aylıq rüşvət və dolanışıqla kifayətlənmirdi. Özü üçün beş ev tikdirmişdi. Respublika cinayət axtarışı idarəsinin rəisi isə gileylənirdi ki, beş ildir Kirovabadı cinayətkar dəstə dəhşət içində saxlayır. Amma həmişə milis gələnə kimi aradan çıxırlar. Milis rəisi isə yoxlamalardan təmiz çıxırdı.

Mənbəsiz milyonlar…

Partiya rəhbərləri siyasətə pulsuz gəlirlər, amma pensiyaya villalarla, avtomobillərlə gedirlər. Haradandı bütün bunlar? Nazirlər Sovetinin keçmiş sədri Rəhimov maaşla milyonları necə yığmışdı? Azərbaycan həmkarlar Ittifaqı Komitəsinin sədri Dadaşov öz adamları vasitəsilə Odessa və Tallində xarici valyutanı hansı mənbədən götürdüyü pulla alırdı? Ticarət naziri Qafarov Vəli Axundovun oğluna “Volqa” avtomobilini niyə bağışlamışdı?

Sviqun: Hələ tezdir, vaxtı çatmayıb…

Bəzən bütün bunlar Əliyevə çox dəhşətli görünürdü. Belə çıxırdı ki, respublikada yerli, rayon və şəhər səviyyəsində hakimiyyət qanunlar üçün təhlükə mənbəyidir. Ancaq nəyisə dəyişmək mümkün deyildi: bu proseslərdə həddindən artıq adam iştirak edirdi, çoxlarını isə bütün bunlar təmin edirdi. Nadir hallarda hirsini və təlaşlarını gizlədə bilməyən Əliyev fikirlərini Sviqunla bölüşürdü. Onların münasibətləri isti olaraq qalırdı. Məşğul olmağına baxmayaraq Sviqun Əliyev üçün vaxt və xoş söz tapırdı. Diqqətlə qulaq asıb tələsik izah edirdi: nə edə bilərsən, yerli şərait belədir. Əliyev inandırmağa çalışırdı: Brejnevə məlumat vermək lazımdır. Sviqun müəmmalı gülümsəyirdi: hələ tezdir, vaxtı çatmayıb.
Əliyevə hər gün müxtəlif cinayətlərlə bağlı xəbərlər gəlirdi: Sovet məmurları qəbula yazmaq üçün rüşvət alırdılar. Qaz, su, işıq pullarında yazılmış səhvləri düzəltmək üçün kommunal təsərrüfat rəisləri xalqı soyurdular. Aptek müdirləri həkimlərə pul verirdilər ki, tapılmayan dərmanları yazsınlar, poliklinikalarda “xəstəlik” arayışları satılırdı. Qəribə burasındaydı ki, cəncəlli işlərdə nazirlərin, katiblərin adı çəkilirdi.

Jurnalistin “çay pulu” və sürgünü…

Jurnalistlər də “çay pulu”nu özlərinə ayıb saymırdılar. Proxomenko uzun illər “Bakinskiy raboçi” qəzetində  çalışmışdı. O, Bakı və onun əxlaq dəyərləri ilə yaxşı tanışdı. Bir dəfə əlinə yaxşı “məqam” düşmüşdü. Proxomenko 20 sex rəisinə məlumat verdi ki, onda olan məlumatları dərc etsə, hamısı həbs ediləcək. Işbazlar düşündülər ki, hakimiyyət özlərinindir, birtəhər canlarını qurtararlar. Amma ilk növbədə jurnalisti ələ almağa çalışdılar. 150 min rubl təklif etdilər. Direktor Əliyev jurnalistin susması üçün çox dil tökdü. Informasiyanın kimdən çıxdığı bilinmədi. Məsələ SSRI prokurorluğuna çatdı. Mərkəzi Komitədə bildilər. Direktoru-Proxomenkonu respublikadan “qovdular”.
O, Azərbaycana çox illər sonra daha ağıllı bir adam kimi qayıtdı. Onun yazılarında sürgündən qayıdan adamın ehtiyatlılığı hiss edilirdi.
Azərbaycanda çoxdandır ki, milis özünü cinayətə qarşı mübariz kimi aparmır, qeydiyyatçı rolu oynayır. Heç qeydiyyatla da işlər o qədər əla deyil. Cinayətkarların 62 faizi cəzadan rüşvətlə yaxasını qurtarır. 38 faiz iş məhkəmələrə göndərilir, onların da 12 faizinə iş verilir.

Milis və cinayət aləmi arasında gizli sazişin məğzi

Azərbaycanda cinayət aləmi qanunlara müharibə etməmişdi. Sadəcə, qanunsuzluğa qarşı mübarizə aparanlar cinayətkarlarla bir çadır altında yaşamaq qərarına gəlmişdilər. Buna görə də Azərbaycanda qatı cinayət törətmiş yüzlərlə adam azadlıqda gəzirdi,- ona görə yox ki, canilər bu azadlığı satın alırdılar; həqiqətdə alanlar da vardı, istintaq orqanlarında rüşvət üçün canını fəda edənlər də, elə otağında alanlar da,- ona görə ki, hər bir milis şöbəsinin planı vardı və onlar cinayət göstəricilərinə görə sosializm yarışında iştirak edirdilər. Belə hesab edirdilər ki, cinayətin profilaktikasına görə milis şöbələri məsuliyyət daşıyırlar, yəni bu ay cinayətlərin sayı ötən aya nisbətən az, sonrakı ay üçün çox olmalıdır.
Azad cinayətkarlar heç yerdə işləmirdilər. Buna görə də ağır, elə bil kiminsə acığına törədilmiş cinayətlərin sayı ildən-ilə artırdı. Sosializm yarışı bəzi cinayətkarlara müvəqqəti azadlıq verirdi.

Cinayətkar məhəllələr…

Bakıda 1965-1971-ci illərdə cinayətlərin sayı orta hesabla 22 faiz, Kirovabadda 27 faiz, Lənkəranda isə 17 faiz artmışdı.
Azərbaycanda məhəllələr var ki, axşamlar ora çıxmaq təhlükəlidir. Burda adamları soyundurur, bıçaqlayır və zorlayırlar. Bakıda Vağzalətrafı məhəllələr, Sovetski və Dimitrov 7-ci paralel küçələri, Kirovabadda stadionun  ətrafı cinayət aləminin oylağı sayılırdı.
Heydər Əliyev KQB-nin sədri təyin olunandan sonra çox düşündü: “Biabırçılıqdır, respublikada özbaşınalıq və anarxiyadır. Bu orqanlar nəyə gərəkdir?”.

Türmə rəislərinin kəşfi…

Əliyev Axundovla söhbətini xatırladı. Həbsxanalarda bu iyrənc vəziyyət haradandır? Rəislər şah kimi yaşayırlar, bolluğa düşüblər, spirt çay kimi axır, sağlamlığı bərpa üçün təzminat alırlar, xidməti maşınları var. Həbsxanalar cəhənnəmdən də pisdir. Nəzarətçilər məhbuslara işgəncə verirlər. 3 saylı kalonun rəisi Səmədov kəşf etdiyi “kreslo” ilə öyünür. O, iki dəmir stulu yan-yana qoyur, sözə baxmayan  məhbusun hər ayağını bir stula bağlayıb çəkirdi. Belə “sınaqdan” sonra məhbus eləmədiyini də boynuna alırdı, ya da özündən gedirdi.
Mayor Zeynalov isə məhbusların xayasında pomidor əzməkdən həzz alırdı. Onun kəşfini özü kimilər qiymətləndirdilər. Baş idarəyə müavin göndərdilər.
Zaqatalada yerləşən kalonda isə məhbusların ölüm arayışında həkimin imzası olmurdu. Həbsxanada ölənlərin yarıdan çoxu gənclərdi, hamısının da infarktdan öldüyü göstərilirdi. Belə ola bilməzdi.
Axundovla Əliyevin söhbəti yenə baş tutmadı. Birinci katib bu işlərin onun sahəsi olmadığını bildirdi: “DIN-ə tapşırıq verərik”,- bildirdi.
Bayıl istintaq təcridxanasında nəzarətçi lomla məhbusu öldürmüşdü, amma bədbəxt hadisə kimi akt yazılmışdı. Şahidlər tapılmışdı: məhbuslar bir çörəyə, yaxud növbədənkənar görüş üçün kimin desən, üzünə dururdular…

Sovet hökuməti, harada var ki?!

Brejnev əlindəki kağızı oxuyub başını qaldırdı. Əliyev yerində donmuşdu, baxışlarında səbrsizlik açıq-aydın görünürdü. Sviqun bişmiş balıq kimi kresloya yayxanmışdı, ayağını ayağının üstünə keçirib laklı çəkmələrinin işığı ilə oynayırdı. Kapitanov yorulmuşdu, elə bil stulun başına söykənib zorla dayanmışdı.
– Siz belə hesab edirsiniz ki, rəhbərliyin əvəzlənməsi nəyisə dəyişəcək? – Brejnev hələ də qarşısındakı vərəqləri o yan bu yana qoyurdu, onları yığışdırmaq fikrində deyildi.

Əliyev hərəkətə gəldi:
– Şübhəsiz, bütün rəhbərliyi.
– Bəli, Ivan Vasilyeviç, – Brejnev öskürən kimi oldu, Kapitonova baxdı, məruzə edən kimi:
– Siz də radikal tədbirlərin tərəfdarısınız? Axundovu da?..
– Elədir ki, var.
– Bəs onun yerinə kimi?..

ardı var

Surxay Hüseynli