Hamımızın bir qələbəsi

Bəli, əfv olmadı. Qaldı mətbuat günü. Olacaqmı? Bilmirəm. Bu siyasət və bu münasibət mənə nəyisə xatırladır. Amma tapa bilmirəm. Olsun. Fərq eləmir. Onsuz da bu ölkədə heç nə öz adı ilə çağırılmır. Mahiyyətlə adlar arasındaca dərin uçrum var. Bəzən mənə elə gəlir ki, bizlər, hər şeyi öz adı ilə çağırmaq istəyənlər, bu uçuruma düşürlər. Çabalayırsan, çabalayırsan, amma çıxmağa müvəffəq ola bilmirsən, qalırsan uçurumun dibində! C.Coys sübut etmişdi ki, prinsipcə, heç nə haqda da yazmaq olar, özü də sanballı yazmaq. Bəli, Coys maraqlı adam idi. O yazıya oturmamışdan əvvəl kostyumunu geyirmiş, özü də dümağ köynəkdə yazırmış! Qəribədir, deyilmi? Qəribədir, amma həyatda gördüklərimizin fonunda elə bir qəribəliyi yoxdur. Bəzən biz çox adi şeydən möhkəmcə heyrətlənirik, amma əsl heyrətamiz hadisələri isə görmürük. Hə, yəqin ki, misal istəyəcəksiniz. Olsun. Indilər diffamasiyanı dekriminalizasiya etmək istəyirlər. Yaxşı təşəbbüsdür. Özü də neçə illərdir, müzakirə olunur. Amma görün biz haradan haraya gəlib çıxmışıq? Bu ölkə bəlkə də yeganə ölkədir ki, adamı dərc etmədiyi, beynində – kompüterin yaddaşında mövcud olan yazıya görə məhkum ediblər. Indilər nə deyirlər? Yazıya görə jurnalisti həbs etmək olmaz! Gözəldir! Amma görün biz hansı yolu keçmişik! Düzdür, məni bir məsələ narahat edir. Senzuranı ləğv etdilər, biz də sevindik. Amma sonra başlandı, özü də nə başlandı! Üzücü məhkəmələr, cərimələr, həbslər!

Indi diffamasiya ilə bağlı da nəsə uyduracaqlar, hansısa şərtlər qoyacaqlar! Güman ki, bunsuz ötüşməyəcək! Amma nə etmək olar? Heç nə olmayan halda buna da şükür! Həm də məni bir detal da düşündürür. Diffamasiya ilə bağlı qanun qəbul edilsə, bunu jurnalistlərin qələbəsi saymaq mümkün olacaq. Deyirəm ki, bəlkə siyasi aksiyalarla bağlı da nə vaxtsa belə olacaq? Inanmıram. Ona görə ki, siyasi aksiyalar bunların zəif yerinə toxunur, onun üçün də aksiyalarla bağlı siyasətlərini yumşaltmazlar. Amma bu cür olsaydı çox yaxşı olardı! Ona görə ki, siyasəti də dekriminalizasiya etməyin vaxtıdır və buna ehtiyac var, çünki siyasət də az qala kriminal məşğuliyyət kimi dərk olunur və qəbul edilir. Bəs bu təşəbbüslə kim çıxış etsin? Bilmirəm. Əslində siyasətlə bağlı bunlar sözlərini deyib, fikirlərini açıqlayıblar. Bunlar siyasət deyəndə parlamentdə indi təmsil olunan bir neçə partiyanı nəzərdə tuturlar. Bunların dönəmində siyasətlə ancaq bu cür məşğul olmaq olar. Qalan hər şey zorakılıqdır, radikallıqdır və qeyri-siyasi fəaliyyətdir! Bunların siyasətə baxışı budur. Bu baxışı dəyişmək üçünsə çox çalışmaq lazımdır. Amma güc və taqət qalıbmı?.. B.Okucavanın mahnılarının çox gözəl, mənalı sözləri var. Düzdür, adam bunları tərcümə etməyə çətinlik çəkir, amma cəhd edək. Çox məşhur “Belarus vağzalı” filmində mahnıda deyilir: hamımızın bir qələbəsi var və bunun qiymətinin arxasından qaçmayacağıq! Təxminən belə idi. Hər halda mənasını çatdıra bildim. Hamımızın bir qələbəsi var: bu, həm seçkidir, həm diffamasiya haqda qanunun qəbul edilməsidir, həm siyasi aksiyalara baxışın dəyişməsidir… Hamısı bir məqsədə xidmət edir. Məqsədsə olduqca sadə və bəllidir: normal ictimai quruluş…

Türkiyədə də seçki olacaq

Bəli, artıq bircə ay qalıb. Hətta onlara də qibtə edirəm. Baxmayaraq ki, onlar da normal demokratik quruluşa qovuşmaq üçün çox iş görməlidirlər. Amma bu gün, heç olmasa, demokratik seçki keçirə bilirlər. Bəzən eşidirsən ki, hə, AKP seçkidə mütləq qalib gələcək, ona görə ki, hakimiyyətdədir. Nə demək olar? Ola bilsin, AKP qalib gələcək, amma ona görə yox ki, hakimiyyətdədir!

Ancaq avtoritar rejimlərdə inzibati resurslar seçkini “udmağa” kömək edir, demokratik ölkələrdə belə olmur. ABŞ-da hakimiyyətdə olan respublikaçılar seçkini demokratlara uduzdular! Niyə? Axı onların “inzibati resursları” artıq idi? Yazının əvvəlində adlarla mahiyyət arasındakı uyuşmazlıqdan yazdım. “Inzibati resurs” əvəzinə biz “saxtalaşdırmaq imkanları” da deyə bilərdik və bu mahiyyəti daha yaxşı ifadə edərdi. Amma demirik… Niyə? Adət etmişik…