ibrahim-ibrahimli

Hakimiyyət qruplara parçalanıb

Savaş Əliyevlər və Paşayevlər arasında gedir

İbrahim İbrahimli: «Paşayevlərin əsas hədəfi Prezident Administrasiyasının rəhbərliyi və baş nazirlikdir»

Son zamanlar hakimiyyət təmsilçilərinin mövqeyində qarşılıqlı ziddiyyət artıb. Məsələn, Qərbin Gürcüstan vasitəsilə Azərbaycanda çevriliş törətmək istəyinə münasibətdə iqtidar düşərgəsindən iki fərqli mövqe gəlmişdi. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu xəbəri cəfəngiyat kimi qiymətləndirərək, Gürcüstanla Azərbaycanın arasını vurmaq cəhdi olduğunu söyləsə də, Əli Əhmədov başqa fikirdə oldu. Sonuncu hesab etdi ki, bu xəbər ciddi araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Başqa bir misal. Yenə Ə.Həsənov bir müddət əvvəl ATƏT-in Azərbaycandakı fəaliyyətinə münasibət bildirərkən, onu normal qiymətləndirsə də, bu günlərdə hakim partiyadan ATƏT-ə etiraz məktubu daxil olub. Həmin məktubda qurumun Qarabağla bağlı fəaliyyətinin qənaətbəxş olmadığı qeyd edilib. Elə vəziyyət yaranıb ki, YAP-ın hakimiyyətin müxalifətinə çevrilməsi təəssüratı güclənir.
Bundan əlavə, hakimiyyət daxilində bir-birinə yaxın görünən bəzi qrupların da qarşılıqlı intriqaya cəlb olunduğu diqqəti cəlb edir.
Müşahidə olunan tendensiyanın səbəbləri ilə bağlı ekspert Ibrahim Ibrahimlinin fikirlərini öyrəndik.
I.Ibrahimli də vurğuladı ki, bu il ərzində hakimiyyət təmsilçilərinin verdikləri açıqlamalara diqqət yetirilərsə, görmək olar ki, iqtidar təmsilçilərinin söylədiklərində kəskin fərqlər müşahidə olunur. Hökumətlə YAP arasındakı ziddiyyətli fikirlərin ortaya çıxmasının başlıca səbəbi hazırda hakimiyyətin bir mərkəzdən idarə olunma probleminin yaranmasıdır. H.Əliyev dövründə hökumət həm də YAP-dan təşkil olunduğu üçün onların arasında bir rabitə var idi. Indisə hakimiyyət bir-birilə sıx əlaqəsi olmayan müxtəlif qruplardan ibarətdir. Onların da bir çoxu qarşılıqlı konfrontasiya şəraitində nüfuz savaşına giriblər.
Hazırda dünyada cərəyan edən demokratik proseslərin hakimiyyət daxilində də müzakirəyə çıxarıldığını deyən ekspert vurğuladı ki, məhz bu zaman müxtəlif fikirlər meydana çıxır: “Hakimiyyət hazırda Yaxın Şərqdə baş verənlər və onun Azərbaycana mümkün təsirləri ilə bağlı atılmalı olan addımlarda iki qrupa bölünüb. Bunlar radikallar və nisbətən loyallar qrupudur. Hakimiyyətdə hazırda radikal mövqe daha güclüdür. Bu mövqeni müdafiə edənlər hazırkı şəraitdə hər hansı güzəşti, islahata getməyi qəbul etməyərək, bunu siyasi intihar kimi dəyərləndirir”. Məhz hakimiyyətin nə beynəlxalq rəyi, nə də daxildəki etirazları nəzərə almayaraq siyasət yürütməsinin zaman keçdikcə daxildə ziddiyyətləri artıracağını deyən I.Ibrahimli vurğuladı ki, hakimiyyət daxilində islahatlara getməyin bəzi tərəfdarları olsa da, onların mövqeyi zəifdir. Və onlar hakimiyyətin qəbul etdiyi qərarlara təsir edə bilmirlər.
Hakimiyyət daxilində nüfuz uğrunda əsas savaşın hazırda Paşayevlərlə Əliyevlər arasında getdiyini deyən I.Ibrahimli vurğuladı ki, ölkənin bütün maliyyə sisteminə nəzarət edən Paşayevlər bəzi dövlət strukturlarındakı ikinci şəxslərini birinci etməyə çalışırlar: “Paşayevlər Heydər Əliyevin köhnə komandasını tam sıxışdırmaq üçün bəzi addımlara əl atmaq niyyətindədir. Özü də bu addımlar cəmiyyətə hakimiyyətin ciddi kadr ”islahatlarına” getdiyi kimi təqdim olunmağa çalışılacaq. Əslində bununla Ilham Əliyevin imicinin normallaşdırılmasına cəhd edilir. Paşayevlərin hazırda əsas hədəfə aldığı postlar Prezident Administrasiyasının rəhbəri və baş nazirlikdir. Düşünürəm ki, bu addımlar reallaşarsa, müxalifət yaranmış situasiyada hakimiyyətin əsas niyyətini açmalıdır”.
Korrupsiya ilə mübarizə “şousunun” daxili və xarici ictimai rəydə gözlənilən effekti vermədiyini deyən I.Ibrahimli əlavə etdi ki, yenə də ölkədə əvvəlki korrupsiya sistemi işə düşüb.

Hikmət