Elmarın qatilləri qətldən əvvəl aeroporta niyə getmişdi?

Qatillərin Bakıda kirayə qaldıqları evdə onlarla görüşən kim olub?

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 il ötdü. Bu müddətdə cinayətin üstü açılmadı. Açılacağı da gözlənilmir. Hamı əmindir ki, bu qətl hakimiyyətin çox yuxarı səviyyələrindən sifariş verilib və buna görə də, nə qədər ki, indiki rejim hakimiyyətdədir, bu cinayətin üstü açılmayacaq. Cinayətin açılmaması bir yana, hətta bu qətl hadisəsinin istintaqı ilə bağlı məlumatlar da cəmiyyətdən gizlədilir. Sanki hansısa kabus bu qətllə bağlı bütün sirləri öz içinə alıb, hadisəni ictimai müzakirədən çıxarmaq üçün tələb olunan göstərişlər ciddi-cəhdlə yerinə yetirilir.
“Azadlıq”a bu cinayət işi ilə bağlı bir sənəd daxil olub. Bu, həmin qətl hadisəsi ilə bağlı həbs edilən yeganə adamın – Turqay Bayramovun istintaqa verdiyi ifadədir. Əslində bu qətl hadisəsində həmin gəncin heç bir günahı da yox idi. Sadəcə, cinayət işi açılmışdısa, “iş gedir” deyə kimisə həbs edib cəmiyyətin diqqətini yayındırmaq lazım idi. Turqay Bayramov 2 il həbsdə olub azadlığa çıxdı. Onun günahı bu idi ki, Elmar Hüseynovu öldürməkdə ittiham edilən Teymuraz Əliyevin xalası oğludur…
Ona verilən saxtakarlıq (CM-nin 320-ci maddəsi) ittihamı da qohumlarının Bakıda istifadə etmələri üçün mobil telefon nömrəsi almasıyla bağlı idi.
Turqay Bayramovun bu qətlin icraçılarıyla bağlı verdiyi ifadənin əvvəlini “Azadlıq”ın ötən saylarında oxuculara təqdim etmişdik. Bu sayımızda da davamını diqqətinizə çatdırırıq:

əvvəli ötən saylarımızda

Onlardan biri kök, orta boylu bığsız adam idi…

– Teymuraz rus dili qarışıq Azərbaycan dilində Tahirə dedi ki, təcili aeroporta get dostum gəlir, qabağına çıx. Bir də dedi ki, o “ikra”nın məsələsini həll et. Tahir evdən çıxdı. Tahirdən təxminən 5-10 dəqiqə sonra mən də iş yerimə getdim. Təxminən 13.30 radələrində Teymuraz mənə zəng etdi, xahiş etdi ki, onlara gəlim və bayaq gördüyümüz telefonları gedib bir yerdə alaq. Mən içəri daxil olanda gördüm ki, Teymuraz, Seko və həmin iki gürcü evdən çıxmağa hazırlaşırlar. Onların yanında təxminən 38-40 yaşlarında dolu bədənli, orta boylu, bığsız bir şəxs də var. Mən onu azərbaycanlıya oxşatdım. Əynində uzun ətəkli tünd rəngli – ola bilsin ki, ya qara, ya da tünd qəhvəyi rəngli dəri kurtkası var idi. Teymuraz dedi ki, aşağıya yemək yeməyə düşürlər. Mən təkcə onların evində oturdum, özümün Teymuraza verdiyim “Məhəllə” kasetini maqnitofona qoyub baxmağa başladım. Otaqda yenə onların paltarlarından başqa gözəçarpan heç nə görmədim. Yataq otağına isə heç keçmədim. Məxsusi olaraq da heç nəyi qaldırıb baxmadım, axtarmadım.
Təxminən 20-25 dəqiqədən sonra Tahir aeroportdan gəlib çıxdı. Dedi ki, aeroportdan gəlirəm, yorulmuşam. Kurtkasını çıxardıb divana uzandı. Təxminən bir saatdan sonra Teymuraz, Seko, iki gürcü gəlib çıxdılar.

Teymuraz Tahirdən soruşdu ki, “nə oldu, reys gəldi?”

Tahir cavab verdi ki, traferetə baxdım və həmin reys gəlib. Iki reys kimi Tahir səhv etmirəmsə, Almaniya və Israil dedi.
Teymuraz soruşdu ki, “bəs ikranın haqq-hesabı nə oldu?” Tahir cavab verdi ki, alınmadı.
Teymuraz sakitcə, “sən adam yarıtmırsan” dedi. Təxminən yarım saat sonra Teymuraz Tahirə 100 dollar pul verdi və Tahirlə mən həmin gördüyümüz telefonları almağa getdik. Yuxarıda qeyd etdiyim mağazaya getdik və biri 175 min manat (2005-ci ilin məzənnəsilə) olmaqla, iki ədəd işlənmiş, antennası kənara çıxan “Samsunq” markalı telefon aparatları aldıq. Evə qayıtdıq. Iki gürcü, Seko, Teymuraz və barəsində qeyd etdiyim kök oğlan evdə idi. O həm azərbaycan, həm də rus dilində Teymurazla söhbətləşirdı. Onlar maşın alveri barədə danışırdılar. Teymuraz və Seko deyirdi ki, onların Amerikadan “CIP” markalı maşınları gətizdirməyə imkanları var.

O, rus, gürcü, kürd və erməni dillərində sərbəst danışır

5-10 dəqiqə keçdikdən sonra Teymuraz Sekoya rus dilində dedi ki, Tahir işi yarıtmadı, gedib özümüz öyrənək, görək hansı reys hələ gəlməyib. Əgər gündüz reysi ilə gəlməyibsə, gedək görək bəlkə axşam reysi ilə gəldi; gəlməmişdisə də o adam zəng vurub deməliydi.
Teymuraz əvvəllər aldığımız “532″ ilə başlayan nömrəsi olan ”Nokia” markalı telefonunu, Seko isə təzə aldığımız nömrələrdən birinin quraşdırıldığı “Samsunq” markalı telefonu götürdü və ikisi aeroporta yola düşdülər.
Onu da qeyd edim ki, Teymuraz rus, azərbaycan və gürcü dilləri ilə yanaşı, həm də kürd və erməni dillərini bilir. Mənim yanımda o bir neçə dəfə Seko ilə kürd dilində danışıb.

Görünməyən nömrədən zəng edib təcili Bakıdan çıxmalı olduqlarını dedi

2005-ci il fevralın 28-də günorta saatlarında mənim telefonuma Teymuraz zəng vurdu və dedi ki, axşam zəng gəlib və ona dostunun atasının Gürcüstanda vəfat etməsini xəbər veriblər. Ona görə də ola bilər ki, cənazə yerdən götürülməmiş bu gün çıxıb gedə bilərlər, bu səbəbdən də televizoru, videomaqnitafonu və kaseti ondan götürüm. Yasa onların hamısınınmı gedəcəyini soruşdum. Dedi ki, əgər getməli olsalar, Seko ilə o – ikisi birlikdə gedəcəklər. Sözlərindən belə başa düşdüm ki, əgər həmin gün getməsələr, hələ qalacaqlar. Mən Teymurazgilin qaldığı evə getdim. Yenə özləri, yəni Tahir, Teymuraz, Seko və iki nəfər gürcü evdə idilər. Stolun üstündə iki ədəd təzəyə oxşayan “Panasonic” markalı telefonlar gördüm. Başa düşdüm ki qaytardıqlarımızın əvəzində bunları alıblar. Mən televizoru, videomaqnitofonu götürüb oradan çıxdım, bazara iş yerimə gəldim. Bundan sonra mən Tahirgili bir daha görmədim.
Yalnız üstündən bir neçə gün keçəndən sonra, yəni mart ayının təxminən 4-də, ya da ola bilər ki, 5-də – dəqiq gününü xatırlamıram – günorta saatlarında Teymuraz mobil telefonuma bağlı telefondan zəng vurdu. Salamlaşıb hal-əhval tutandan sonra anamı soruşdu, Nizaminin avtomobil qəzasına düşmüş bacısının, yəni xalası qızının vəziyyətini xəbər aldı. Dedi ki, yasla bağlı təcili Gürcüstana qayıdası olduq, hamımız çıxıb Tbilisiyə gəldik, kirayə qaldığımız mənzilin açarı da üstümüzdə gəlıb. Soruşdum ki, nə vaxt qayıtmısınız? Gününü demədən cavab verdi ki, elə təcili çıxası olduq. Belə başa düşdüm ki, elə mənimlə axırıncı dəfə görüşdüklərı gün – yəni fevralın 28-də qayıdıblar. Əlavə etdi ki, Tbilisidən zəng vurur, səhəri gün Marneuliyə gedəcək və oradan açarı ev sahibinə vermək üçün mənə göndərəcək. Ev sahibinə də özü zəng vurub üzr istəyəcək, vəziyyəti başa salacaq, açarı, 100 min manat işıq pulunu göndərəcəyini də deyəcək. Bundan sonra ev sahibinin telefon nömrəsini və açarı göndərəcəyi avtobus sürücüsünün telefon nömrəsini mənə bildirəcək. Mən ona dedim ki, Tahir mənə 150 min manat pul borcludur, o pulu da göndərin.

“O qadını tap, Tahirin pasportunun kserosurətini ondan al!”

Bu danışığımızın səhəri günü saat təxminən 15 radələrində Teymuraz yenə bağlı nömrədən zəng vurdu və dedi ki, ev sahibi olan qadınla danışıb, Marneulidən zəng vurur, mənə sürücünün nömrəsini verdi. Dedi ki, qadına vermək üçün 100 min və mənə olan 150 min manat borcunu da göndərir. Teymuraz həm də tapşırdı ki, qadında Tahirin pasportunun kserosurəti var, açarı verəndə həmin kserosurəti də götürüm.
Növbəti gün Teymuraz eyni qaydada iki dəfə mənə zəng vurub açarı sürücüdən alıb qadına verib-verməməyimi soruşdu. Mən isə buna qədər onun verdiyi nömrəyə iki dəfə zəng vurmuşdum və hər dəfə sürücünün arvadı deyirdi ki, sürücü yatır. Sürücü ilə bu səbəbdən görüşə bilmədiyimi Teymuraza dedim. Nəhayət, günortadan sonra sürücü ilə telefonda danışdım, onun oğlu ilə bazarın yanında görüşüb NZS qəsəbəsinə getdik və açarı, 250 min manat pulu, ev sahibi olan qadının telefon nömrəsini götürdüm. Ev sahibəsinin telefon nömrəsini mənə Teymuraz telefonda bildirməmişdi, bunun səbəbini mən bilmirəm. Açarları və pulu götürəndən sonra öz şəxsi işimlə bağlı Hövsana getdim. Hövsanda yaşayan bir tanışımdan saxlamaq üçün küçük götürmüşdüm. Mən Hövsana gedən vaxt yenə Teymuraz zəng vurdu və ona açarları, pulu götürdüyünü bildirdim. Qadına zəng vurub-vurmamağımla maraqlandı. Dedim ki, zəng vurmuşam. Teymuraz əlavə etdi ki, o özü artıq qadına zəng vurub və vəziyyəti başa salıb, yəni yasla bağlı təcili Gürcüstana qayıtdıqlarını deyib. Mən sadəcə onunla zəngləşib görüşməliyəm və açarları qaytarmalıyam, bir də yadına salmalıyam ki, Tahirin pasportunun kserosurətini qaytarsın
P.S. Vəssalam. Elmar Hüseynovun qətli ilə bağlı aparılan cinayət işi üzrə qalaq-qalaq istintaq kağızlarında bundan başqa nəticə yoxdur. Bu nəticə isə Elmar Hüseynovun qatillərinin axtarılmadığını təsdiq edir. Bu ifadəni də ona görə başdan-ayağa qədər dərc etdik ki, hər kəs Elmarın qatillərinin axtarılmadığını və istintaqın tamam mənasız istiqamətlərə yönəldildiyinə əmin olsun…