Bizə Rusiya müstəmləkəçiliyindən çox şey miras qalıb. Bu qalıqların təsiri bəzi nöqtələrdə o dərəcədə güclüdür ki, insanlar 20 ildir onun cəngində çapalayıb durur. Hamımız bilirik ki, milli hökumət qurmağın yolu ən əvvəl milli atributların bərpa olunmasından keçir. Dil və soyadlar məsələsi daxil olmaqla, bu atributların yaşadığımız gerçəklikdə hansı anlam daşıdığını da hər kəs gözəl bilir. Dil məsələsi ilə bağlı vəziyyət aydındır. Kimsəyə sirr deyil ki, bu gün ölkədə dövlət dili Azərbaycan dili elan olunsa da, hakim elitanın böyük əksəriyyəti ruscanı özünə daha doğma hesab edir. Ümumiyyətlə, bu ailələrdə böyükdən-kiçiyə hər kəsin rus dilində danışdığı aydın olur. Bu baxımdan, “dil islahatı” adıyla televiziyalarda bizimlə çox yaxın olan Türkiyə türkcəsində gedən filmlərin yığışdırılmasını anlamaq da çətin deyil. Şübhəsiz, ortaya qoyulan mövqe həmin şəxslərin Azərbaycan türkcəsini də özünə ögey, yad hiss etməsindən irəli gəlir.
Soyadlar məsələsinə gəlincə, problem bir az başqadır. Bəlkə çoxunuz öz-özünüzə “nədən 20 ildir soyadlarımızı milliləşdirib bir yana çıxa bilmirik?” sualını vermisiniz. Axı həqiqətən çevrəmizdə bizdən başqa keçmiş ittifaq respubliklarından bənzər soyadları gəzdirən yoxdur. Amma unutmayaq ki, heç onlar müstəmləkə dövründə də rus familiyasına məxsus məlum şəkilçini daşımayıblar. “Böyük birlik” zamanında da gürcü öz soyadını daşıyıb, erməni öz soyadını, ukraynalı öz soyadını. Bu ittifaqda öz milli atributlarından asanlıqla vaz keçib, assimliyasiyaya boyun əyən xalqlar əsasən türkdilli xalqlar olub. Sovet imperiyasının dağılmasından iyirmi il sonra belə dil məsələsi ilə bağlı yaşadığımız problem göstərir ki, bu müstəmləkəçilikdən ən çox zəhərlənən də elə biz olmuşuq. Azərbaycanda soyadlarla bağlı islahat məsələsini AXC hakimiyyəti gündəmə gətirib. Bu barədə Milli Məclisin 1993-cü il 13 fevral tarixli qərarı da var.
Maraqlıdır ki, məlum qərardan sonra soyadının “ov” şəkilçisindən imtina edən birinci şəxs də MM-nin sədri Isa Qəmbər olub. Ilkin mərhələdə də bu faktı örnək alan çox insan soyadını dəyişib. Amma sonrakı illərdə proses xeyli zəifləyib. Bunun əsas səbəblərindən biri yeni hökumətin məlum məsələyə soyuq münasibəti, başqa bir səbəbi də yad şəkilçidən xilas olmaq istəyənlərə yaradılan süni əngəllər olub. Həmin maneələri çoxları kimi mən də öz təcrübəmdə yaşamışam.
Baxın, 18 ildən bəri bu hakimiyyətdə təmsil olunan vəzifə sahiblərindən kim soyadını milliləşdirib? Demək olar ki, heç kəs. Bu günə kimi prezidentdən tutmuş nazirlərə qədər hər kəs köhnə familiya formalarını daşımaqda israr edir. Amma son zamanlar Milli Elmlər Akademiyasında xüsusi bir komissiyanın adlar və soyadlarla bağlı məsələləri işləyib konsepsiya halında Prezident Administrasiyasına təqdim etdiyi açıqlandı. Indi hamı qəbul olunacaq rəsmi sənədi gözləyir. MM-in Mədəniyyət Məsələləri Komissiyasının sədri Nizami Cəfərovun sözlərindən məlum olur ki, bu sənəd yalnız yeni doğulan uşaqlar üçün məcburi sayılacaq. Əvvəlki nəsillər isə öz soyadlarında qala bilərlər.
Təəccübləndiyim bir şey yox. Sadəcə, mənim üçün gözlənilməz olan professor N.Cəfərovun cavabı idi:“Şəxsən mənim üçün Cəfərov soyadını daşımaq ona görə maraqlıdır ki, qoy gələcək nəsillər görsün ki, hansı təzyiqlərə məruz qalmışıq… Eyni zamanda mən soyadımın sonluğunu dəyişməklə xeyli sayda digər sənədlərimlə də məşğul olmalıyam…”.
Aydındır, soyadlarımızın milliləşməsi hələ çox vaxt aparacaq. Demək ki, yeniliklə köhnəlik adlarımızda da ikili yaşamaqda davam edəcək…