Pensiyaların artımı qiymət artımı gətirəcəkmi?

Ekspertlər deyir ki, nağd pul kütləsinin dövriyyəyə girməsi qiymətlərə təsirsiz ötüşməyəcək

Azərbaycan hökuməti “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməyi planlaşdırır. Dəyişikliklər layihəsini Milli Məclisə prezident Ilham Əliyev göndərib. “Əmək pensiyaları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdünün yenidən hesablanmasını nəzərdə tutur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, dəyişikliklər nəticəsində Azərbaycanda 845 min nəfərin pensiyası artırılacaq: “Bunun üçün ildə 390 milyon manat tələb olunur. Artım bu ilin iyul ayından baş versə, bu məqsədlə büdcədən 195 milyon manat ödəniləcək. Dəyişikliklər nəticəsində 1 yanvar 2010-cu ilə qədər təqaüdə çıxanların pensiyası orta hesabla 40 faiz artacaq”. Maraqlıdır ki, məlum artımdan sonra dövriyyəyə girən əlavə pul kütləsi  mövcud qiymətlərə, sosial vəziyyətə necə təsir göstərəcək?
Ekspertlər deyir ki, bu, istər-istəməz qiymətlərə təsir edəcək: “Dövriyyəyə nağd pul kütləsi daxil olursa, bu, qiymətlərin səviyyəsinə təsirsiz ötüşmür. Amma bunu nəzərə alıb pensiyaların, əmək haqlarının artırılmasından imtina etmək doğru olmaz. Əksinə, nağd pul kütləsinin dövriyyəyə buraxılmasının müsbət cəhətləri də var. Inflyasiya kimi fəsadları olduğu kimi, müsbət tərəfləri də var. Bu, istehsalı stimullaşdıran amil kimi də çıxış edir”.
Ekspertlər hesab edir ki, təqaüdlərin artırılması hava-su kimi vacib addımdır: “Qiymətlərin mövcud səviyyəsini nəzərə aldıqda təqaüdçülərə verilən hazırkı vəsait onların dolanışığına qətiyyən yetmir. Minimum istehlak səbətinin dəyərindən aşağı təqaüd alanların hamısının təqaüdü artırılmalıdır”.

Gültəkin