“Hökumət geri çəkilməyə məhkumdur”

“Repressiyaları adiləşdirməyi bacarmalıyıq”

Əli Kərimli: “Elə mərhələ yetişə bilər ki, xalq heç kimdən soruşmadan bacardığı formada sərbəst toplaşmaq azadlığını reallaşdırar”

AXCP sədri Əli Kərimli gündəmin aktual mövzuları ilə bağlı “Azadlıq”ın suallarını cavablandırır.

– Əli bəy, 17 aprel aksiyasından sonra demokratik düşərgənin fəaliyyətində bir durğunluq müşahidə olunur. Doğrudur, Ictimai Palatanın Koordinasiya Şurası vaxtaşırı toplanır. Amma məsələn, sonuncu aksiyadan 25 gün ötməsinə baxmayaraq növbəti aksiya ilə bağlı hələ konkret qərar yoxdur. Bu da ictimaiyyətdə apreldən başlanan fəallığın azalması, demokratiya hayqırtılarının pıçıltı ilə əvəz olunması, bir sözlə, süstlüyün yaranması təəssüratını yaradıb. Nə baş verir?
– Aprel ayının əvvəlindən Ictimai Palata mitinqlərə başladı və hakimiyyət razılıq verməsə də, Bakı şəhərində iki aksiya keçirdi. Sizin də dediyiniz kimi son aksiyadan 25 gün keçib, yeni bir aksiya yoxdur. Və görünür siyasi fəaliyyəti daha çox aksiyaların intensivliyi ilə ölçənlər üçün durğunluq haqqında təəssürat yaranıb. Amma situasiyanı bir qədər dərindən analiz etmək lazımdır. Bu halda gərək razılaşaq ki, Azərbaycan kimi avtoritar ölkələrdə demokratiya uğrunda mübarizə 100 metrlik qaçışla yox, marafonla müqayisə olunmalıdır. Müəyyən vaxt aparacaq bir proses başlanıb, ona görə də bir neçə aksiya ilə nəticə əldə etməyi gözləmək doğru deyil. Biz gərək öz siyasətimizi elə quraq ki, bir tərəfdən kütləvi etirazları davamlı şəkildə apara, digər tərəfdən isə paralel olaraq güc və resurslarımızı artırmaqla məşğul ola bilək. Kütləvi aksiyalar müxalifətin güc və resurslarını istifadə etməsidir. Hər şey yalnız istifadə edildikdə, tükənə bilir. Deməli, gücü və resursu istehlak etməklə paralel onun istehsalı ilə də məşğul olmaq lazımdır. Yeni güc qaynaqları, resurs mənbələri – resurs mənbələri deyəndə hamı maliyyə barədə düşünür, amma burada söhbət informasiya resurslarından, siyasi və beynəlxalq resurslardan gedir ki, onları da yaratmaq lazımdır. Ictimai Palata da hazırda belə bir siyasət aparır. Yəni, bir tərəfdən aksiyaları davam etdirmək haqqında qərarımız var, digər tərəfdən isə güc və enerjimizi yalnız istifadə etməklə yox, onu artırmaq barədə də düşünürük. Etiraf edirik ki, aprel ayında aksiyalara başlayanda hələ Ictimai Palatada təşkilatlanma prosesi tam başa çatmamışdı. Qurum yalnız Bakıda təşkilatlanmışdı. Ona görə də biz regional təşkilatlanmanı prioritet elan etmişik. Ictimai Palatanın müvafiq qurumu vaxtaşırı toplanaraq regional təşkilatlanmanı sürətləndirməklə məşğuldur. Hesab edirik ki, regional təşkilatlanmanın getməsi Ictimai Palatanın imkanlarını, güc və resurslarını xeyli artıracaq. Bütün Azərbaycanı siyasi mübarizəyə qoşmağa kömək edəcək.
Növbəti bir istiqamət Ictimai Palatanın komissiyalarının fəallaşması və proqram sənədlərinin ictimaiyyətə təqdim edilməsidir. Hələlik təkmil variant olmasa da, Pənah bəy tərəfindən Ictimai Palatanın “Yol xəritəsi” adlı bir sənəd hazırlanıb və bu xeyli müzakirəyə səbəb olub. Sənəd çox adamı ruhlandırdı ki, Ictimai Palata demokratiyaya keçidin necə ola bilməsini təsəvvür edir. Cəmiyyətin böyük əksəriyyəti demokratiyaya keçidi arzulayır. Lakin prosesin  ciddi toqquşmalar, kataklizmlər olmadan baş verməsini istəyir. Biz də bunu arzulayırıq, ona görə mexanizmini  təqdim etmişik. Növbəti mərhələdə “Yol xəritəsi”ni təkmilləşdirib qəbul etmək niyyətindəyik.
Daha bir vacib sənədi, Ictimai Palatanın platformasını ictimaiyyətə açıqlamaq istəyirik. Biz böyük dəyişikliklər uğrunda mübarizəyə başlamışıq. Bu mübarizədə minlərlə insan fədakarlıq edir, biz Azərbaycan vətəndaşlarının siyasi dəstəyini hiss edirik. Amma bu dəstəyi artırmaq üçün hələ prosesə qoşulmamış yüz minlər var. Onları da mübarizəyə cəlb etmək üçün necə bir dəyişiklik təsəvvür etdiyimizi, hansı Azərbaycan uğrunda mübarizə apardığımızı yenidən ictimaiyyətə təqdim etməyə ehtiyac var.

– Deməli, aksiyalarla bağlı pauzanın yaranması Ictimai Palatanın diqqəti təşkilatlanma işinə və intellektual fəaliyyətin artırılmasına yönəltməsilə bağlıdır…
– Əvvəla, bu səbəblərdən biridir. Ikincisi, biz geniş mənada kütləvi aksiyalardan imtina etməmişik. Aksiyaları davam etdirmək barədə qərarımız var. Kimlərsə düşünürsə ki, kütləvi etirazlar 17 aprel aksiyası ilə yekunlaşıb, yanılır.

– Dediniz ki, aksiyaları davam etdirmək barədə qərarımız var. Amma növbəti aksiyanın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələ ki yoxdur…
– Aksiyalarla bağlı pauzanın bir səbəbi də cəmiyyətin böyük əksəriyyətinin razılaşdırılmış mitinqlərin keçirilməsini təqdir etməsilə bağlıdır. Cəmiyyət arzulayır ki, nəhayət, bizdə də sivil ölkələrdə olduğu kimi qarşıdurma, kütləvi həbslər olmadan insanların dinc toplaşmasına şərait yaradılsın. Biz də buna çalışırıq. Beynəlxalq birlik də çalışır. Və hazırda birbaşa bizimlə hökumətin arasında olmasa da, beynəlxalq birliklə hökumətin arasında bu mövzuda dialoq var. Növbəti mitinqlərin vaxtını təyin etməkdə tələsməməyimiz həm də bu dialoqun nə ilə nəticələnməsini gözləməklə bağlıdır. Yəni, biz beynəlxalq birliklə hökumətə  o şansı veririk ki, danışıb-danışıb nəhayət, aksiyalar üçün uyğun yerlər müəyyənləşdirsinlər. Azərbaycan konstitusiyasının tələbi və beynəlxalq öhdəliklər yerinə yetirilsin. Əgər bunlar nəticə verməyəcəksə, biz aksiyaların vaxtını elan edəcəyik.
Əlavə edim ki, bütün bunların hamısını müşahidə etsək  o qənaətə gələrik ki, burada hansısa fəaliyyətsizlikdən söhbət getmir. Və bu görülən işlərin nəticəsini növbəti aksiyalarda, addımlarda görə biləcəksiniz.

– 17 aprel aksiyasından sonra beynəlxalq birlik Azərbaycanda sərbəst toplaşmaq azadlığına daha ciddi diqqət yetirməyə başlayıb. Siz də qeyd etdiniz ki, hazırda bu mövzu ilə bağlı hökumətlə beynəlxalq birlik arasında danışıqlar gedir. Eyni zamanda ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bu günlərdə verdiyi müsahibədə aksiyalara yer ayrılması ilə bağlı məsələni kifayət qədər qəti qoymuşdu. Sizcə bu, nəyin təzahürüdür?
– Mən hesab etmirəm ki, bu yalnız cənab Cankorelin şəxsi fikirləri idi. Bütövlükdə ATƏT, beynəlxalq ictimaiyyət artıq belə düşünür. Çünki sərbəst toplaşmaq azadlığının təmin olunması yalnız Azərbaycan konstitusiyasının tələbi deyil, Azərbaycan hökumətinin rəsmən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında götürdüyü öhdəlikdir. Indi həmin beynəlxalq təşkilatlar da səslərini ucaldırlar ki, Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirməlidir. Bu kifayət qədər təqdiredici haldır. Biz zaman-zaman beynəlxalq təşkilatları tənqid etmişik ki, onlar Azərbaycan hökumətinin öhdəlikləri yerinə yetirməsinə səy göstərmirlər. Lakin indi situasiyanın dəyişdiyini müşahidə edirik. Heç şübhəsiz ki, Ictimai Palatanın aprel ayında keçirdiyi aksiyalar belə mövqenin ortaya gəlməsinə təkan verən amil oldu. Amma bir məsələ də var ki, Azərbaycanın daxil olduğu coğrafiya Avropa coğrafiyası hesab olunur. Və bu məkanda, geridə qalmış, hüquq və azadlıqlara hörmət etməyən bir rejimin olması əlbəttə ki, Avropa Birliyi, Avropa Şurası, ATƏT kimi qurumları məmnun edə bilməz.

– Sizcə, beynəlxalq təşkilatlar Azərbaycan hökumətini yola gətirə biləcək?
– Azərbaycan hökuməti başa düşməlidir ki, xalqın hüquq və azadlıqlarını tanımırsa, təkcə öz vətəndaşları ilə deyil, beynəlxalq birliklə də müəyyən qarşıdurma şəraiti yaranmış olacaq. Ona görə də hökumət aksiya məsələsində geri çəkilməyə məhkumdur. Bu, bir az gec, bir az tez ola bilər. Amma mən hökumət nümayəndələrini əmin edirəm ki, bu addımlar nə qədər tez atılsa, onların özünə faydalı olacaq. Çünki elə bir mərhələ yetişə bilər ki, Azərbaycan xalqı özü meydana çıxıb beynəlxalq təşkilatların və Azərbaycan müxalifətinin mövqeyini nəzərə almadan, heç kimdən soruşmadan özü bacardığı formada sərbəst toplaşmaq azadlığını reallaşdıra  bilər. Bunun baş verməməsi üçün hökumət bizim konstitusion haqlarımızı təmin etməlidir.

– Əli bəy, belə fikirlər var ki, 2 aprel aksiyasının uğurundan çox, ziyanı oldu. Bu cür düşünənlər uzun müddətli həbsləri əsas gətirərək deyirlər ki, əslində 2 aprel aksiyası hakimiyyətə repressiyaları şiddətləndirmək üçün əsas verdi…  
– Mən bu yanaşmanı bölüşmürəm. Bilirsiniz, Azərbaycan avtoritar ölkədir, bunu artıq bütün dünya qəbul edib və belə rejimlərdə insanlar öz haqlarını daha sürəkli şəkildə tələb edən zaman repressiyaların şiddəti artır. Baxın nə zaman repressiyalar daha da şiddətlənib. Birinci dalğa 1993-cu ildə dövlət çevrilişindən sonraya təsadüf edib, çünki Xalq Cəbhəsinin müqaviməti davam edirdi. Ikinci böyük dalğa 2003-cü il prezident seçkiləri zamanı, növbəti böyük dalğa isə 2005-ci il parlament seçkiləri zamanı olub. Indi növbəti və hələlik axırıncı olan bir mərhələdir.

– Bu son mərhələ ola bilərmi?
– Bəli, ola bilər. Tələsməyin, bunu da izah edəcəm ki, niyə son mərhələ saymaq olar. Deməli, biz öz mübarizəmizi gücləndirən kimi repressiya da güclənir. Amma buradan o nəticə çıxmır axı repressiya olmasın deyə, ömür boyu əsarətə boyun əyməliyik. Əgər kimsə düşünürsə ki, repressiyalar olmasın deyə, biz də rejimin tərəfdarlarına qoşulub onların müəyyənləşdirdiyi qaydalarla yaşayaq, bu, çıxış yolu deyil. Bəs bizim azadlıq, ləyaqətli həyat istəyimiz, bəs bizim amallarımız?

– Bəs çıxış yolu nədir?
– Repressiyalara sinə gərməyi bacarmaq. Repressiyaları adiləşdirməyi bacarmaq. Baxın, indiyə qədər Azərbaycan cəmiyyəti 2003, 2005 və ondan sonrakı illərdə olan repressiyalara müəyyən mənada sinə gərib, müxalifət özünü qoruya bilib, mövqeyindən dönməyib. Amma mübarizəni davamlı aparmağa resurs çatışmayıb. Hər dəfə repressiya dalğasından sonra bir neçə illik fasilə yaranıb. Çünki Azərbaycan müxalifətinin xalqın hamılıqla iştirakı olmadan illərlə ağır şərtlər daxilində mübarizəni davam etdirməyə imkanı olmayıb.

– Məgər indi də oxşar situasiya deyil?

(ardı var)

Vidadi Məmmədov