Azərbaycanda bu gün hamı gözləyir. Hamı – uşaq-böyük, gənc-qoca. Azərbaycanda bu gün hamı gözləyir. Hamı – aşağılar da, yuxarılar da. Ən başlıcası, “Azərbaycan prezidenti” adlanan Ilham Əliyev də gözləyənlərin sırasındadır. Özü də gözləyənlərin lap baş ucunda.
Azərbaycanda bu gün hamı dəyişiklik gözləyir. Xalq hakimiyyətin dəyişməyini gözləyir. Hakimiyyətdə olanlar da, Ilham Əliyev başda olmaqla, hakimiyyətin dəyişəcəyini gözləyir. Aşağılarda da, yuxarılarda da hamı gözəl bilir: hakimiyyət dəyişikliyi qaçılmazdır – bir az tez, bir az gec. Bunu Ilham Əliyev də gözəl bilir, onun arxasından xalqa göz ağardan Ramiz Mehdiyev də. Ramiz Mehdiyev gözəl bilir: indiyədək göstərdiyi çoxsaylı qulluq faktlarına görə sevgili Rusiyadan daha orden-medal ala bilməyəcək; limit tükənib – rusiyalı çağlar limiti! Ilham Əliyev də gözəl bilir: daha Rusiya ona arxa dura bilməyəcək! Indi Rusiyanın özünə arxa duran gərək! Ayı kahasında dolaşıb qalıb…
Işdə paradoksal olanı nədir? Ilham Əliyev hakimiyyət dəyişikliyini gözləyə-gözləyə yollardan yığışmır. Düşüb ölkəni köy-köy, rayon-rayon gəzir. Xalqa nağıllar danışmaqla çağı uzatmağa çalışır. “Islahatlar aparıldığından” danışır – yalan çıxır. “Maaşları, pensiyaları artırdığından, artıracağından” danışır – yalan çıxır. Ölkə boyunca indi ona kimsə inanmır. Indi onun Qarabağı istər dinc danışıqlar, istərsə də güc yolu ilə qaytaracağına da kimsə inanmır. 18 illik (gerçəkdə 40 illik) əliyevçi ata-oğul yalanları indi hamıda yalnız acı gülüş doğura bilir.
Indi hamı gözəlcə anlayır: yeri gəldi-gəlmədi “Ölkə müharibə şəraitində yaşayır”, bunu bütün yan-yörəsinə, televiziyalara dedirdən prezident tək bir Dubayda 75 milyon dollarlıq mülk alırsa, ona inanmaq olmaz! Prezident özü yaxın çevrələrilə birlikdə rüşvətin, korrupsiyanın, monopoliyanın başında durursa, ona inanmaq olmaz! Başqa sferalar bir yana, ölkənin təhsil, sağlamlıq, gömrük sistemlərini başdan-ayağa rüşvətə bürümüş adamları nazir postunda saxlayan prezidentə inanmaq olmaz! Bu yandan da Gürcüstan, daha doğrusu, Gürsüstanın Saakaşvili adında prezidenti. Bu adam region üçün canlı epidemiyadır – demokratiya epidemiyası! Jurnalistlər bundan soruşurlar: “Necə oldu Gürcüstan kimi rüşvətə bürünmüş bir ölkədən rüşvəti yığışdıra bildiniz?” Nə desə yaxşıdır: “Özüm rüşvət almıram!”. Ay zalım, bunu barı bir az qarmaqarışıq de, çörə-çöpə sarı de. Elə de: Azərbaycan xalqı gərəyincə anlamasın. Oxuyanlar oxumayanlara deyib, hər yana yayılıb: indi hamı, hər yerdə Azərbaycandakı DƏHŞƏTLI rüşvətdən söz düşəndə Saakaşvilinin o yaramaz sözlərin yada salıb deyir: “Prezident rüşvət almasa, başqaları da almaz!”.
Ərəb ölkələrindəki qarşısıalınmaz devrim prosesləri də içində olmaqla, bu yerdə Ilham Əliyevin iki yolu qalır: 1)Yubanmadan, özündən başlamaqla, rüşvətə biryolluq qadağa qoyub, komandanı dəyişməklə radikal reformalara başlamaq; 2)Istefa verib, tez-tələsik ölkədən çıxıb getmək. O neyləyir? O, gözləyir. Indi ortaya çıxan bir çox faktlardan bəllidir: II Nikolayı gözləmək yıxdı! 300 illik bir dinastiyanın, yarımdünya ölkənin başçısı gözləyə-gözləyə yıxıldı. Özü də necə? – uşaq arabadan (uşaq arabasından) yıxılan kimi… lapdan yıxıldı.
Ortada çağı keçmiş ideyalara bürünmüş çürük bir partiya var – YAP. Bu partiyanın yetkililəri dünyada gedən proseslərə baxıb yeni ideyalarla yararlanmaq yerinə, əski yaraqlarla yaraqlanıb, hay-küylə prezidentin arxasında böyük bir güc yaratdıqlarını göstərməyə çalışırlar. Çox ola bilsin, Liviyanın keçmiş başçısı Qəzzafi kimi onların da haralardasa bunker tikmək, gərəkirkən bu bunkerdən xalqla savaş aparmaq planları da var. Bütün bunlara görə Ilham Əliyevlə bağlı belə bir sorağın yayılacağı qaçılmazdır: YAPdan yıxıldı!!!