Çətin suallardan qorxan ölkə


Görün hansı iyrənc dövrə gəlmişik ki, bizim şanlı Vətəndə imtahan suallarının çətin olması müzakirə edilir. Təhsil Nazirliyi yaylıq götürüb ağlayır ki, imtahanda verilən suallar çətindir.  Bəzi deputatxana üzvləri ortaya düşüb oyundan çıxır ki, bəs imtahanda suallar çətin olduğu üçün şagirdlər əziyyət çəkir. 3 alanların idarə etdiyi ölkə məhz bu günə gəlməli idi. Mən məəttəl qalmışam bu ağıllı adamlara. Görəsən onlar kimi axmaq sayır? Məgər bu ölkədə şagirdlər ancaq asan suallara cavab verməlidir?

Bəs görəsən çətin sual nədir? Bu nə anlayışdır? Sual proqramdan kənar ola bilər, bu ayrı məsələ. Sual doğru tərtib edilməyə bilər. Bu da ayrı məsələ. Belələri varsa, tapıb ortaya qoyun, hamı da yerində otursun. Amma sual proqrama aiddirsə, doğru və aydın tərtib edilibsə,  çətin olsa belə, şagird ona cavab verməyi bacarmalıdır. Bacarmırsa, sadəcə biliksizdir.

Zatən suallar yanlış olsa, valideynlər, müəllimlər, şagirdlər bunu hər imtahandan sonra TQDK-nın üzünə çırpar, haray çəkərdilər. Əgər suallar proqramdan kənar olsaydı, kimlərsə 600-700 bal toplaya bilməzdi. Həmin suallar onlara da aydın olmazdı!

Bir ölkə asan suallarla hara gedə bilər? Hansı inkişafa nail ola bilər? Mən hər il imtahan suallarını izləyirəm. Hər dəfə də TQDK-nı ittiham edirəm ki, suallar asandır. Bəli, asandır suallar. Zatən bunu əvvəlki illərdə yazmışam. Həm də ona görə yazırdım ki, bəziləri bunu bəhanə edib, test üsulunun ləğv ediləcəyini ortaya ata bilər. Onu da yada salım ki, sovet qəbullarından varlanan köhnə müəllimlər test üsuluna ilk illərdən yalnız onu irad tuturdu ki, test asan yoldur və qabiliyyətsiz şagirdlərə də tələbə adı qazandırır.

Bilmirəm, bu ölkəni idarə  edənlər anlamır ki, asan suallar çətin sualları mənimsəmək üçündür?! Bir sözlə asan suallar biliklərə gedən yoldur. Təsəvvür edin ki, Misir Mərdanovun və onun müdafiəsinə qalxan adamların tələbi imtahana toplama və vurmaya aid də suallar salınır. Məsələn, 5 dəfə 2 neçə eləyir? Cavab, ABCD.  Bunumu istəyirsiniz? Yoxsa istəyirsiniz bu ölkədə şagirdlər kvadrat tənliyi həll edə bilmədən riyaziyyatdan, azimutu təyin edə bilmədən coğrafiyadan yüksək bal toplayıb Fəzail Ağamalını sevindirsin? Bəlkə əsgərləri də asan təlimlə hazırlayaq?

Rövşən Ağayev yaxşı deyib: “Əgər doğrudan da test sualları çətindirsə, onda bizim şagirdlər gedib beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərsinlər. Və Misir Mərdanov desin ki, TQDK hətta beynəlxalq olimpiadaların suallarından da çətin suallar salır. 11 il ərzində orta məktəblərdə beynəlxalq fənn olimpiadasında 105-108 medal qazanılıb. Onun 100-ə qədərini Türkiyə liseyinin şagirdləri qazanıb.”

Lakin siz bir xalqın da rəyinə baxın. Xalq testdən şikayətçi deyil. Xalq orta təhsildən və uzağı  məktəblərdə qanmaz və kitabdan uzaq varlığa çevrilən öz uşaqlarından narazıdır. Mən bilirəm ki, TQDK da işini daha yaxşı qura bilər. Orda da əyriliklər ola bilər. Amma adamın insafı var, TQDK Əliyevlər hakimiyyətinin dövrünün ən yaxşı qurumu sayıla bilər. Biz uşaq deyilik, test Elçibəyin adı ilə bağlı olmasaydı, bu hakimiyyət TQDK-ın işini çox yüksək şəkildə təbliğ edər, Məleykə Abbaszadə ilə gözümüzü yorardı.

Bu faktdır, xalqın balaları tələbə biletini pul vermədən alır. Biz hansısa idarədən adi arayışı pulsuz ala bilmirik. TQDK-da bütün münasibətlər elektronlaşıb, kimsə kiməsə  arayışa görə 5 manat vermir. Qəbulda bəlli gizlinliklər ola bilər, amma bu gözə görünmür, xalqın ürəyini bulandırmır və əyriliklər isə yəqin o qədər azdır ki, indiki Azərbaycan reallığında buna da şükür etməliyik. Çünki o biri nazirliklər TQDK-nın yanında dilənçi yuvasına oxşayır. Əgər Əliyevlər bu qurumu da Misir Mərdanov kimisinə verib bazara çevirmək istəyirsə, daha sözümüz yoxdur.Bilin ki, bu quruma görə xalq Elçibəyə rəhmət oxuyur! Ruhu şad olsun!

Təklifim: TQDK Türkiyə, Fransa, Almaniya kimi ölkələrdən birinin idarəçiliyinə verilsin. Bu hakimiyyət belə bir qurumu idarə etməli deyil. Gec-tez onu da açıq bazara çevirəcəklər.