Dünənki yazımda AYB sədri Anarın 50 min manatlıq Heydər Əliyev mükafatı alması üzərinə beş-altı cümlə yazmışdım. Bu mükafat Anara ədəbiyyatın inkişafında xidmətlərinə görə verilibmiş. Təbii ki, geriləməyə görə mükafat olmur. Olsaydı, arxayın olun ki, onu da elə Anar müəllimə verərdilər. Çünki mükafat heç də inkişafa görə verilmir, sadəcə, mükafat verilir və sadəcə nəzərdə tutulan birinə və sadəcə sənədləşdirmədə belə yazırlar: “Ədəbiyyatın inkişafında xidmətlərinə görə”. Özü də xidmətinə görə yox, xidmətlərinə görə. Ayrı nə yazasıdılar ki – gerçəyi hətta onlar özləri də yaza bilmir.
Nə isə, sözüm onda deyil – para özlərinin, Heydər Əliyev özlərinin, Anar özlərinin. Bircə ədəbiyyat onların deyil və ədəbiyyatın inkişafı da onlarlıq deyil. Avtoritar hakimiyyət, totalitar düşüncəli şəxslər heç vaxt ədəbiyyatın inkişafına təkan verə bilməz. Bir yandan yazıçının cəmiyyətdə, hakimiyyətdə baş verən iyrəncliklərə göz yummasını istə, tələb elə, o biri yandan da ondan ədəbiyyat istə. Hətta yaxşı padşahın nağılında da belə cəfəng məntiq ola bilməz. Istəyənin istəməyini bir yana qoyaq, ədəbiyyatın nə olduğunu bilmirlər, yanıla bilərlər, ama yazı adamı, romanlar müəllifi, Yaxşı padşahın nağılçısı senzura deyilən bir şeyin ləğvindən təəssüf hissi keçirirsə, məsələ aydındı – 3 manat pul, bir kəllə qənd – vəssalam, şüdtəmam.
Dünən o mükafatla bağlı yazanda səmimi deyirəm ki, bir yazar olaraq yaza bilmirdim. Dirənmişdim. Yazıçı hər gün köşə yazacaq adam deyil. Əlbəttə, yazıçı günlərlə ac qala bilər, gücü çatsa susuz da bir az dözər, məşəqqət çəkər, qara sevdaya düşər – adam yerinə qoymaz, yeddi köydən qovarlar, dərisini soyarlar, evsiz-eşiksiz olar, ailəsi onu tərk eləyib gedər və daha nələr-nələr. Ancaq bunlar çəkilən şeylərdi, ən irəli getmiş cəmiyyətlərdə də baş verməsi mümkün. Zatən yazıçının özü də başdan xarabdı, bir də gördün, özü ac qalmaqdan, qara sevdaya düşməkdən, ailəsini dağıtmaqdan həzz aldı. Lakin sən yaratdığın cəmiyyətdə praqmatik düşüncəli, zəhmətkeş, bəlkə də çox təəssüf ki, dəliliyi olmayan yazıçı günün on beş saatını ədəbiyyatdan başqa bir işlə məşğul olmağa məhkum edilibsə, onda hansı inkişafdan, hətta inkişaf da gərək deyil, yavan ədəbiyyatdan danışmaq olar?
Ruhunu şeytana satıb yazmaq, bəzən tüfeylilik üçün əlinə imkan sala bilirsənsə, səndən yazıçı olmayacaq. Ədəbiyyat ruhdu. Iç dünyasıdı. Için dışarı reaksiyasıdı. Vicdansızlıqdan bəhs edərsə belə, yenə vicdandı. Bunları satan adam heç vaxt yazıçı ola bilməz. Demək, onun ədəbiyyatına bir quş. Əks halda, yəni özünü satmadan yazıçı olmaq… Bu da bir xülya.
Deməli, bu gün Azərbaycanda heç bir halda ədəbiyyatda inkişaf gözləməyə bizim zərrəcə haqqımız, hüququmuz və əsasımız yoxdu! Bizə – Azərbaycan yazıçısına yaradılmış şərait bundan ibarətdi – ya ruhunu mənə satıb öl, ya da satma, öl. Bu iki seçimin ikisi də idbardı, əclafdı, alçaqdı, insanlığa sığmır – sığsa-sığsa elə ədəbiyyata sığar, onu da biz yarada bilməyəcəyik, haçan bu viranə qoyulmuş məmləkətdə bu iki seçimdən başqa seçim olarsa, onda yaşayanlar yazacaq.
Və bir şeyə də göz ataq. Inkişafdan danışırlar. Ədəbiyyatın inkişafından danışırlar – yazıçı-şairin inkişafından söhbət getmir, pambıqçılıq – pambıqçı yoxdu, taxılçılıq – taxılçı yada düşmür, arıçılıq – arının, neftçilik – nefçinin, atçılıq – atın, eşşəkçilik – eşşəyin inkişafını yada salan yoxdu. Insan yoxdu, qardaşım, bu siyasətdə insan yoxdu. Bunu isə Zaman unudar, Tarix yox. Biz tarixin tərəfindəyik!