Bəşər Əsəd geri çəkilir

ABŞ Suriya prezidentini İrana güvənməməyə çağırdı

 

Suriyada Bəşər Əsədin istefası tələbiylə ölkəni bürümüş etiraz aksiyaları dünən də davam edib. Hakimiyyət əleyhdarları cümə namazından sonra küçələrə axışaraq siyasi və sosial azadlıqlar tələbiylə etiraz aksiyası keçiriblər. Hama şəhərinin mərkəzində minlərlər suriyalı müxtəlif bölgələrdən gələrək Bəşər Əsəd rejiminə qarşı aksiyaya qatılıblar.

 

Hökumət qüvvələri etirazların qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Paytaxt Dəməşqin Bərzah və Sakba bölgələri mühasirəyə alınsa da müxalifət tərəfdarları etiraz aksiyasi keçirə biliblər. Aksiyada Bəşər Əsədin dərhal istefa verməsi tələb olunub. Suriyanın şərqində isə kürdlərin əksəriyyət təşkil etdiyi bölgələrdə minlərlə vətəndaş küçələrə axışaraq “Azadlıq”, “Yetər, get” şüarlarıyla aksiya keçiriblər.

Bəşər Əsəd isə etiraz aksiyalarına qarşı sərt müdaxilənin ölkədəki gərginliyi artırdığını nəzərə alaraq mitinqlərdə hökumət qüvvələrinin odlu silahdan atəş açmaması haqda göstəriş verib. Muxalif yazarın Luay Hüseyin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaydığı məlumata görə, Bəşər Əsəd müşaviri Butayna Şaban ilə telefon danışığı zamanı hakimiyyətə qarşı aksiyalar zamanı mitinqçilərə odlu silahdan atəş açılmaması haqda sərəncam imzaladığını söyləyib. Əsədin tapşırığına əməl etməyənlərin isə cəzalandırılacağını vurğulayıb. Bununla yanaşı bir neçə gün öncə etirazları yatırmaq üçün Banyas şəhərinə yeridilən tank və əlavə hərbi birləşmələrin bölgədən çıxarılmasına başlanıb.

Bu arada ABŞ-ın dövlət katibi Hillari Klinton Əsəd rejiminin etirazlara sərt müdaxiləni qınayaraq hökumətinin etirazçılara etdiyi sərt müdaxiləni qınayaraq, dolayı yolla Suriya prezidentini istefaya çağırıb:“Suriyada bu gün baş verənlər artıq ölkənin keçmişdəki kimi olmayacağını göstərir. Tanklar, güllələr və polislər Suriyanın siyasi və iqtisadi problemlərini həll etməyəcək”.

ABŞ rəsmisi Bəşər Əsədi İran hakimiyyəti ilə işbirliyində ittiham edərək, molla rejiminə deyil xalqa güvənməyə çağırıb:“İrana ən yaxın dostunuz olaraq güvənmək və yalnız Tehranı strateji müttəfiq kimi qəbul etmək gələcək üçün etibarlı deyil. Suriyanın gələcəyi yalnız hökumətin xalqın iradəsini əks etdirməsi və vətəndaşların rifahının qorumasından asılıdır”.

İranın ali dini lideri Əli Xameneyi isə Bəşər Əsəd rejiminə etiraz edənləri “Allahın düşməni” adlandırıb. O, İran İnqilab Mühafizləri Korpusu (“SEPAH”) və Livandakı “Hizbullah” terror təşkilatını Suriyadakı proseslərə müdaxilə etməyə və qiyamçılara qarşı mübarizəyə səsləyib.

Xamaneyinin sözlərinin fətva kimi qəbul olunduğunu söyləyən İraqdakı “Sədr” hərakatindakı mənbə “Əl Ərəbiyyə” televiziyasına verdiyi açıqlamasında dini liderin Tehranda təşkil etdiyi yığıncaqda bütün əməli və hərbi qüvvələrin Suriyadakı qiyamı dayandırmaq üçün istifadə edilməsi və Allahın düşmənlərinin yox edilməsini istədiyini bildirib.

İnformasiya şöbəsi