O, ön cəbhədə də, arxa cəbhədə də qəhrəman olaraq qaldı…
O, ömrünün sonuna kimi həqiqətin, haqqın yanında dayanmağı özünə insanlıq borcu bildi. Yazdığı əsərlərdən başqa, bir ləyaqətli şəxsiyyət olaraq tanındı insanlar arasında. Onu tanıyan hər kəsin söhbətində də yazıçının insani keyfiyyətləri əsas xətt olaraq keçir. H.Abbaszadə ölkədə baş verən taleyüklü məsələlərdə hər zaman vətəndaş mövqeyi ilə seçilən bir şəxs idi. Azərbaycanı azad, güclü, inkişaf etmiş dünyanın bir parçası olaraq görmək istəyirdi. Onun üçün vətən anlayışı bütün dəyərlərin fövqündə dururdu…
Biz Hüseyn Abbaszadəni “General”, “Ləpədöyəndə”, “Onu tanımadılar”, “Qapını döyürlər”, “Burulğanlar”, “Qayıdanlardan biri” kimi əsərləri ilə tanımışdıq – dövrünün maraqlı yazarlarından biri kimi.
Yazıçı haqqında ən dolğun bilgini isə Iradə Abbaszadənin xatirələrindən almaq maraqlı olar:
“Tez-tez deyirəm ki, atamın müharibə haqqında yazdığı əsərlərini daha çox sevirəm. O, 1941-ci ildə, 17 yaşında müharibəyə gedir. 45-ci ildə düz 9 may günü yaralı vəziyyətdə qatarda Şimali Qafqaza gətirilir. Bu zaman qələbə xəbərini eşidirlər. Müharibə haqda yazanda atam başqalarından fərqli olaraq, təkcə eşitdiyini deyil, həm də gördüyünü yazırdı. O, müharibənin odunun-alovunun içindən keçmişdi. Gözünün qabağında minlərlə insan can vermişdi. Bütün bunları yaşamışdı. Ona görə də, müharibədən yazdığı əsərləri çox təbii idi. Çünki bütün bunları, müharibə dəhşətlərini o, lap gənc yaşlarında, hisslərinin hələ kövrək zamanında yaşamışdı. ”General”ın və başqa neçə-neçə belə əsərlərinin oxucunun qəlbinə yol tapmasının səbəbi buradadır. Atamın müharibəyə aid əsərlərini həmişə göz yaşı ilə oxuyurdum. Bu əsərlərdə qəhrəmanının bütün iztirablarında atamı görürdüm. Bilirdim ki, bütün bu məşəqqətləri o yaşayıb…Atamın bir xüsusiyyəti haqqında da danışmaq istəyirəm. O, tanıdığı məşhur adamlar haqqında xatirələrini yazardı. Məsələn, şair Süleyman Rüstəm, bəstəkar Səid Rüstəmov, aktyor Ağadadaş Qurbanov və başqaları haqqında yazdığı xatirələrdə o, heç nəyi şişirtməzdi, nə də bəziləri kimi qəhrəmanını kənara qoyub, özünü tərifləməzdi. Kimin haqqında yazmağından asılı olmayaraq, o, şəxsin əsl simasını, kimliyini ortaya qoyardı.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da çoxlarına bəlli olmayan tərəflərini maraqla qələmə almışdı atam. Deməli, Ü.Hacıbəyovun “Koroğlu” operası səhnədə göstəriləndə atamın 14-15 yaşı varmış. Məhəllənin uşaqları operadan kiçik bir hissəni səhnələşdirib, oxuyurlarmış. Ü.Hacıbəyov yoldan keçəndə bunu görür və yaxınlaşıb onlardan soruşur ki, “Koroğlu” əsərinə baxıblarmı? Uşaqlar baxmadıqlarını deyirlər. O, cibindən bilet çıxarıb, uşaqlara paylayır və onları operaya baxmağa dəvət edir. Xatirələrini yazmağa başlayanda atam birinci olaraq Ü.Hacıbəyovdan başladı…”.
H.Abbaszadə 1941- 1945-ci illərdə Zaqafqaziya cəbhəsində kursant, Şimali Qafqaz cəbhəsində radist-kəşfiyyatçı, Leninqrad, I-IV Ukrayna cəbhələrində topçu zabiti kimi döyüşlərdə iştirak etmiş, müharibədə ağır yaralanmış, müalicədən sonra tərxis olunub Bakıya qayıtmışdır.
Qələmə aldığı həyat gerçəkləri
Yazıçı üçün mühüm bir məziyyət də qələmə aldığı hadisələri haçansa yaşaması, təsvir etdiyi insanları görməsi, duyması, onların müasirinə çevrilməsidir. Əlbəttə, burada söhbət müharibə mövzusundan gedir. Ola bilər ki, həmin mövzu digər müharibə iştirakçısı olan bir yazıçının qələmində əsl bədii sənət nümunəsinə çevrilməsin, sadəcə olaraq illüstrativ bir material, yaxud bədii ümumiləşdirmədən keçməyən bir yazı təsiri bağışlasın. Mövzunun aktuallığı pərdəsi altında belə əsərlər öz müəlliflərinə heç vaxt başucalığı gətirməyib. H.Abbaszadənin nəsri isə professionalıqla qələmə alınıb, professional yazıçının hər hansı bir mövzuya müraciəti isə uğurlu alınır və biz bunu Hüseyn müəllimin irili-xırdalı bütün əsərlərində görmüşük.
H.Abbaszadənin bir silsilə povest və hekayələri, eləcə də “General” romanı (Sovet Ittifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilən ilk nəsr əsər) göstərir ki, o, müharibənin sadəcə iştirakçısına çevrilməmiş, sözün həqiqi mənasında o illərin qanlı hadisələrinin, orada gördüyü insanların psixologiyasının fəal bir seyrçisi olmuşdur. Əgər bu müşahidələr olmasaydı, yazıçının əsərlərində görünən belə reallıq, bədii inandırıcılıq və bədii ümumiləşdirmə nəzərə çarpmazdı. H.Abbaszadənin bu mövzuda yazdığı əsər təkcə “General” romanı ilə məhdudlaşmadı. O, müharibədən sonrakı dövrdə, ancaq bilavasitə müharibə ilə bağlı hadisə və əhvalatları da bir çox povestlərinin mövzusuna çevirdi. Müəllif ayrı-ayrı dillərdə danışan, amma qəlbən bir-birini başa düşən insanları qarşılaşdırır, onların bu bəşəri fəlakətə – müharibəyə ümumi nifrətini ön plana çəkir. Xalqların mənəviyyat, ruh və mədəniyyət doğmalığını da nəzərə çarpdırır. “Bayatı Isfahan” muğam şöbəsi ilə Baxın musiqisi arasında oxşarlıq bu baxımdan mənalı detaldır.
Vətənpərvərlik mövzusu H.Abbaszadənin yaradıcılığında aparıcı mövzu olub. H.Abbaszadə vətən sevgisini obrazların həyatında, mənəvi dünyasında axtarıb və həyatda belə qəhrəmanları axtarmaqla ədəbiyyatın qəhrəman tipini zənginləşdirib…
Kimlər gəldi, kimlər keçdi bu dünyadan…
“Dünyadan gör necə insanlar gedib” xatirələr kitabındakı publisistik oçerklərdə böyük bir ehtiramla Azərbaycanın görkəmli sənətkarları Səməd Vurğundan, Süleyman Rüstəmdən, Sidqi Ruhulladan, Ağabacı Rzayevadan, Mikayıl Abdullayevdən, Kazım Ziyadan, Qara Qarayevdən, Süleyman Rəhimovdan, Əliağa Kürçaylıdan, Mirmehdi Seyidzadədən, Səid Rüstəmovdan, Əli Kərimdən, Adil Isgəndərovdan, Əli Vəliyevdən, Rəsul Rzadan, Ənvər Məmmədxanlıdan, Ilyas Əfəndiyevdən, Imran Qasımovdan və başqalarından söz açır, onların xarakterindəki ən ümdə, ən səciyyəvi məqamlar üzərində dayanır:
“…Xatirələrimdə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərindən bəzilərinin portretlərinin ayrı-ayrı cizgilərini, həm də yalnız mənə məlum olan cizgilərini təsvir etmişəm. Bunun üçün sənətkarlarımızın arxivimdə olan əlyazmalarından, mənə yazdıqları məktublarından, köhnə fotoşəkillərdən istifadə eləmişəm, ötən illərin qəzet-jurnallarını dönə-dönə vərəqləmişəm… Ədəbi fəaliyyətimin müxtəlif illərində yaradıcılıq əlaqəsində olduğum, dostluq elədiyim, görüşdüyüm sənətkarların portretlərini tam şəkildə yaratmağı qarşıma məqsəd qoymamışam. Haqqında yazılan sənətkarların hamısı eyni səviyyədə deyil. Onların arasında ədəbiyyatımızın, incəsənətimizin şöhrətini dünyaya yayan, bədii fikrimizi yeni-yeni zirvələrə qaldıran böyük sənətkarlar və sənət aləmində öz imkanları daxilində namusla yazıb-yaradan yazıçılar, rəssamlar, musiqiçilər, artistlər də vardır. Lakin onların hamısını bir cəhət yaxınlaşdırır. Doğma xalqımıza tükənməz ilhamla xidmət eləmək! Buna görə də onların xatirəsi mənim üçün əzizdir”…
H.Abbaszadənin yazıçı kimi də, ictimai xadim kimi də bütün keyfiyyətləri tam mənasıyla əsas verir ki, “doğma xalqımıza tükənməz ilhamla xidmət” nümunəsini onun özünə də aid edəsən. Bütün anlamlarda H.Abbaszadənin özü də həmin parlaq xatirələrin ünvanlarından biridir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir