Hakimiyyət elitasında buna münasibət hələ birmənalı deyil
8 ildir ictimai fəaliyyətdən çəkilmiş cəmiyyətin birdən-birə fəallaşması suallar doğurur
2009-cu ildə Sevil Əliyeva siyasi fəaliyyətə qayıdacağı ilə bağlı suallara birmənalı cavab vermişdi. “Interfaks” agentliyinə müsahibə verən Sevil xanım bildirmişdi ki, o, siyasi fəaliyyətlə məşğul olmaq niyyətində deyil.
Bundan bir neçə il əvvəl isə, daha doğrusu, 2003-cü ildən o, ümumiyyətlə ictimai fəaliyyətdən getmişdi. Atası, sabiq prezident Heydər Əliyevin vəfatından sonra Azərbaycana aşkar hiss olunan küskün münasibət göstərən Sevil Əliyeva 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun həbsi ərəfəsində rəsmi qəzetlərə müsahibə verərək Əli Insanovun Əliyevlər ailəsi qarşısında xüsusi xidmətləri olduğunu vurğulamışdı. Bu iki faktı nəzərə alsaq, Sevil Əliyeva Azərbaycanın ictimai-siyasi mühitində görünməməyə qərarlı idi. Hətta 2003-cü ilədək onun rəhbərliyi ilə intensiv fəaliyyət göstərən “Sevil” Qadınlar Cəmiyyəti də fəaliyyətini birmənalı olaraq durdurmuşdu.
Doğrudur, bir müddət əvvəl “Azadlıq”a belə bir məlumat daxil olmuşdu ki, Sevil Əliyeva bu yaxınlarda Azərbaycana gəlmək niyyətindədir. Amma bu xəbəri onun özü ilə dəqiqləşdirə bilməmişdik. Bugünlərdə baş verən bir olay həmin xəbərin doğru olduğu qənaətini yaradır. Belə ki, uzun illər ərzində heç bir fəaliyyət göstərməyən və ictimai rəydə tamamilə unudulmuş “Sevil” Qadınlar Cəmiyyəti mayın 10-da bir tədbir keçirib. Bu cəmiyyətin Şirvan şəhəri üzrə şöbəsinin rəhbərliyi Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsinə gedərək, orada Milli Qəhrəman Mübariz Ibrahimovun xatirəsinə həsr edilmiş “Şərəf və Qəhrəmanlıq Gecəsi” adlı layihəni əsgər və zabitlərə təqdim edib. Cəmiyyətin sədri Əzizə Məmmədova hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edib.
Etiraf edək ki, bu, son 8 ildə heç bir ictimai fəaliyyəti hiss olunmayan cəmiyyətin birdən-birə fəallaşmaq istəyilə izah edilə bilər. “Azadlıq”da olan xəbərdə bildirilir ki, Heydər Əliyevin ildönümü ərəfəsində olsa belə, bu tədbirin Hacıqabulda baş tutması da müəyyən versiyalar üçün yer qoyur.
“Görünür, Cəmiyyətin fəaliyyətini fəallaşdırmaq istəyənlər onun necə qarşılanacağını proqnozlaşdıra bilməyiblər. Əgər Hacıqabulda keçirilən tədbir hakim ailə tərəfindən sakit qarşılansa, bu qəbildən olan növbəti tədbirlər keçirilə bilər”, – deyə mənbə bildirir.
İnformasiya şöbəsi