Rəsul (Quliyev) Bayramın kitabının “reklam fasiləsində”

Xeyli vaxtdır saytlarda, qəzetlərdə Rəsul (Quliyev) Bayramın “Axına QARŞI” romanı hər cür dəm-dəsgahı – şamı, güzgüsü, halvası… ilə reklam olunur. Hər dəfə “Yeni Müsavat” qəzetinin saytını açanda dua edirəm ki, Allahım, nə olar o kitab reklamını bir daha görməyim. Saytda Murad Köhnəqalanı axtarıb tapana qədər Rəsul Bayramla rastlaşmayım, romana bərabər köşələri rahatlıqla oxuya bilim. Amma Rəsul Bayramın pencəkli-pencəksiz, eynəkli-eynəksiz şəkilləri “oxucu, mənə bax, mənə bax…” virtual çağırışları bu arzumu ulduzlar qədər əlçatmaz edib. Sanki saytın girişində kimsə qəfildən oxucunun gözünə güzgü tutur, başına qaynar su tökür. Maraqlıdır, Rəsul Quliyev BAYRAM olmaqla ən çox kimə fora verir: bayramlar içində vurnuxan tox hökumətə, yoxsa ən əziz bayramda da qazanı boş olan ac xalqa? Axı az-çox ağlı, ədəbi zövqü olan adam da bilir ki, siyasətçilərin ədəbiyyat aləmində qəfil “parlaması” çox vaxt məqsədli olur. Yəqin ki, Rəsul Quliyev də Vətənə qayıtmaq həvəsi ilə roman yazıb. Şair demişkən, “qayıtmaq istəyirsən, bəhanəsiz qayıt, oyatma mürgülü xatirələri”. Ya da ki, fakta, sənədə əsaslanan, ad-sanına layiq kitab yaz. Necə olur ki, cəmi 6 il Azərbaycanda çalışan, Heydər Əliyevi ayda-ildə bir dəfə görən Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabı məmləkətdə fırtına qoparır, amma mərhum prezidentlə 30-35 il çiyin-çiyinə işləyənlərin kitabları meh də ola bilmir? Və ya dünya şöhrətli “Əli və Nino” romanının müəllifi kimi təvazökar olmaq, ədəbiyyata təmənnasız xidmət etmək çoxmu çətindir? Məşhur əsərin müəllifi indiyədək naməlumdur. Yeri gəlmişkən, müəllifin “yoxluğundan” istifadə edib “Əli və Nino”dan milyonlar qazananlar, əsəri tərcümə edənin də alicənablığından yararlanırlar. Şəxsən mən, dəyərli ziyalı Mirzə Xəzərin “Əli və Nino” tarixçəsi”ni oxuyandan sonra kitabı kimin tərcümə etdiyini bilmişəm. Ona qədər isə elə bilirdim, kitab ana dilimizdə yazılıb.

Əliyev hakimiyyəti haqqında Vikiliks-dən də zəngin məlumatları olan Rəsul Quliyevin “Axına QARŞI” kitabı millətin nəyinə lazımdır? Elə əsərlərdən Çingiz Abdullayev ayda birini yazar. Rəsul Quliyevin romanını reklam edən qəzeti başa düşmək olar: maliyyə çətinlikləri üzündən vaxtilə “Molla Nəsrəddin” jurnalı da qaloş, qrammofon elanları verməli olub. Bu haqda dəyərli ziyalı, vəfalı ömür-gün yoldaşı olan Həmidə xanım Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” kitabında oxumuşam: “Mirzə Cəlilə təklif etdilər ki, qrammofon, qaloş və sair malların satışı haqqında elanlar buraxsın. Belə şeylər Mirzə Cəlilin ruhuna zidd olduğu üçün əvvəl razı olmadı, lakin sonra maliyyə nöqteyi-nəzərindən razılıq verməyə məcbur oldu”. Kim bilir, bəlkə, “və sair malların” içində su filtrlərinin, müalicə mərkəzlərinin, ədəbiyyata dəxli olmayan kitabların da elanı olubmuş. “Qanun” nəşriyyatı gündə bir kitab çap edir və onların içində “Axına QARŞI” kitabından dəfələrlə dəyərli olan əsərlər var. Bəs niyə o əsərlər Rəsul Bayramın kitabı kimi reklam olunmur? Axı qanunla, cibindəki son parasını kitabının çapına xərcləyən istedadlı yazarların əsərləri daha çox reklam olunmalıdır, nəinki kitabının gəliri-çıxarı umurunda olmayan Rəsul Bayramın. “Axına QARŞI” kitabına həsr olunan köşənin “reklamnaya pauza”da bir xanımın iki-üç il öncə etdiyi söhbəti xatırladım. Yazar xanım “525-ci qəzet”də Nuridə Atəşin kitablarının tez-tez reklam olunduğunu görüb Rəşad Məcidin yanına gedib. Və redaktora ərz edib: “Necə olur, Nuridə Atəşin kitabını reklam etmək üçün aylarla elanlar verirsiniz, amma mənim kitabım barədə kiçik bir məlumat da qəzetdə getmir? Bəlkə, onun gözləri qara, mənimki göydür?”. Rəşad Məcid şairə xanıma ilginc cavab verib: “Hirslənməyin, xanım. Bir də ki, qaş-gözün reklama nə dəxli var? Əsas odur ki, elan üçün verilən kağızın rəngi yaşıl olsun”. Şərhsiz.