“Amnesti İnternational” Azərbaycanı Çin və İranla bir cərgəyə qoydu
“İndi azadlıq çağırışları Azərbaycandan Zimbabveyə qədər hər yerə yayılıb”
Nüfuzlu beynəlxalq insan haqları təşkilatı “Amnesti İnternational” yaranmasının 50 illiyi ilə bağlı dünyada insan haqlarının durumuna dair xüsusi hesabat hazırlayıb.
Təşkilatın bu gün yaydığı press-relizdə deyilir ki, Yaxın Şərqdə və Şimali Afrikada azadlıq və ədalət tələblərinin getdikcə daha ucadan səslənməsi bütün dünyada insan haqları sahəsində dəyişikliklər üçün misli görünməmiş hadisədir. “Dünya tarixi dəyişikliklərin bir addımlığındadır. “Amnesty İnternational”ın ilk dəfə repressiyaları işıqlandırmağa başlamasından 50 il sonra insan haqları sahəsində inqilabi dəyişikliklər yaşanmaqdadır. İnsanlar artıq qorxmaqdan imtina edirlər. Cəsaur insanlar, xüsusən də gənclər güllələrə, döyülmələrə, gözyaşardıcı qaza və tanklara baxmayaraq səslərini getdikcə daha ucadan çıxarır” deyə təşkilat bildirir.
“Amnesty İnternational” bildirir ki, azadlıq uğrunda mübarizəyə qalxan mərd insanlar rejimlərin qadağalarından yayınmaq üçün müasir texnologiyalardan-internetdən fəal istifadə edirlər. “Bu, repressiv rejimlərə sayılı günlərinin qaldığına dair ciddi siqnaldır” deyə press-relizdə bildirilir. Təşkilat qeyd edir ki, beynəlxalq icimaiyyət bu dəyişiklik şansını əldən buraxmamalı və azadlıq uğrunda mübarizəyə qalxan insanlara dəstək verməlidir. “Beynəlxalq ictimaiyyət mümkün olan hər şeyi etməlidir ki, Azərbaycandan Zimbabveyə, Suriyadan Mərakeşə qədər azadlıq uğrunda mübarizəyə qalxan insanlarda yaranmış ümid sönməsin” deyə təşkilat bildirir. “Amnesty İnternational” qeyd edir ki, indi hökumətlər sosial şəbəkələrdə yaranan hərəkatları nəzarətə almağa çalışır və informasiya mənbələrinə çıxış, şəbəkə texnologiyaları və rabitə vasitələri uğrunda həlledici mübarizə gedir: “Biz Misirdə və Tunisdə gördük ki, hakimiyyətlərin internetə girişi bağlaması və mobil rabitəni kəsməsi iki başı olan dəyənək effekti verdi. Lakin buna baxmayaraq hökumətlər təşəbbüsü ələ almaq və bu texnologiyalardan azadlıq tələb edən fəallara qarşı istifadə etmək həvəsini itirməyib”.
“Amnesty İnternational” qeyd edir ki, etirazlar Yaxın Şərqi və Şimali Afrikanı bürüyüb, insanlar repressiyalara son qoyulmasını və korrupsiyanın qarşısının alınmasını tələb edirlər. Bu etirazlar insanların azadlıqlara olan ehtiyacının qorxu hissini üstələdiyini göstərir. Tunis və Misir inqilablarının uğuru isə bütün dünyanın diqqətini bu regiona cəlb edib: “İndi azadlıq çağırışları Azərbaycandan Zimbabveyə qədər hər yerə yayılıb”. Təşkilat qeyd edir ki, Yəmən, Liviya, Suriya, Bəhreyn və digər ölkələrdə rejimlər azadlıq tələb edən insanları qətlə yetirməyə hazır olduqlarını artıq nümayiş etdiriblər. Diktatorların devrildiyi ölkələrdə də hələ demokratik institutlar formalaşmayıb: “Azərbaycan, Çin və İranda repressiv hakimiyyətlər analoji inqilabların onların ölkəsində baş verməsini əngəlləməyə çalışır”. Hesabatda göstərilir ki, insan haqları dünyanın azı 89 ölkəsində pozulur, onların azı 48-də, o cümlədən Azərbaycanda vicdan məhbusları var.