Ramiz Mehdiyev rəqiblərinə güc göstərdi

PA rəhbəri ona qurulan «yaş senzi» tələsindən qurtuldu

İlham Əliyevin imzası ilə Milli Məclisə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş senzinin tətbiq edilməsi ilə bağlı sənəd daxil olub. Bu barədə məlumat “Qafqazinfo”ya parlamentdən verilib.
Məlumata görə, dövlət başçısının imzası ilə Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanaraq parlamentə göndərilib. Dünən Sosial siyasət komitəsinin iclasında baxılan sənəddə bir sıra sensasiyalı məqamlar var. Sənəddə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan bütün şəxslərə yaş senzinin tətbiq edilməsi nəzərdə tutulur. Yaş senzi isə 65-dir. Bu yaşa çatanlar avtomatik olaraq təqaüdə göndəriləcək Lakin sənəddə iki istisna halı da nəzərdə tutulub. Bunlardan biri 65+5-dir, yəni 65 yaşa çatan şəxslərin əgər həmin işdə fəaliyyətinin davam etdirilməsi zəruri hesab olunarsa, xidmət daha 5 il uzadılır. Amma bu uzadılma hər il bir il olmaqla həyata keçirilir. Ikinci istisna halı daha çox diqqət çəkir. Bu hal isə 70 yaşdan sonra, yəni birinci uzadılma müddəti başa çatandan sonra tətbiq olunur. Lakin bu müstəsna hallarda baş verə bilər. Əgər sözügedən şəxsin əmək fəaliyyətinin davam etdirilməsi vacibdirsə, bu zaman məsələ müzakirə olunacaq və nəzərə alınacaq. Bu sənəd yaxın günlərdə Milli Məclis tərəfindən qəbul olunacaq.
Oxucuların diqqətinə çatdıraq ki, yaş senzinin tətbiq edilməsi ilə bağlı layihə hələ bir neçə ay əvvəl hazırlanaraq parlamentə təqdim edilmişdi. Sənəd, hətta Milli Məclisin müvafiq komitəsində müzakirəyə də çıxarılmışdı. Sonradan bu məsələ gündəmdən çıxarıldı. Səbəb isə təbii ki, hakimiyyətdə xeyli yaşlı məmurların olması idi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, yaş senzinin tətbiq edilməsi ilə bağlı layihə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə və baş nazir Artur Rəsizadəyə qarşı yönəlib. Həmçinin Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan bir sıra yaşlı məmurlar da bu layihənin qurbanlarının sırasında idi.
Əldə etdiyimiz məlumatlara görə, layihə bu dəfə Ramiz Mehdiyevin redaktəsi ilə parlamentə təqdim edilib. Sənəddə “istisna hallar”ın nəzərdə tutulması əslində PA rəhbərinin özünü və ətrafında olan yaşlı məmurları sığortalaması anlamına gəlməlidir. Ona görə də layihənin indi Ramiz Mehdiyev və ətrafı üçün hər hansı təhlükəsi yoxdur.

İnformasiya şöbəsi