new-york-times-logo

“New York Times” Əliyevi ifşa etdi

“Azərbaycan “Nabucco”nun reallaşması üçün konkret mövqe bildirmir”

ABŞ-ın “The New York Times” qəzeti Avropanın Rusiyadan qaz asılılığının azaladılması üçün nəzərdə tutulan “Nabucco” layihəsinin inşasının 2013-cü ilə kimi təxirə salınması haqda qərarın çıxarılmasıyla bağlı məqalə dərc edib.

Məqalədə bildirilir ki, layihənin tikintisinin təxirə salınmasının əsas səbəblərindən biri kəmərdə iştirak edən şirkətlərin daxil olduğu konsorsiumun tədarükçü ölkələrlə razılıq əldə edə bilməməsidir. “Nabucco” layihəsinin reallaşması üçün əsas ölkələrdən biri olan Azərbaycanın tərəddüd etməsi kəmərin gələcək taleyini şübhə altında qoyur.

“Bir neçə aydır ki, Avropa Birliyi və təşkilatın rəhbərliyinə daxil olan şəxslər “Şahdəniz 2” qaz yatağından çıxarılan qazın “Nabucco” vasitəsilə Avropaya çatdırılmasıyla bağlı Azərbaycan hökuməti ilə aparılan danışıqlar nəticəsiz qaldı. Rəsmi Bakı Avropaya qaz tədarükü etməkdə maraqlı görünmür”, – deyə “The New York Times” bildirib.

Onu da əlavə edək ki, “Nabucco”nun reallaşmaması üçün Rusiya bütün siyasi-iqtisadi riçaqlarını işə salıb. “Nabucco”da iştirak edəcək ölkələr mütəmadi olaraq Rusiyanın təzyiqləri ilə üzləşir. Azərbaycan hakimiyyəti də öz növbəsində Qərb dünyası ilə münasibətlərinin kəskin pisləşdiyinə görə Kremlin maraqlarına uyğun mövqe sərgiləyir. ABŞ və Avropa üçün mühüm əhəmiyyət kəsb edən “Nabucco” layihəsinin reallaşmasına Azərbaycan hökumətinin maneəyə çevrilməsi onu söyləməyə əsas verir ki, İlham Əliyev növbəti dəfə Rusiyanın yanında olduğunu bəyan edərək Qərb dünyasına qarşı çıxır.

İnformasiya şöbəsi