ANS yenə yalan yayır
Zərdüşt Əlizadə: «Qromıko olan yerdə hansısa Siyasi Büro üzvünün xarici siyasətə müdaxiləsi mümkün deyildi»
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze “Anspress” saytına müsahibəsində Heydər Əliyevlə Moskvada birgə çalışdığı dövrləri xatırladıb. Siyasi Büroda birgə çalışdıqları müddətə nəzər salan Şevardnadze Heydər Əliyevin ərəb ölkələri və Islam dünyası ilə münasibətləri kurasiya etdiyini deyib. Gürcüstanın keçmiş prezidentinin bu fikirləri diqqəti cəlb etməyə bilməzdi. Çünki 1982-ci ildən Sov.IKP MK-nın Siyasi Büro üzvü olan Əliyev baş nazirin müavini kimi maşınqayırma, yüngül sənaye və nəqliyyat sahəsinə cavabdeh olub. Onun ərəb ölkələri ilə münasibətləri kurasiya etməsi isə heç bir mənbədə göstərilməyib. Eyni zamanda Heydər Əliyevin ərəb ölkələrindəki diktator liderləri, xüsusilə Suriyanın keçmiş prezidenti Hafiz Əsədlə yaxşı münasibətdə olduğu da bəllidir. Əliyevin vəzifələri ilə bağlı ziddiyyətli fikirlər nədən xəbər verir və onun ərəb ölkələri ilə münasibətləri kurasiya etdiyi nə dərəcədə həqiqətə uyğundur? Politoloq Zərdüşt Əlizadə bu fikirlərin yanlış olduğunu deyir. Buna səbəb isə o dövr Siyasi Bürodakı iş bölgüsüdür. Belə ki, xarici siyasətə nəzarət edən Qromıkonun səlahiyyətləri kifayət qədər geniş olub. Heydər Əliyevin onun sahəsinə müdaxilə etməsi isə qeyri-mümkün idi: “Qromıko olan yerdə hansısa digər Siyasi Büro üzvünün xarici siyasətə müdaxiləsi mümkün deyildi. Bu, ona bərəbərdir ki, deyirsən Zərdüşt Əlizadə Əli Kərimli olan yerdə AXCP-nin işinə müdaxilə edir. Bu mümkün deyildi. Hərənin öz istiqaməti var idi. Heydər Əliyev büro üzvlüyünə namizəd də, üzv də olanda Qromıko sağ-salamat dururdu. Qromıko ilə Brejnev olan yerdə Heydər Əliyev xarici siyasətə müdaxilə edə bilməzdi”.
Ekspert DTK generalı olan Heydər Əliyevdən müəyyən məsləhətlərin alına biləcəyini də istisna etmir: “Başqa məsələdir ki, Heydər Əliyev ”KQB” generalı olduğu üçün ola bilsin ondan nəyisə məsləhət ediblər. Bir dəfə nümayəndə heyətinin başında Dəməşqə getmişdi. Onun ərəb ölkələri ilə bağlı işi bununla da bitib”. Fizzə