Hadisələr və epizodlar

Yəqin, dünyanın heç bir ölkəsində gül bayramını dörd gün – dörd gecə qeyd etmirlər. Deyəsən, şənbə günü idi. Axşam bizim tərəflərdə möhkəm, təntənə dolu bir atəşfəşanlıq oldu. Soruşdum, əcəba, bu nədir? Dedilər, bayramdır, bəli, özü də gül bayramı! Neçə illərdir bu bayramı keçirirlər, amma mən hələ bilmirəm ki, bu bayramda nə etmək lazımdır, bu bayram qeyrilərindən nə ilə fərqlənir? Görünür, bu, təbiidir.

Bizim ölkəmizdə rəiyyətin çox bilməsi, nəsə haqda çox öyrənməyə çalışması təqdir olunmur, necə deyərlər, məsləhət deyil! Sadəcə, bir sual mənə rahatlıq vermir. Bəli, gülləri, çiçəkləri dünyada çox sevirlər. Amma mən yenə də yəqinləşdirə bilmirəm ki, bu güllər bizlərin həyatında ətir saçmaqdan savayı daha hansı önəmli rol oynayıblar ki, bizlər onu dörd gün dörd gecə bayram edirik?! Bax, bu, mənim üçün qaranlıqdır və mən bunu başa düşə bilmirəm. Üstəlik, millətimizin bayramlardan hansı zillət çəkdiyini bilirəm, insanlar əziz bayramları, Yeni ili, Novruzu zorla başa vururlar, ondan qala ki, gül bayramı ola! Nə isə. Məntiq axtarışı ilə də adam sonda gəlib lap məntiqsizliyə çıxır! Bu da məntiqin özündən irəli gələn bircə qənaətdir!

Indi nə edək? Məntiq də, gül də sonda bir absurda gətirib çıxarır. Amma iki detal var ki, onları mütləq qeyd etməliyəm. Bəli, səhv etmirəmsə, ingilislər B.Dizraelinin ad gününü qeyd edirlər və hər il də onun ad günündə pəncərəyə hansısa gülü qoyurlar. Bundan hansı nəticə hasil olur? Bizlər nə orijinalıq, nə də cəsarətli – əslində bir ad altında tamam başqa bir baryamı qeyd edirik, amma bunu öz adı ilə adlandırmağa ehtiyat edirik… Deyəcəyim digər detal isə partiyalarla bağlıdır. Səhv etmirəmsə, sosialistlərin emblemi elə qızılgüldür. Nə isə. Dünyada görməli və götürməli çox şey var, amma bir az orijinallıq haqda da düşünmək lazımdır. Həm də ideyaların, təkliflərin bir yaşarlığı olmalıdır, elə olmalıdır ki, bunlar millətin həyatına daxil ola bilsin. Partiya atributları, simvolları və tədbirləri çox da yaşarlı olmur, onların ömrü elə partiyaların ömrü qədər olur. Kommunist partiyası ilə bağlı nə qədər çox bayram və tədbir vardı? Hanı onlar? Yoxdur. Amma onların arasında 1 May da vardı. Məgər pis bayram idi? Bəlkə fəlsəfəsi qüsurlu idi? Düşünmürəm! Onu bilirəm ki, insanlar özləri nəyisə qeyd etməyə başlayanda onda 1 Mayı da yada salacaqlar.

Bəli, yada salınmalı, xatırlanmalı çox şey var. Indilərdə gördüyümüz, eşitdiyimiz, hətta guya ki, qeyd etdiyimiz bir çox şeylər ötəri epizodlardır. Özü də elə epizodlardır ki, bəlkə bunlara tarixdə heç elə bir yer də tapılmaycaq. Tarix hadisələrdir, böyük hadisələr. Onlar üçün zaman da elə bir əhəmiyyət kəsb etmir, bəzən böyük hadisələr kiçik zaman intervalına sığır. Rusiyada Romanovlar üç yüz il hakimiyyətdə olub, amma müvəqqəti hökumət heç bir ildən artıq sürməyib. Amma xatırlanma tezliyinə baxın! Və yaxud da Fransada kralların hakimiyyəti yüz illərlə, inqilabçıların hökuməti isə bir neçə il çəkib. Bəli, elə krallar var ki, indi heç yada düşmürlər. Amma respublikaçılar anılır, xatırlanır…

Deməli, biri var hadisə, biri də var epizod!

Oxumaq, oxumaq, yenə də oxumaq!

Lenin bunu başqa şey haqqında demişdi. Amma bizdə bunu mahnı oxumaq və şənlənmək kimi buyurdular, insanlar da belə qəbul etdi. Indi hər gün, hər yerdə oxuyurlar! Bəlkə də kənardakılar bizim bu halımızdan təəccüblənir və heç nə başa düşmürlər. Mahnılar da mahnı olsa, dərd yarıdır! Nə bir yaddaqalan söz var, nə də melodiya! Amma oxuyurlar, insanlar da vəcdə gələrək əl çalır. Qoy, oxusunlar! Fizikada bir prinsip var. Le Şatlye-Braun prinsipi deyirlər. Məğzi də budur ki, hər bir tendensiya özünə əks tendensiya yaradır və sanki sistem bununla öz müqavimətini, ətalətini nümayiş etdirir. Bir gün gələcək, millət bu mahnılardan, musiqidən bezəcək! Bəlkə də bezərək gəlib lap “Marselyoza” oxuyacaq! Kim bilir? Indi bunlar düşünür ki, mahnı varsa, bir parça çörək varsa, hər şey qaydasındadır. Amma rusların maraqlı sözü var: insan təkcə çörəklə tox olmur! Yerindəcə deyilib…