Dunya xanım Eurovision ölkəsində

ATƏT-in söz və media azadlığı üzrə komissarıÿ Dunya Miyatoviç Bakıya gəlib. O, bu vəzifədə Mikloş Haraşti kimi nüfuzlu və prinsipial bir adamı əvəz edir. Amma özü də bütün dünyada media problemləri və münaqişələri üzrə çox nüfuzlu bir mütəxəssis sayılır. Azərbaycan jurnalistləri onu yaxşı tanımır. Həm də biz uzun illər Avropa diplomatlarından o qədər riyakarlıqlar görmüşük ki, hər yeni avropalı diplomata ilk gündən xeyli inamsız oluruq.

Amma Dunya xanım Bakıya ilk gəlişi ilə bizə böyük ümid verdi və inandırdı ki, azad medianın dəyərli dostu kimi sevgimizi qazanan cənab Haraştinin yerini tuta bilər. Mayın 11-də ATƏT-in Bakıdakı tədbirində prezident aparatının şöbə müdiri Əli Həsənovdan sonra onun söylədiyi nitq doğrudan da hörmətə layiqdir. Əli müəllim yenə də jurnalistlərin məsuliyyətli olmasından danışdı. Elə bil ki, ölkədəki nəhəng korrupsiya sistemini biz qurmuşuq. Guya qanunları biz pozuruq, xalqı biz incidirik, məhkəmələrdə rüşvətlə hökm oxuyan hakimlər bizik. Polisin özbaşınalığı bizə görədir. Seçkini jurnalistlər saxtalaşdırır. Min cür pis əməllər sanki bizim işimizdir.

Ümumiyyətlə, elə vəziyyət yaradıblar ki, hamı bizim  məsuliyyətdən danışır. Hamı bizi qınayır, bizi günahlandırır. Indi də Diffamasiya Qanununu qəbul edirlər, ilahi, minnətin sayı-hesabı yoxdur. Yetən üzümüzə çəkir, yerindən duran başımıza vurur, elə danışırlar ki, guya bizə xüsusi güzəşt, ya da böyük imkanlar verirlər. Sanki villa bağışlayırlar, milyoner edirlər bizi. Minnət minnətin dalıncadır.

Cənablar, bu söz azadlığı ayda 500 dollardan çox qazana bilməyən və hər cür risk altında işləyən jurnalistlər üçündür, yoxsa bütün ölkə üçün? Məgər azadlıq bu ölkənin gələcəyi üçün deyil? Bu ölkənin haqqı deyil? Onsuz da bizim vətəndə media bir sektor kimi yoxdur, onun infrastrukturu məhv edilib. Az sayda müstəqil jurnalist və bir neçə KIV qalıb. Yaxşı, biz də çəkilib getdik, onda bu ölkə rahat və xoşbəxtmi olacaq? Niyə bizə minnət qoyursunuz? Söz azadlığı Konstitusiyada var, fundamental hüquqdur, üstəlik, anlayan bilir ki, təkcə jurnalistlər üçün deyil… Təbii ki, Dunya xanım gözəl çıxış etdi: “Niyə məmurlar məhz jurnalistlərin məsuliyyətindən danışırlar. Biz jurnalistlərə məsuliyyətli olmağı deyiriksə, deməli, özümüz senzuraya çevrilirik”.

Dunya xanım dedi: “Jurnalistlərə dərs keçməməliyik”.

Əslində, Dunya xanım “Jurnalistlərə dərs keçməməliyik” deməklə, “Jurnalistləri döyməyin, oğurlamayın, qorxutmayın, həbs etməyin!” deyirdi!

Dunya xanımın dedikləri gerçək söz azadlığının standartlarına, əsl Avropa standartlarına aid idi. Amma bəlkə özü də bilmirdi ki, o, Avropa standartlarından çox-çox uzaq olan bir ölkəyə gəlib. Bu ölkəni idarə edənlər söz azadlığını jurnalistlərin özbaşınalığı kimi dərk edirlər.  Bura Avropa ölkəsi yox, Eurovision ölkəsidir. Onu idarə edənlər bizim Avropa məkanında olmağımızı Eurovision mahnı yarışmasına qatılmağımızda görür. Hər il bu yarışmaya bütün medianın illik reklam büdcəsindən çox pul xərcləyirlər. Eurovision müğənnisi yarışdan dönəndə onu prezident qəbul edir.

Avropa Məhkəməsinin dərhal azadlığa buraxılması barədə qərarından 1 il keçsə də, jurnalist Eynulla Fətullayev hələ də həbsdədir. Bütün Avropa onun azadlığa çıxması üçün çağırışlar edib, amma nəticə yoxdur. Bəlkə onun azadlığa çıxması üçün Eurovision mahnı yarışmasının Münsiflər Komissiyası qərar çıxarsın?